AZ EN RU

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

    Noyabrın 5-də Xatirə Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Zəfər tariximiz” mövzusunda interaktiv dərs keçilib.
    Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov tərəfindən keçilən interaktiv dərsdə müzəffər Ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərməsi və qəhrəmanlıqla qələbə qazanması, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşməni məğlub etməsi haqqında ətraflı məlumat verilib. 
    Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin milli və dövlətçilik maraqlarımızı hər zaman rəhbər tutmaqla nümayiş etdirdiyi qətiyyətli mövqe, siyasi iradə, o cümlədən Qarabağla bağlı müəyyənləşdirdiyi düzgün strategiya Aprel Zəfərini, Günnüt Qələbəsini təkrarlamaqla Vətən torpaqlarını işğaldan azad etməyə hər an hazır olduğumuzun əyani təzahürü idi. 
    Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli Ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salınaraq şagirdlərə məlumat verilib ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. 
    Vurğulanıb ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi; Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. 
    Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.  
    Məktəblilərin diqqətinə çatdırılıb ki, 44 günlük Zəfər salnaməsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da öz vəzifə və borclarını peşəkarcasına, şərəf və ləyaqətlə icra edərək, haqq-ədalətin və ərazi bütövlüyümüzün bərpasında müstəsna rol oynayıblar. 
    Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

***

    Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, həm də son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirildi və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edildi. 
    Rektor tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını 8 Noyabr  –  Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
    Sonra Humanitar və ümumi fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Ana Vətən üzərində dalğalanan bayraq uğrunda ölən varsa, Vətəndir” mövzusunda çıxış edib. Vətən müharibəsində qəhrəmanlıqla vuruşmuş, yağı düşməndən qisasımızı alan qazilərimiz tələbələrə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbə haqqında danışıb, onları maraqlandıran sualları cavablandırıblar.
    Sonda tələbələrin ifasında bədii hissə və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

***

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb. 

    Noyabrın 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. 

    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına – Qarabağa qovuşdu, Tarixi Zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımlar zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan Ordusu daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində Tarixi Zəfər çaldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 
    Nazir vurğulayıb ki, muxtar respublikamızda da “Zəfər Günü” təntənəli şəkildə qeyd edilir, bu istiqamətdə müxtəlif tədbirlər keçirilir. Belə müsabiqələrdən biri də Azərbaycan xalqının əzm və iradəsinin, gücünün və müasir ordu quruculuğunun ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunun şagirdlərə aşılanması və milli ruhda tərbiyə olunaraq yetişdirilməsi məqsədilə məktəblərimizdə keçirilən yaradıcılıq müsabiqəsidir. 
    Qeyd olunub ki, müsabiqənin təşkilində məqsəd Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yaradıcı potensialı olan hər bir məktəblini müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir. Müsabiqədə şanlı zəfərimiz şagirdlərin təfəkkürü ilə kompozisiya, şeir, mahnı, rəqs, rəsm və əl işlərində öz əksini tapıb.
    Sonra Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov müzəffər Ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərərək qələbə qazanması, Zəfər uğrunda aparılan şərəfli mübarizə barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı, tarixi ədalət bərpa edildi. 
    Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Yekun nəticələrə əsasən səhnələşdirmə və ya kompozisiya üzrə 4, rəsm işləri üzrə 6, əl işləri üzrə 6, milli musiqi, mahnı və rəqslər üzrə 6, şeir üzrə 6 olmaqla, ümumilikdə, 28 qalib müəyyənləşdirilib. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə təltif ediliblər.
    Sonra “Kanal 35” televiziyasının müsabiqə ilə bağlı hazırladığı videoçarxa baxış olub.
    Tədbirin bədii hissəsində isə Vətən, torpaq haqqında müdriklərin kəlamları səsləndirilib, müsabiqə qalibləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən şeir, mahnı və rəqs nömrələri təqdim edilib. 
    Sonda yaradıcılıq müsabiqəsində şagirdlər tərəfindən çəkilən rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış olub.

 ***

    Muxtar respublikamızın səhiyyə müəssisələrinin ən yeni standartlara cavab verməsi, maddi-texniki bazasının gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə tibbi aksiyaların təşkilinə şərait yaradır. Bu aksiyalardan biri də 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunub. 5 noyabr tarixdə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetinin Azərbaycanda  endoskopik və laparoskopik dərnəyinin təşkilatçılığı ilə şəhid və qazi ailələrinə yardım aksiyası keçirilib. Aksiyada həkimlərdən Müşfiq Həsənov, Rauf Nağıyev, Elçin Əfəndiyev, Məsud Ötkəm və Öndər Tulumbacı kimi və digər tanınmış mütəxəssislər iştrak ediblər. 

    Tədbir iki bölümdə olub. Öncə xəstələrin müayinə və müalicəsi həyata keçirilib, sonra Naxçıvan Dövlət Universitetində rezidentlər və tələbələr üçün endoskopik cərrahiyyənin mahiyyəti, uro-ginekoloji xəstəliklərin müalicəsi haqqında seminar-treninq təşkil edilib. 
     Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dekanı, Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri Müşfiq Həsənov deyib: – Naxçıvanda belə humanitar aksiyaların təşkili artıq ənənə halını alıb. Budəfəki aksiya Zəfər Günü ilə bağlı olduğu üçün daha qürurvericidir. Şəhid və qazi ailələrinin pulsuz müayinə və müalicəsi ilə məşğul olmaq hər bir tibb işçisinin vəzifə borcu ilə yanaşı, həm də vətəndaşlıq borcudur . Səhiyyə sahəsində yaradılan bu şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə aksiya iştirakçıları adından minnətdarlığımı bildirirəm.

   Professor doktor Məsud Ötkəm Zəfər Günü ilə bağlı təbriklərini çatdıraraq qazilərə cansağlığı arzu edib. Muxtar respublikada yaradılan şəraitə görə minnətdarlığını bildirərək belə aksiyaların tez-tez keçirilməsinin nümunəvi addım olduğunu dilə gətirib.
     Müayinəyə gələn vətəndaşlar arasında şəhid Elməddin Meydanovun anası Sumbul Hətəmova bildirib ki, muxtar respublikamızda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Bir neçə aydan bir onun qazi övladı Saleh Hətəmov üçün dövlətimiz tərəfindən aparılan müayinələr göstərilən qayğının nümunəsidir.
    Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında da şəhid və qazi ailələri üçün növbəti tibbi aksiya təşkil olunub.
    Şəhid və qazi ailələri bir sıra tibbi prosedurdan keçirilib, laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib. Şəhid və qazi ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.11.2022 20:41