AZ EN RU

105 illik tarix: Müstəqil Azərbaycanın Hərbi Dəniz Donanması

Azərbaycan Xalq Cümhuriyyəti istər Azərbaycan, istərsə də müsəlman və türk dünyası tarixində ilklərə imza atan demokratik bir dövlət kimi tarixin səhifələrinə öz adını qızıl hərflərlə yazdırmışdır. 23 aylıq fəaliyyəti müddətinə böyük idealları və hədəfləri sığdıran, qısa bir müddət ərzində milli dövlət quruculuğu sahəsində mütərəqqi islahatlar həyata keçirən, vətəndaşların hüquqi və siyasi müstəvidə hüquq və azadlıqlarının tanındığı, demokratiklik, dünyəvilik, hüquqilik və unitarlıq prinsiplərin əsas götürüldüyü parlamentar respublika yaradan bir dövlət kimi müasir Azərbaycan Respublikasına böyük tarixi irs miras qoymuşdur. Haqqında danışdığımız tarixi irsin ən qiymətli nümunələrindən biri, sözsüz ki, Azərbaycanın Milli Ordusudur.

Milli Ordunun tarixinə nəzər saldığımız zaman çox çətin bir şəraitdə təşkil olunduğunu aydın şəkildə görə bilirik. Belə ki, 28 may 1918-ci ildə “İstiqlaliyyət Bəyannaməsi”nin qəbul edilməsilə Azərbaycan uzun bir müddətdən sonra öz müstəqilliyini elan edərək çoxəsrlik dövlətçilik ənənəsini bərpa etdi. Baş nazir Fətəli Xan Xoyskinin sədrliyi ilə təşkil olunan birinci hökumətdə müdafiə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin hərbi kontingenti təqribən 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Əfsus ki, “İyun böhranı”nın baş verməsi ilə birinci hökumətin ömrü çox olmadı. Yeni təşkil olunan hökumət ordu quruculuğunun aparılmasını Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə etdi. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş, İsmayıl xan Ziyadxanov bu vəzifəyə təyin edilmişdi. Amma hələ də Azərbaycanda Milli Ordu yaradılmamışdı. Nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə Vəhşi diviziya adlanan keçmiş “Tatar süvari alayı”nın əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu yaradıldı. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq Milli Ordu yaradıldı.

Haqqında danışdığımız dövrdə Azərbaycan Ordusu yalnız quru qoşunlarından ibarət idi. Paytaxt şəhər olan Bakının və bütövlükdə, Azərbaycanın müstəqilliyinin mühafizəsi üçün hərbi-dəniz qüvvələrinin yaradılması hərbi sahədə qarşıda duran ən mühüm məsələlərdən biri və birincisi idi. 1918-ci ilin sentyabrında Bakının Sentrokaspi diktaturası və ingilislərdən təmizlənməsi ərəfəsində buradakı Qars, “Ərdəhan və “Astrabad” adlı  hərbi gəmilər Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Gəmilərin Azərbaycan hökumətinə təhvil verilməsi ilə bağlı vəsatət qaldırılmış, hətta xarici işlər naziri Məmməd Yusif Cəfərov Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D. Şatelvorta müraciət edərək paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Nəhayət, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında 5 avqust 1919-cu ildə Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olundu. Amma bu Denikinin kəskin narazılığına səbəb olmuşdu. Belə ki, Denikin vaxtilə Qacarlar dövləti ilə Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsinin VIII maddəsini meydana ataraq Xəzər dənizində Rusiyadan başqa heç bir dövlətin hərbi donanma saxlama hüququnun olmadığını nota ilə Azərbaycan hökumətindən tələb etdi. Azərbaycan Dövlət Müdafiə Komitəsində bir neçə gün müzakirə olunan bu məsələyə cavab olaraq Azərbaycan hökuməti cavab notası hazırladı. Notanın mətnində belə qeyd edilmişdi: “Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətdir. Azərbaycanın Xəzər dənizində liman və ticarət gəmiləri vardır. Xəzər dənizində hərbi-donanma saxlamaq hüququ  Azərbaycan dövlətinin suveren hüququdur. Bu gəmilər Azərbaycan bayrağı altında Xəzər dənizində üzəcəkdir. Verilən düzgün diplomatik cavab və beynəlxalq ictimaiyyətin qəti etirazı ilə Denikin Xəzər hərbi dəniz-donanmasının ləğv edilməsinə yönələn iddialarından birdəfəlik əl çəkdi.

Hərbi dəniz-donanmasının yaradılmasının ardınca türk əsilli ixtisaslı kadrları donanmaya cəlb edilməsi ilə islahatların həyata keçirilməsinə başlansa da, 28 aprel işğalı islahatları yarımçıq qoydu. Azərbaycanın Sovet Rusiyasının hərbi birləşmələri tərəfindən işğal edilməsilə Xəzər hərbi-donanması ləğv edildi.

Hərbi-dəniz qüvvələrinin sonrakı tarixi inkişafı müstəqillik illərinə təsadüf edir. Belə ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra qəbul olunan 9 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaradılmasına dair hüquqi baza yaradıldı. SSRİ-nin dağılması ilə Xəzəryanı dövlətlər arasında əldə olunan razılığa əsasən Azərbaycan keçmiş Xəzər hərbi donanmasının bütün bazasına və hərbi gəmilərin 25 faizinə sahib oldu. 1992-ci il 26 iyul tarixində Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq “Bakılı” gözətçi gəmisində üçrəngli Azərbaycan Bayrağı qaldırıldı və Hərbi Dəniz Qüvvələrini yaradılması istiqamətində əsaslı addımlar atılmağa başlandı. Xəzər dənizində müşahidə postları yaradıldı və köhnə mayaklar yeniləndi. Ordu hissələri arasında qanun-qayda yaradıldı. Hərbi Dəniz Qüvvələri haqqında  hüquqi islahatlardan biri 4 noyabr 1997-ci il tarixli “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” AR Qanunu idi. Qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı.

Hazırda Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri hərbi arsenalına görə Rusiya Federasiyasından sonra Xəzər dənizində ən güclü dəniz qüvvələri olmaqla istənilən tapşırığı yerinə yetirmə qabiliyyətinə malikdir. Qeyd etmək lazımdır ki, istər I Qarabağ, istərsə də Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrindən olan birləşmələrin Qarabağda göstərmiş olduqları qəhrəmanlıqlar bütün dünyaya Azərbaycan ordusunun qüdrətini göstərdi. Sözsüz ki, bu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhlükəsizlik və hərb siyasətinə olan diqqət və qayğının nəticəsidir.

Bu gün Azərbaycan xalqı dəniz sərhədlərinin keşiyində dayanan hər bir hərbçisi ilə fəxr edir, onu özünə qürur mənbəyi olaraq bilir.

Naxçıvan Dövlət Universitetinin tələbəsi Yusif MİRZƏZADƏ

“Femida Könüllüləri” Təşkilatı Naxçıvan nümayəndəliyinin səlahiyyətli rəhbəri

Nəşr edilib : 05.08.2024 10:00