AZ EN RU

Arılara yaz qulluğu məhsul bolluğunun əsas şərtlərindən biridir

Kənd təsərrüfatının iqtisadi cəhətdən gəlirli və perspektivli sahələrindən biri olan arıçılıq qidalanma baxımından qiymətli məhsulların istehsalına, təbii tarazlığa töhfə verir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da arıçılıqla məşğul olan ailə təsərrüfatçıları kifayət qədərdir. Arıçılığın inkişafına göstərilən xüsusi diqqət, bu sahə üçün  subsidiyaların, dərman vasitələrinin pulsuz verilməsi arıçıları daha da həvəsləndirib.  
Ailə təsərrüfatçısı İmran Məmmədov 40 ildən çoxdur ki, arıçılıqla məşğuldur. 120 arı ailəsinə qulluq edən müsahibim arılara yaz qulluğunun onların sürətli inkişafında mühüm rol oynadığını dedi: - Elə ki, yaz gəldi vaxtımın çox hissəsi arıxanada keçir. Arı ailəsinin gücünü, ana arının varlığını, çərçivələrin sayını, yem ehtiyatını yoxlayır, arı yeşiklərini təmizləyirəm. Hər hansı pətəkdə ana arı itkisi varsa, həmin arı ailəsini güc baxımından arıxanadakı ən zəif, lakin analı arı ailəsi ilə birləşdirirəm. Yem ehtiyatı baxımından zəif ailələrə isə ballı çərçivə və ya şəkər tozundan hazırlanmış şərbətlə köməklik göstəririk. 
Arı ailəsinin sürətli inkişafı həm də onun xəstəliklərə qarşı düzgün müalicəsindən asılıdır - deyir müsahibim. Qışlamanı yaxşı keçirən ailə yaz uçuşunu yaxşı, yemi zəif olan, xəstəliyə tutulmuş ailələr isə pis keçirirlər. Belə ailələr birinci növbədə müayinə edilir. Yaz fəslində havaların dəyişkən olmasını nəzərə alaraq ailələri keyfiyyətli istiləşdiricilərlə təmin edirik. Pətəyin içərisini ölmüş arılardan və zibildən təmizləmək apardığımız sanitar-profılaktik işlərə aiddir. 
Arıçı qeyd edir ki, əsas yaz yoxlanışından sonra yaşlı qoca arılar tədricən tələf olur, cavanlar isə onları əvəz edir.  Ailənin cavanlaşması əsasən may ayında başa çatır. Mayın əvvəlində qüvvəli arılardan ana yetişdirilməsinə başlayır, onlardan ilk ayırma beçələr alırıq. Həmin beçələr əsas bal toplama dövrünədək inkişaf edib ailə formalaşdıra bilirlər. Bal, çiçək tozu, arı südü, vərəmum, mum, arı zəhəri və digər əldə etdiyimiz arıçılıq məhsulları sağlamlıq baxımından olduqca əhəmiyyətlidir. Mən də bu məhsulların bir neçəsini, xüsusilə də bal hasil edirəm. 
Müsahibim onu da bildirdi ki, nektar mövsümü bitəndən sonra arıları başqa yerlərə köçürəcək. May-iyun aylarında arıları Şahbuz rayonuna, xüsusilə gülü-çiçəyi ilə zəngin Batabat yaylaqlarına aparır. Arılar burada müxtəlif dərman bitkiləri və çiçəklərlə qidalanırlar. Müsahibim dövlətin arıçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnərək gələcəkdə arı ailəsinin sayını artıracağını dedi.
Ölkə başçısının müvafiq sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının bir çox sahələri kimi arıçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər bu sahədə məhsul istehsalının artımına gətirib çıxaracaq. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 20.05.2024 10:55