AZ EN RU

2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı tədbir keçirilib

Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vəli Səfərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – "Azərbaycan Kinosu Günü" kimi qeyd olunur. 126 illik çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə bərabər, həm də dəyərlərini qorumuş və yaşatmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1993-cü il  22 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Film Fondu yaradılmış və filmlərin qorunması təmin edilib. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. 
Qeyd olunub ki, muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir.
Tədbirdə Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək vurğulayıb ki, 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı yaradılıb, 2000-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Naxçıvan Dövlət Film Fondu 2006-cı ildən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində müstəqil qurum kimi fəaliyyət göstərir.
Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan, İkinci Dünya müharibəsi dövrü Azərbaycanda – arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs edən “Suğra və oğulları” filmi haqqında da məlumat verilib.
Sonda film tədbir iştirakçılarına nümayiş etdirilib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 02.08.2024 18:14