AZ EN RU

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Avqustun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

İclası açan İqtisadi siyasət komitəsinin sədri İsa İsayev gündəlikdə duran məsələlərin - “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Qanununun və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Qanununun müzakirə olunacağını diqqətə çatdırıb.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanun layihələrini Ali Məclisə təqdim edib. Layihələr müzakirə üçün İqtisadi siyasət komitəsinə daxil olub və deputatlara paylanılıb.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi haqqında məlumat verib.

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı isə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Fərid Bağırzadə məlumat verib.

Gündəlikdə duran məsələlər ətrafında aparılan müzakirələrdə Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsində artım olmasını muxtar respublikada sosial-iqtisadi inkişafa yönəldilmiş tədbirlərin uğurlu nəticəsi kimi dəyərləndirib.

Nihad Möhbalıyev büdcədə təhsil və ətraf mühitin mühafizəsi sahələri üzrə xərclərin, Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova isə subsidiyaların azaldılmasının səbəbləri barədə suallarını səsləndiriblər.

Maliyyə naziri Həsən İsmayılov və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının rəhbəri Sahir Rüstəmov səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətiriblər.

Müzakirələrin sonunda gündəlikdə duran məsələlərlə əlaqədar İqtisadi siyasət komitəsinin qərarı oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi gəlirlər üzrə 190 milyon 484 min 816 manat, xərclər üzrə 539 milyon 265 min manat məbləğində, İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri isə 6 milyon 500 min manat, xərcləri 6 milyon 500 min manat məbləğində olmaqla təsdiq olunması üçün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasına təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 13.08.2024 13:10