AZ EN RU

Ankarada keçirilən mədəniyyət festivalında Azərbaycan geniş təmsil olunub

Ankaranın Keçiören rayon bələdiyyəsi və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının birgə təşkilatçılığı ilə “Beynəlxalq Keçiören Türk dünyası şöleni” adlı festival keçirilib.

Ankaradakı Yayla məhəlləsindəki Lavanta və Gül Baxçası parkında reallaşan tədbirdə ölkəmizi səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev təmsil ediblər.

“Beynəlxalq Keçiören Türk dünyası şöleni” adlı tədbirdə Ankara Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslan, TÜRKSOY-un Baş katibi Sultan Raev, Ankara Böyükşəhər bələdiyyəsinin rəhbəri Mansur Yavaş çıxış edərək Türk dünyası, dövlətlərimiz arasında tarixi qardaşlıq, həmrəylik, ortaq dəyərlər haqqında danışaraq, təşkil olunan tədbirin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, böyük bir coğrafiyada yaşayan türk xalqlarının zəngin mədəniyyətini nümayiş etdirməyə imkan verdiyini söyləyiblər.

Tədbirdə Türk dövlətlərinin Türkiyədəki təmsilçilərinə xüsusi mükafatlar təqdim edilib. Azərbaycan səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi də əməkdaşlığa verdiyi töhfələr üçün xüsusi mükafata layiq görülüb.

Türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş böyük konsert proqramı təqdim edilib.

Tədbirdə Azərbaycandan gələn incəsənət ustaları, "Səma" Rəqs Ansamblı milli rəqslərimizi və mahnılarımızı təqdim ediblər.

Konsert proqramında Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının musiqi kollektivlərinin çıxışı maraqla qarşılanıb.

Nəşr edilib : 29.07.2024 17:27