AZ EN RU

4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə treninqlərdə 250-dən çox əməkdaş iştirak edir

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlər keçirilir. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlıq səviyyəsinin artırılmasıdır.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, treninqlərdə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və digər məsələlər ilə bağlı ətraflı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilib. Diskussiya şəklində təşkil olunan treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılır.

4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Çingiz Həsənli bildirib ki, treninqlərdə dairə üzrə 42 məntəqədən 252 əməkdaş iştirak edəcək. Treninqlərin gedişini izləmək üçün xarici müşahidəçilər də dəvət olunub. Treninqlər gün ərzində iki dəfə olmaqla, 4 gün davam edəcək. 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 44 min 727 seçici qeydə alınıb ki, onlardan 503-ü ilk dəfə səs verəcək. Dairənin 10, 12, 15 və 17 saylı məntəqələrində veb-kameraların quraşdırılması nəzərdə tutulub. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa 7 namizəd qeydə alınıb.

Nəşr edilib : 13.08.2024 14:05