AZ EN RU

“Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və təzyiqli boru xəttinin yenidən qurulmasının layihələndirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bir sıra işlər həyata keçirilmişdir.

Belə ki, Babək rayonunun Nehrəm qəsəbəsinin 1000 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan 2 pilləli “Araz-1” və “Araz-2” nasos stansiyaları fəaliyyət göstərsə də, nasos stansiyalarının təzyiqli boru xətləri korroziyaya uğrayaraq, yararsız vəziyyətə düşərək istismar müddətini başa vurmuşdur.

Dövlət Proqramı çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq məqsədilə “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və təzyiqli boru xəttinin yenidən qurulmasının layihələndirilməsi başa çatıb. Layihənin tikintisi ilə bağlı artıq tender elanı verilib.

Məlumat üçün deyək ki, adıçəkilən layihədə nasos aqreqatları modifikasiya olunaraq gücü və təzyiqli borunun diametri artırılaraq su sərfi 1,5-dən 2,5 kubmetr saniyəyə çatdırılmışdır. Layihənin icrası başa çatdıqdan sonra Culfa rayonunun Ərəzin kəndi ərazisindəki “Şır-şır” kanalına suyun verilməsi təmin ediləcəkdir. Bunun nəticəsində isə 1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2000 hektar suvarılan torpaq sahəsinin su ilə təminatı yaxşılaşdırılacaqdır.

Qeyd edək ki, layihənin ilkin variantında nəzərdə tutulmuş 3-cü pillə nasos stansiyasının qurulmasına ehtiyac qalmamışdır. Çünki 2-ci pillə nasos stansiyanın təzyiqli boru xətti uzadılmış və bunun nəticəsində əlavə 1000 hektar ərazinin suvarma su təminatı yaxşılaşdırılmış, eyni zamanda bu nasos stansiya vasitəsilə Nehrəm Su Anbarının doldurulmasında istifadə olunması təmin ediləcəkdir.

Nəşr edilib : 24.07.2024 15:30