AZ EN RU

Adil Kərimli: Azərbaycan Mərakeş ilə münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir

Azərbaycan Mərakeş ilə münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir və siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin arzusundadır.

Bu sözləri Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Mərakeşin milli bayramı münasibətilə Bakıda keçirilən tədbirdə deyib.

Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətlərinin 1991-ci ildə Mərakeşin ölkəmizin müstəqilliyini tanıması ilə başladığını və 1992-ci ildə diplomatik əlaqələr qurulduğunu xatırladan nazir diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Mərakeşə səfəri zamanı Kral Əlahəzrət II Həsən ilə keçirdiyi görüş iki ölkə arasında möhkəm qardaşlıq bağlarının əsasını qoyub.

Nazir qeyd edib ki, bu dostluq bağları bu gün iki ölkənin liderləri tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəlib.

“Azərbaycan və Mərakeş beynəlxalq hüququn təməli kimi hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu gün ölkələriniz arasında əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir”, - deyə A.Kərimli əlavə edib.

Nəşr edilib : 30.07.2024 20:48