AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası olub. Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq gündəliyə çıxarılan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İsmayıl Hacıyev əvvəlcə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı barədə məlumat verib. Həmin Sərəncamdan irəli gələn vəzifələri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının qarşısına qoyulan vəzifələri diqqətə çatdırıb.
Bölmə sədri qeyd edib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrası məqsədilə AMEA Naxçıvan Bölməsində 8 maddədən ibarət Tədbirlər Planı hazırlanıb, konfrans və tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və başqa fəaliyyətlər nəzərdə tutulub.
Sonra İsmayıl Hacıyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı və Dövlət proqramının əhatə etdiyi məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb, Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərindən danışıb.
İclasda Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin “2023-cü il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında” Sərəncamı və Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr, 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsinə hazırlığın vəziyyəti və gündəlikdəki digər məsələlər Rəyasət Heyəti tərəfindən müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti