AZ EN RU

124 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komissiyasının üzvləri seçkilərə hazırlıq barədə maarifləndirilib

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar avqustun 13-də 124 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilib.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, treninqdə çıxış edən 124 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komissiyasının sədri Mədinə Abbasova Milli Məclisə seçkilərdə şəffaflığın və aşkarlığın təminatı üçün məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını, onların zəruri avadanlıqlarla təchiz olunduğunu vurğulayıb.

Onun sözlərinə görə, təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır. Bildirilib ki, seçki məntəqələrinin üzvləri, ilk növbədə, vətənpərvər və məsuliyyətli olmaqla yanaşı, Seçki Məcəlləsi və təlimatlarla yaxından tanış olmalı, ona düzgün əməl etməlidirlər.

Mədinə Abbasova seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını deyib.

Qeyd olunub ki, dairədə namizədlərin sayı 8, seçki məntəqələrinin sayı isə 93-dür (4 məntəqə işğaldan azad edilmiş ərazilərdə yerləşən yeni açılmış məntəqələrdir). Dairə üzrə müşahidəçilərin sayı 200-dən, məşvərətçilərin sayı isə 100-dən artıqdır. Bundan başqa, 450 nəfər ilk dəfə səs verəcək.

Diqqətə çatdırılıb ki, sözügedən dairə üzrə ən yaşlı seçicinin 99 yaşı var.

Tədbirdə MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması ilə bağlı geniş məlumatlar verilib.

Nəşr edilib : 13.08.2024 15:38