AZ EN RU

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi

    Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
    İclası AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
    Ümumi yığıncağın müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub. Məsələ ilə bağlı AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov çıxış edib. 
    AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın yeni Nizamnamə layihəsini təqdim edib. 
    Sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib. AMEA-nın Rəyasət Heyətinə Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb.
    Tədbirdə akademik Arif Həşimov Ümumi yığıncağın gündəliyindəki növbəti məsələnin AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O, bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib.
    AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin inteqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər.
    Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.
 

Nəşr edilib : 25.10.2022 19:35