AZ EN RU

12 Avqust Beynəlxalq Gənclər Günüdür

1998-ci il avqustun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş sahəsində keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü” kimi qeyd olunması qərara alınmışdır. Həmin tarixdən etibarən Beynəlxalq Gənclər Günü Azərbaycanda da qeyd olunur.   

“12 Avqust” gənclərin önəmini bütün dünyaya xatırladır

Bu əlamətdar gün, dünyanın hər yerində gənclərin potensialını, hüquqlarını və onların cəmiyyətdəki əhəmiyyətini vurğulamaq üçün bir fürsətdir. Gənclər cəmiyyətin gələcəyi olduğundan, onların inkişafı, təhsili və sosial təminatları mühüm əhəmiyyət kəsb edir. Bu gün dünya miqyasında müxtəlif tədbirlər, seminarlar və konfranslar keçirilir, gənclərin problemləri müzakirə olunur. Təhsil, işsizlik, cəmiyyətə inteqrasiya və sağlamlıq kimi məsələlər bu günün əsas mövzularından biridir. Bu gün, gənclərə verilən dəyərin göstəricisidir və onların ictimai və iqtisadi həyatda aktiv iştirakını təmin etmək üçün cəmiyyəti bir araya gətirir. Gənclər, texnologiya və informasiya əsrinin önündə gedərək, dünyanın gələcəyini formalaşdıran əsas qüvvədirlər. Onların innovasiya, kreativlik və enerjisi, cəmiyyətin davamlı inkişafı üçün vacibdir. Gənclər, cəmiyyətin dinamik və dəyişən təbəqəsi kimi, hər zaman dəstəklənməli və gücləndirilməlidir. Onların iştirakı olmadan cəmiyyətin davamlı inkişafı mümkün deyil. Gənclər gələcək liderlər, innovatorlar və dəyişiklik yaradanlar kimi dəyərləndirilməlidir. Beynəlxalq Gənclər Günü həm də gənclərin hüquqlarını müdafiə etmək və onların gələcəkdə daha yaxşı imkanlara sahib olmaları üçün bir çağırışdır. Bununla yanaşı, gənclər də bu günə qədər əldə edilən uğurların davamçısı olaraq, yeni çağırışlarla üzləşməyə hazır olmalıdırlar.  Ətraf mühitin qorunmasında, insan hüquqlarının müdafiəsində və sülhün təmin edilməsindəki rolunu artırmalıdırlar.

Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti

Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Dövlət gənclər siyasəti  gənclərin öz bilik və bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ənənəvi mahiyyətini qorumaqla bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf mərhələsi keçmişdir. Gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələlər dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Həyata keçirilən işlərin nəticəsi kimi gənclərimiz cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bundan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Azərbaycan gənci döyüş meydanında qalib olduğu olduğu kimi, müxtəlif mübarizələrdə, platformalarda, cəmiyyətlərdə, bir sözlə həyatın bütün səviyyələrində fərqlənməyi bacaran bir nümunədir.

Naxçıvanın müasir gənclik mühiti

Muxtar respublikamızda dövlət gənclər siyasətinin uğurlu icrasının təmin olunması məqsədilə  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aid təşkilatlarla birgə ardıcıl tədbirlər həyata keçirir, milli gənclik strategiyasının, müxtəlif dövlət proqramlarının, layihələrin icrası istiqamətində işlər davam etdirilir. Gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların bir çox sahələrdə fəal iştirakı təmin edilir, yüksək vəzifələrdə etimad göstərilir. Gənclərin sağlam həyat tərzinə cəlbi, şəxsi inkişafı, onlar üçün yeni iş və karyera imkanlarının yaradılması üçün davamlı olaraq müxtəlif tədbirlər, layihələr icra olunur. Muxtar respublikamızda könüllülər hərəkatının güclənməsinə, könüllülərlə iş sahəsində də yeni metodların tədbiqinə diqqət artırılıb. Görülən işlərin nəticəsi olaraq muxtar respublikamızda və ölkənin digər regionlarında keçirilən festivallarda, təlimlərdə könüllülərimizə iştirakçı və ya təşkilatçı kimi rol verilir. Gənc nəslin Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyəsi, onlar arasında milli mənəvi dəyərlərə bağlılıq yaradılması, tariximizin öyrənilməsi, o cümlədən təbiətə və ətraf mühitə qayğı vərdişlərinin formalaşması istiqamətində işlər görülür. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması, istedadlılara dəstək daim diqqət mərkəzində saxlanılır. Nəticədə milli dəyərlər, vətənpərvərlik ruhunda, zəngin ənənələr üzərində yetişən müasir dünyagörüşünə və zəngin potensiala malik gənclər formalaşır.

Bütün bunlarla yanaşı, gənc nəslin fiziki sağlamlığına da xüsusi diqqət göstərilir, onların sağlam həyat tərzinə cəlbi prioritet olaraq qalır. Uşaq, yeniyetmə və gənclərimizin idmana marağı böyükdür və onların arasından ilbəil yeni istedadlar kəşf edir, yeni nailiyyətlərə şahidlik edirik. Naxçıvan gəncliyinin uğurları, nailiyyətlər muxtar respublika hüdudlarını aşır. Ölkə Prezidentinin qayğısı ilə həmin gənclərin qabiliyyəti ən yüksək səviyyədə qiymətləndirilir, onlara fəxri adlar, mükafatlar verilir. Diyarımızda gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların istedad və intellektlərinin inkişafına yönəlmiş addımlar müntəzəm xarakter alıb. Gənclərin sosial problemlərinin həlli istiqamətində görülən işlər, onların yüksək vəzifələrə təyinatı dövlətimizin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Muxtar respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması ilə Naxçıvan gəncliyi də yeni dönəmə daxil olub. Xüsusən də, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 20232027-ci illər üçün Dövlət Proqramı” vasitəsilə də gənclərin inkişafına xidmət edən önəmli işlər nəzərdə tutulur. Dövlət Proqramı gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinə cəlbi, ideoloji hazırlığı, şəxsi inkişafı, intellektual və yaradıcı potensialının, o cümlədən təhsil imkanlarının artması konteksində gənc nəsil üçün mühüm gözləntilər vəd edir.

Naxçıvan gənclərinin həyat tərzi

Naxçıvanda yaşayan gənclər fəaliyyət sahələrindən asılı olaraq əsəsən, aktiv, dinamik, yaradıcı, faydalı yaşam səviyyəsinə malikdirlər. Muxtar respublika əhalisinin təxminən 22 faizini təşkil edən gənclər üçün regionun tarixiliyi, coğrafi mövqeyi, qeyri-adi təbiəti, milli adət-ənənələri və müasir, genişlənməkdə olan infrastrukturu onların ümumi inkişafında, bacarıqlı və rəngarəng insan modeli kimi formalaşmasında müstəsna rola malikdir. Daha detallı yanaşsaq, görürük ki, gənclərimiz sağlam həyat ünsürləri ilə iç-içədir. Olimpiya idman kompleksləri, stadionlar, atıcılıq, xizək, fitnes sağlamlıq mərkəzləri, təbii və süni ekstremal (xüsusən dağçılıq) məşğuliyyət vasitələri sayəsində gənclər həvəskar və ya peşəkar formada idmanla məşğul olur, əqli, fiziki və psixoloji cəhətdən özlərini inkişaf etdirir, dünyanın müxtəlif yerlərində böyük nailiyyətlər əldə edirlər. Bunun ən sadə formasını müşahidələrlə aydınca görmək mümkündür. Parklarda, idman obyektlərində, yaşayış məskənlərinin ətrafında idmanla məşğul olan insanları, velosiped sürən insanların görülməsi alışıq bir haldır. Bu da region gənclərinin ekoloji mühitə, cəmiyyətin sağlamlığına nə dərəcədə həssas yanaşmasından xəbər verir. Gənclərimizin bir qismi də kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq və bu konteksdəki digər fəaliyyətlərlə də məşğuldur. Hər bir sahədə gənclərimizi iş başında görmək mümküdür. Əsgər simasında müdafiəmizdə, polis olaraq mühafizəmizdə, həkim olaraq sağlamlığımızın qorunmasına, elm və peşə sahibi kimi xidmətimizdə dayanır, mədəniyyət işçisi kimi estetik zövqümüzü oxşayır. Milli və xarici musiqi alətlərindən məharətlə istifadə edən, mahnı və rəqsləri öyrənib, tədbiq edən gənclərimiz – musiqiçilərimiz var. Naxçıvandakı yaradıcılıq ənənələri fonunda püxtələşən yüzlərlə istedadlı rəssam, qələm sahibi, aktyor, rejissor, fotoqraf, videoqraf, dizayner və bir sıra müasir peşə sahibləri fəaliyyət göstərir.   

Gənclərimiz həm də vətəninə, xalqına və dövlətinə bağlı vətəndaşlar kimi yetişir. Hər bir yanı tarixi-mədəni abidələrlə, muzeylərlə zəngin diyarda onlar tariximizi, şəxsiyyətlərimizin, qəhrəmanlarımızın döyüş yolunu öyrənir, öz fəaliyyətləri ilə ölkəmizin maraqları uğrunda mübarizə aparırlar. Könüllük hərəkatına qoşulan və bu sahədə böyük bir ordu formalaşdıran gənclər cəmiyyətə faydalı şəkildə xidmət edir, paralel olaraq şəxsi inkişaf, karyera imkanlarından yararlanırlar. Gənclərimizin kollektiv formada səmərəli fəaliyyəti də diqqətdən qaçmır. Belə ki, onlar tez-tez ekoloji aksiyalara, diskussiyalara, düşərgələrə, gəzinti turlarına qoşulur, maraqlı fləşmoblar keçirirlər. Gənclərimiz boş vaxtlarında səyahətə, idmana, əyləncə oyunlarına, kitab mütalisəsinə geniş yer ayırırlar.

Gənclərin bütöv bəşəriyyət üçün önəmli olduğu aşkardır. Ona görə də gənclər həm bu günün, həm də gələcəyin prioriteti, əsas insan modelidir. Çağdaş dövrün imkanları gənclərin gələcək həyatı, karyerası üçün mühüm şansları bir araya toplayıb. Gəncsənsə, enerjini faydalı məşğuliyyətlərə, yeni biliklərin, xüsusən də texnologiyaların öyrənilməsi və tədbiqinə sərf edərək özünə uğurlu gələcək qura bilərsən. Seçimin gələcəyini, taleyini müəyyənləşdirir. Odur ki, əziz gənc, gələcəyin uğurlu olsun!

Emil SƏMƏDOV

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 12.08.2024 12:41