AZ EN RU

Almada olan xəstəliklərin insan və heyvan sağlamlığına təsiri

Alma (Malus) Rosaceae fəsiləsinin Palmoideae yarımfəsiləsinə aid yüksək qida dəyəri olan meyvədir.  Tədqiqatlardan məlum olur ki, alma ağacları ilk dəfə Şimali Anadoluda, Cənubi Qafqazda, Rusiyanın cənub-qərb bölgələrində və Orta Asiyada (Qazaxıstanın şərqində) becərilmiş və buradan dünyaya yayılmışdır.

Alma ağacları quraq və isti olmayan, soyuq ərazilərdə daha yaxşı inkişaf edir. Meyvələri, adətən payız aylarında yetişir və təzə halda, qurudulmuş, mürəbbə, meyvə şirəsi, sirkə, şərab, və sair. formada istehlak edilir. Təzə meyvələrində 16% quru maddə, 11-12% şəkər (qlükoza, saxaroza, fruktoza), 0.5-0.6% pektinli maddələr, vitaminlər, makro və mikroelementlər vardır.

Qədim zamanlardan məlumdur ki, alma faydalı bitkidir, iştahasızlığı aradan qaldırır, tənbəl bağırsaqların fəaliyyətini asanlaşdırır, həzm sistemini tənzimləyir və böyrək daşlarının təmizlənməsinə, qan təzyiqinin aşağı salınmasına, nəfəs darlığına yaxşı kömək edir. Səhər acqarına bir alma yemək qanı təmizləməklə yanaşı, bədəni toksinlərdən təmizləyir. Lakin digər məhsullarda olduğu kimi, alma da faydalı xüsusiyyətləri ilə yanaşı, zədələndikdə xəstəlik törədici mikroorqanizmlər və zərərvericilərin təsiri ilə bir sıra xəstəliklərə məruz qalır ki, bu da insanlarda və yem kimi istifadə edildikdə heyvanlarda ciddi qida toksikoinfeksiyaların yaranmasına səbəb olur.

Almada tez-tez rast gəlinən alma tozu (Gymnosporangium spp.), alma qara ləkəsi (Venturia inaequalis) və alma yanığı (Erwinia amylovora) kimi xəstəliklər insan sağlamlığına ciddi patoloji təsir göstərə bilər. 

Problemlərə səbəb ola biləcək həşəratlarla yanaşı, alma ağacına və digər meyvə ağaclarına zərər verəcək göbələk və bakteriyalar da təhlükəlidir. Bu patogenlərin yayılmasının qarşısını almaq üçün onları mümkün qədər erkən aşkar etmək lazımdır. Bu məqsədlə alma ağaclarının becərilməsi zamanı aqrotexniki qaydalara xüsusi diqqət yetirmək, həmçinin müxtəlif dərman preparatlarından düzgün və səmərəli istifadə etmək, xəstəlik və zərərvericilərlə mütəmadi mübarizə aparmaq, xüsusilə əhəmiyyətlidir. Çürük və ya xəstəliyə yoluxmuş almaların istehlakı ürəkbulanma, qusma, ishal kimi həzm sistemi pozuntularına səbəb ola bilər.

Zərərli orqanizmlərin yaratdığı toksinlər isə ciddi qida zəhərlənmələri yaratmaqla bəzi insanlarda göbələk sporlarına və ya bakterial toksinlərə qarşı allergik reaksiyalar törədə bilər. Alma ağacına nəzarət məqsədilə xəstəliklərin idarə edilməsi və müvafiq aqrotexniki tədbirlərin görülməsi təkcə bitki sağlamlığı üçün deyil, həm də meyvələri istehlak edən insan və heyvanların qida təhlükəsizliyini təmin etmək üçün də böyük əhəmiyyətə malikdir.

Elmi araşdırmalar belə deməyə əsas verir ki, alma faydalı olduğu kimi, bəzi xəstəliklər zamanı istehlak etdikdə zərərli təsirləri də meydana çıxa bilər. Tibbi tədqiqatlara, görə müəyyən tip xəstəliklər, o cümlədən  mədə-bağırsaq traktı, allergiya, şəkərli diabet, artıq çəki və sair. ilə bağlı problemləri olan insanlarda almanın normadan artıq qəbulu sağlamlığa ciddi təhlükə yarada bilər.

Bəzən sosial şəbəkələrdə alma toxumlarının daxilə qəbulu müəyyən xəstəliklərin müalicəsi kimi təbliğ edilir, lakin alma meyvəsinin toxumlarında sianid turşusunun (HCN) olduğunu nəzərə alaraq mütəmadi qəbulu ciddi qida zəhərlənmələrinə səbəb ola biləcəyi aşkar edilmişdir.

Müxtəlif patogenlər və ya zərərvericilərlə çirklənmiş alma və ondan hazırlanmış məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə bilər. Məsələn, zədələnmiş meyvələrdə E.coli bağırsaq çöpü bakteriyalar qrupu olur ki, bu da belə məhsullarla qidalanan insan və heyvanların mədə-bağırsaq traktında bakterial infeksiyaların yayılmasına gətirib çıxara bilər. Bu bakteriyalar pasterizə edilməmiş və ya texnoloji proses zamanı norma və standartlara əməl olunmayan kustar üsulla istehsal edilən alma şirələrini istehlak etdikdə də ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Pasterizə edilməmiş alma şirələrində Salmonella bakteriyaları da olur ki, insanlarda bu bakteriyalar yüksək qızdırma (>38 °C) və ishal kimi simptomlar törədirlər.

Ev şəraitində kustar üsulla alma şirəsi istehsalı zamanı fitosanitar qaydalara riayət edilmədikdə məhsulda Cryptosporidium  paraziti, listeriya monosytogenes Parulin mikotoksinləri yarana bilər ki, bu da insan sağlamlığı üçün ciddi risk faktoru hesab edilir.

Yuxarıdakıları nəzərə alaraq qeyd etmək lazımdır ki, alma və ondan hazırlanmış məhsulları istehlak edərkən məhsulların etibarlı mənbələrdən alınmasına,  istehsalçıların təhlükəsizlik və gigiyenik tələblərə uyğunluğuna üstünlük verilməlidir.

Sahibkarların və bu işlə məşğul olan təsərrüfat rəhbərlərinin nəzərinə çatdırılır ki, alma meyvəsinin yetişdirilməsi, qablaşdırılması, daşınması, saxlanması və satışı zamanı təhlükəsizlik qaydalarına, sanitar qayda və normaların tələblərinə, meyvələri uzun müddət keyfiyyətli saxlamaq üçün optimal temperatur (+1°C - +4°C) və nisbi rütubət (85-90%) rejiminə ciddi əməl etməklə  qida təhlükəsizliyini təmin etmək olar. 

Qasım QƏHRƏMANOV

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun

Elmi araşdırmalar və təlim şöbəsinin mütəxəssisi

Nəşr edilib : 05.08.2024 11:21