AZ EN RU

Asip Kaya: "Türkiyə və Azərbaycan həmişə çətin anlarda bir-birlərinin yanında oldular"

"Azərbaycan da bu xain çevriliş cəhdinin ilk anlarından etibarən Türkiyə ilə böyük bir birlik və dayanışma içində oldu. Cənab İlham Əliyev həmin anda dəstəyini ifadə etdi. Bu gün də bu mövzuda güclü bir işbirliyimiz var. Sadəcə, FETÖ terror təşkilatına qarşı deyil, digər terror təşkilatlarına qarşı da".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bu gün keçirilən 15 iyul – Demokratiya və Milli Birlik Gününün 8-ci ildönümü ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı Türkiyə dövlətinə qarşı çevrilişə cəhd etdi: "Ancaq ölkə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın çağrısı ilə türk xalqı küçələrə çıxdı və qurumlarımızın da dəstəyi ilə bu xain çevriliş cəhdinin qarşısı alındı. Bu türk xalqının tarixi üçün dönüş nöqtəsi idi. İlk dəfə türk xalqı bir çevrilişə qarşı bu qədər dirəndi və çevriliş cəhdi alınmadı. Sonra Türkiyə höküməti FETÖ-çulara qarşı mübarizəyə başladı və mübarizəmiz hələ də davam edir. 700 mindən çox şübhəli haqqında işlər görüldü, 100 minə yaxın istintaq aparıldı, 125 mindən çox şəxs haqqında həbs qərarı verildi. FETÖ, sadəcə, Türkiyə üçün deyil, mövcud olduğu ölkələrdə də təhdid təşkil edir, çox təhlükəli terror və cəsusluq şəbəkəsidir. Təəssüf ki, hələ də bəzi ölkələrdə fəaliyyətlərini davam etdirirlər. Amma dövlətimiz dost və qardaş ölkələrin dəstəyi ilə bu mübarizəsini xaricdə də davam etdirir. Bir sıra ölkələrdə onların terror təşkilatı kimi qəbul edilməsini təşkil etdik. Qlobal mənada önəmli ölçüdə güc itirdilər, amma biz mütləq mübarizəmizi davam etdirəcəyik".
Asip Kaya bir daha Azərbaycan xalqına təşəkkür edərək bildirib ki, Türkiyə və Azərbaycan həmişə çətin anlarda bir-birlərinin yanlarında oldular. 15 iyul gecəsi də buna gözəl bir örnək oldu. İnşallah, birlik və bərabərliyimiz belə də davam edəcək.

Nəşr edilib : 15.07.2024 13:58