AZ EN RU

121 saylı Laçın seçki dairəsində maarifləndirici treninqlər uğurla davam edir

121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər davam edir.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, Dairə seçki komissiyasının sədri Hüseyn Səfərov bildirib ki, treninqlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunmuş təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. On gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir. Treninq zamanı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur. 121 saylı seçki dairəsi üzrə treninqlər avqustun 22-də başa çatacaq.

Qeyd edək ki, sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 121 saylı Laçın seçki dairəsi üzrə 110 məntəqədə keçiriləcək. Laçın rayonundan olan seçicilər respublikanın müxtəlif şəhər və rayonlarında səs verəcəklər. Məntəqələrin altısı işğaldan azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə 57 min 649 seçici qeydə alınıb ki, onlardan 766 nəfəri ilk dəfə seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1367 nəfəri 80-100 yaş aralığındadır. Bir seçicinin yaşı isə 100-dən yuxarıdır.

Nəşr edilib : 13.08.2024 15:02