AZ EN RU

“Ana südü ilə qidalanma körpə sağlamlığının təməlidir” mövzusunda təlimlərə start verilib

1-7 avqust tarixlərdə Ümumdünya Ana Südü ilə Qidaladırma Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə “Ana südü ilə qidalanma körpə sağlamlığının təməlidir” mövzusunda təlimlərə start verilib. Təlimlərin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə hamilə qadınları maarifləndirməkdən ibarətdir.
Əvvəlcə təlimçi Könül Rzayeva ana südünün uşağın inkişafı, onun immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açıb və iştirakçıları süni qidalardan uzaq olmağa çağırıb. Həmçinin təlim müddətində iştirakçılara ana südünün düzgün verilmə qaydaları barədə də məlumat verilib. Mövzu ilə bağlı slaytlar nümayiş olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə yaradılan “Analar məktəbi” bölməsində həyata keçirilir.

Bülbül QULİYEVA

Nəşr edilib : 02.08.2024 12:40