AZ EN RU

30 ildən sonra nəşi tapılan şəhid Zahid Nağıyev Ağdamda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nağıyev Zahid Baxış oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Şəhid Zahid Nağıyevin nəşi ailəsinin yaşadığı Evoğlu kəndinə gətirilib. Şəhidlə vida mərasimi Qaradağlı kənd məzarlığında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Nağıyev Zahid Baxış oğlu Birinci Qarabağ müharibəsində cəbhənin Füzuli və Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib. 1994-cü ilin aprelin 18-də Ağdam rayonunun Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. Aparılan araşdırmalardan sonra döyüşçünün Ağdam rayonunun Xındırıstan kənd məzarlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.

Nəşr edilib : 18.07.2024 15:31