AZ EN RU

17 il azadlıq işığına həsrət, 6 il övlada sarıla bilməmək, ailə özləmi və daha nələr-nələr…

“Şərq qapısı” qəzeti Naxçıvandakı qarışıq rejimli cəzaçəkmə müəssisəsindən reportaj hazırlayıb

İnsan ruhunun zamanla ayaqlaşmadığı yer və ya zamanın dayandığı dörd divarlı, tikan məftili müvəqqəti “ev”... Yolumuz həmin “ev”ə  –  insanın gözünü açıb yatana kimi zamanla üz-üzə qaldığı məkana – qarışıq rejimli cəzaçəkmə müəssisəsinədir. “Şərq qapısı” qəzeti olaraq məhbus həyatı yaşayan insanların zamanla necə dəyişdiyini, zamana necə “qalib” gəldiyini öyrənmək üçün onlarla görüşmək, söhbət etmək istədik.

Ömürlərinin müəyyən hissəsini muxtar respublikamızda yerləşən qarışıqrejimli cəzaçəkmə müəssisəsində keçirənlərin gələcəkdə cəmiyyətə inteqrasiya olunması üçün son illər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən bir sıra təqdirəlayiq addımlar atılıb. Bu addımların ən əsası qarışıq rejimli cəzaçəkmə müəssisəsində yaradılan emalatxanaların fəaliyyətidir.

Azadlıq işığına, ailə özləminə, valideyn qayğısına, övlad həsrətinə qaldığın yerdir həbsxana. Məhbusların dili ilə desək, şərait nə qədər yaxşı olsa da, bura onlar üçün diri-diri məzara girməkdir. Elə həmsöhbətimiz Bilal Allahverdiyev kimi. Etdiyi səhv onu 17 il azadlıqdan məhrum edib. Artıq 5 ildir ki, zamanla dörd divar arasında üz-üzə gəlib, öz-özünə çox suallar edib, lakin gecikən cavabı onun azadlığını “əlindən” alıb. B. Allahverdiyev 4 ildir qarışıq rejimli cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində işlə təmin edilib və faydalı işlə məşğul olur. O deyir ki, burada hazırlanan əl işlərinin hamısı məhkumlara aiddir: “Məhkumların əl işləri müəssisə daxilində, Naxçıvanda keçiriən festivallarda, sərgilərdə Ədliyyə Nazirliyinin dəstəyi ilə satışa çıxarılır. Orada satılan məhsulların qazancı məhkumların hesabına köçürülür və ya müəssisə tərəfindən həmin məhkumun ailəsinə verilir. Emalatxanada çarpayı, stol, stul, nərdtaxtalar düzəldirik. Bununla yanaşı, oyma işləri, naxış sənəti öyrədilir, dəzgahlar vasitəsilə sandıqlar düzəldilir, dərzi fəaliyyət göstərir.

Bilal Allahverdiyev deyir ki, mütəmadi olaraq qarışıqrejimli cəzaçəkmə müəssisəsində kurslar keçirilir və o da bu kurslarda iştirak edib: “Keçirilən kurslarda, dərslərdə iştirk edib, sertifikat almışam. Adətən bu kurslar bir ay və ya 45 gün olur və təcrübəli ustalar, müəllimlər tərəfindən aparılır”.

Məhkum həyatı yaşayıb emalatxanada çalışanlar günün 8 saatını burada olurlar. Onlar deyir ki, burada işlə məşğul olarkən zamanın keçdiyini hiss etmirlər. Məhz buna görə həm darıxmamaq üçün, həm də gələcəkdə sənət sahibi olub cəmiyyətdə yer tutmaq üçün burada həvəslə çalışırlar. Öyrənməklə yanaşı, burada qazandıqları ilə onlar həm də ailələrinə köməklik etmiş olurlar.

Cavanlığını məhkum kimi bada verən Bilal Allahverdiyevin gözündəki azadlıq yanğısı onun titrək dodaqlarından çıxan hər sözündə sezilirdi. Dodaqları əsə-əsə dediyi sözlər sanki bir gəncin yox, ömrünün ahıl yaşlarında uşaqlara nəsihət verən bir qocanın dilindən çıxırdı: “Yaradılan şəraitə baxmayaraq, vətəndaşlarımıza, xüsusilə gənclərimizə tövsiyəm budur ki, azadlığın qədrini bilsinlər. Addım atarkən təkcə özünü yox, onu gözləyən ailəsini düşünsünlər. Cinayət törətməsinlər. Hər cür şərait var, yalnız azadlığımız yoxdur”.

Burada məhkumlar üçün zamandan ağır bir şey yoxdur. Zaman nə qədər tez gəlib keçsə də, onların ürəyində olan həsrətin yanğısını sözlə ifadə etmək mümkün deyil. Axı ötən zaman həm də onların ömründən gedir...

6 il azadlıqdan məhrum olan və ailəsi üçün həsrət çəkənlərdən biri də Türkiyə vətəndaşı Mehmet Arqandır. Artıq 18 aydır məhkum həyatı yaşayan M.Arqan deyir ki, səhv addım atmağının nəticəsidir ki, bu müddət ərzində övladlarını görə bilmir: “18 aydır uşaqlarımı görə bilmirəm. Onlar Türkiyədə yaşayır və bura gedib-gələ bilmirlər. Azadlığım, ən əsası isə övladlarım üçün çox darıxıram. Ailəmə demək istəyirəm ki, sizi çox sevirəm, əlbət bir gün bu həsrət bitəcək və sizləri yenə bağrıma basacam.”

Mehmet Arqan duz üzərində rəsm çəkməyi elə cəzaçəkmə müəssisəsinin emalatxanasında öyrənib. Deyir ki, uşaqlıq illərindən rəsm çəkməyə həvəsli olub: “Rəsm çəkməyi həmişə sevmişəm. Burada isə duz üzərində rəsm çəkməyi öyrəndim. Ümumiyyətlə, məhkum həyatı yaşayanların əl sənətinə burada böyük qiymət verilir. Ancaq azadlığın qədrini hər kəs bilməlidir. İnsanlar tövsiyəm odur ki, qanuna riayət etsinlər. Məhkum həyatı yaşamaq çox çətindir, həsrət çəkmək isə ondan da çətin. Bura gəlib həsrət çəkməkdənsə, qanuna riayət etmək cəmiyyətdə ən doğru yoldur”.

Azadlıqdan məhrum olan Taleh Mehdiyev deyir ki, artıq 13 aydır burada məhkum həyatı yaşayır. O da digər məhkumlar kimi sevdiyi və bacardığı peşəni isthsalat sahəsində davam etdirir. Mebel ustası olan T.Mehdiyev müəssisədə təşkil olunan kurslada da iştirak edib: “Burada taxtadan məhsullar düzəltməyi öyrəndim. Təcrübəli ustalar və müəllimlər tərəfindən keçirilən kurslarda, dərslərdə iştirak etdim və bir çox avadanlıq düzəltməyi öyrəndim. İndi düzəltdiyim məhsullar satışa çıxarılır və qazancı özümüzə verilir. Məhkumların istəyi ilə ailələrinə də ödənişlər çatdırılır”.

Taleh Mehdiyev burada əziyyət çəkmədiklərini, onlara əziyyət verilmədiyini deyir. Ancaq onun da bir istəyi var: azadığı geri qayıtsın. Tövsiyəsi isə səhv addım atmamaqdır. Çünki burada hər şey yaxşı ola bilər, əsas azadlıqda atacağın addım, verəcəyin qərardır.

... 2-3 saat söhbətləşdiyimiz insanlara sağollaşırıq. Onların bağlı qapılar arxasından azad həyata atdığımız addımları izləyərək nələr hiss etdiyini sanki qulağımıza kimsə pıçıldayır, ayaqlarımız yerimir, isti havada bədənimizdən axan soyuq tər belə ruhumuzu soyutmur. Arxaya dönürük... İlahi, o baxışlar, o baxışlarda nələr yatır - 17 illik azad qoxulu ana həsrəti, 6 il övlada sarıla bilməmək və daha nələr-nələr. Hiss etdirməməyə çalışırıq azadlığa atdığımız addımların dəyərini, lakin o divarlar neçə-neçə məhkumun azadlıq dərdinə aşinadır. Biz addım atsaq da, atmasaq da...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 24.07.2024 11:11