AZ EN RU

100 yaşlı Naxçıvanda muxtariyyətin hüquqi statusu: Muxtar respublikada insan hüquqlarının inkişafının müasir mərhələsi

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir, biz bu amili qoruyub saxlamalıyıq”.

Ulu Öndər Heydər Əliyev

Qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvanın 100 illik tarixi dövründə, ərazi bütövlüyünün qorunmasında, eləcə də təhlükəsizliyinin təmin edilməsində onun muxtariyyət statusunun xüsusi rolu olmuşdur. Bu zaman aşırımında muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, böyük bir inkişaf yolu keçmişdir.

Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilmişdir. Bu müqavilələr Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynamışdır. Belə ki, RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanmış 16 maddə və 3 əlavədən ibarət Moskva müqaviləsinin 3-cü maddəsinə əsasən razılığa gələn hər iki tərəf həmin müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəyi şərti ilə razı olmuşlar.

Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars kimi beynəlxalq müqavilələr reallaşdırmışdır. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat vermişlər. Bu müqavilələrlə Naxçıvana muxtariyyət statusu verilsə də, Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevral ayına kimi uzadılmışdır. Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmişdir.

Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

1990-cı ilin noyabr ayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən 12-ci çağırış Naxçıvan MSSR Ali Məclisinin ilk sessiyasında tarixi qərarlar qəbul olunaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin adı isə dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayraq bərpa olunaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir.

1995-ci ilin 12 noyabrında Azərbaycan və Naxçıvan parlamentlərinə ilk demokratik seçkilər keçirilmiş, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu tarixi sənəd ölkəmizdə başlanan quruculuq tədbirlərinə, siyasi və iqtisadi sistemin dəyişdirilməsinə sanballı hüquqi baza yaratmış, müstəqil dövlətçiliyimizin gələcək inkişafını əsaslandırmış, Naxçıvan Muxtar Respublikasına isə Azərbaycanın tərkibində Muxtar Dövlət statusu verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması öz əksini tapmışdır.

Azərbaycanın müasir Konstitusiyasının qəbul edilməsi muxtar respublikada yeni Konstitusiyanın qəbulunu zəruri etmişdir. Belə ki, həmin Konstitusiyada “Naxçıvan Muxtar Respublikası” başlıqlı VIII fəsil nəzərdə tutulmuş, həmin fəsil daxilindəki 134-cü maddədə muxtar respublikanın Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması təsbit edilmiş, bütün bunlar isə muxtar respublikanın Əsas Qanununun qəbul edilməsini şərtləndirmiş, nəticədə, 29 dekabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilmişdir.

Muxtar respublikanın yeni Konstitusiyası demokratik tələblərə cavab verməklə Naxçıvanın muxtariyyətinin hüquqi əsaslarını özündə birbaşa əks etdirmişdir. Bu Konstitusiya sayca dördüncü Konstitusiya olmaqla yanaşı, Naxçıvanın müstəqil Azərbaycanın tərkibində, sovet ideologiyasından kənar qəbul edilmiş ilk milli Konstitusiyasıdır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 1-ci maddəsinə əsasən Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.

1926, 1937, 1978 və 1998-ci illərdə qəbul edilmiş konstitusiyaların hər biri Naxçıvanın muxtariyyət statusundan irəli gələn normaları özündə ehtiva etməklə muxtar ərazi statusunun möhkəmləndirilməsində, sabit dövlət quruculuğunun formalaşmasında, idarəçiliyin təkmilləşdirilməsində başlıca amil kimi çıxış etmişdir.

Naxçıvanın muxtariyyət yubileyləri ötən dövr ərzində xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilmişdir. Bu yubileylər içərisində əlamətdar olanları Azərbaycanın müstəqillik qazandıqdan sonrakı dövrlərdə keçirilən yubileyləri olmuşdur. Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində Naxçıvan Muxtar Respublikasının yubileyinin keçirilməsi ilə bağlı ilk dəfə 1999-cu il fevral ayının 12-də xalqımızın Ümummilli Lideri Heydər Əliyev Fərman imzalamışdır. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında olan bu Fərman gələcək yubileylərin keçirilməsinə zəmin hazırlamış, muxtariyyət yubileylərinin keçirilməsi ənənəsini formalaşdırmışdır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin qeyd edilməsi haqqında” 2004-cü il 9 fevral tarixli, “Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin qeyd edilməsi haqqında” 2009-cu il 6 fevral tarixli, “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd edilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli sərəncamlar muxtar respublikaya göstərilən yüksək dövlət qayğısının ən bariz nümunələridir. Sözü gedən sərəncamların imzalanması Naxçıvanın tarixinin öyrənilməsi, ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanması, möhkəmləndirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi üçün çox böyük tarixi, siyasi əhəmiyyət daşımışdır. 2024-cü ildə yaradılması Ümummilli Lider Heydər Əliyev tərəfindən tarixi nailiyyət kimi qiymətləndirilən Naxçıvan Muxtar Respublikasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 30 dekabr tarixdə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır ki, hazırda Sərəncamın icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Ölkəmizdə insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi, vətəndaşların hüquq institutlarına inamının artırılması, onların müraciət etmək imkanlarının asanlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında ardıcıl şəkildə davam etdirilir, əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Muxtar respublikada sosial-iqtisadi və demoqrafik inkişafa uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə ölkə başçımız İlham Əliyev tərəfindən 2006-cı il 2 noyabr tarixdə “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Fərman imzalanmışdır. Fərmanın qəbulundan ötən dövr ərzində muxtar respublikamızda insan hüquqlarının müdafiəsi mexanizmlərinin fəaliyyət dairəsi daha da genişlənmiş, məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilmiş, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikamızda hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsi təmin edilmiş, vətəndaşların hüquq institutlarına inamı artırılmış, onların müraciət etmək imkanları asanlaşdırılmışdır.Muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri də Müvəkkil təsisatının yaradılması olmuşdur.

Muxtar respublikada Müvəkkil təsisatı bu gün fəaliyyətini preventiv və monitorinq mexanizm funksiyalarının icrası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət orqanları və bələdiyyələrlə, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində quraraq davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 22 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi Naxçıvan Muxtar Respublikasında effektiv idarəçiliyin təmin edilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət etmiş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi hüquq institutlarına, o cümlədən Ombudsman təsisatına inamı artırmışdır.

Həmçinin muxtar respublikada vəkillik sahəsində mühüm islahatlar aparılmış, muxtar respublikanın rayonlarında vəkil büroları yaradılmış, gənc hüquqşünaslardan ibarət gənc hüquq korpusu formalaşdırılmış, vəkillərin sayı ötən illərlə müqayisədə artmışdır.

Dövlət idarəçiliyində yeni düşüncə tərzinin formalaşdırılması məqsədilə muxtar respublikada “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə, şəffaflığın artırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə müsbət təsir göstərmiş, vətəndaş məmnunluğu təmin edilmişdir.

Muxtar respublikada ölkə Konstitusiyasında təsbit edilən fundamental hüquq və azadlıqlar, həmçinin əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli təmin olunması və müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir, əhalinin müxtəlif sosial qruplarının – qadınların, gənclərin, ahıl vətəndaşların, müharibə veteranlarının, şəhid ailələrinin və məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən uğurlu iqtisadi və sosial islahatlar regionun iqtisadiyyatının inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə xidmət edir.

Muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması və həyat səviyyəsinin yüksəldilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən hərtərəfli sosial müdafiə tədbirləri, xüsusilə əhalinin məşğulluğunun təmin olunması istiqamətində aparılan islahatlar sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payını da yüksəltmiş, onların maddi rifah halının daha da yüksəldilməsinə, aztəminatlı təbəqənin aktiv əməyə cəlb edilməsinə və özünüməşğulluğun təmin edilməsinə əlverişli zəmin yaratmışdır.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara qayğı məqsədyönlü və humanist siyasətin tərkib hissəsidir. Ötən dövrdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial, tibbi və defaktoloji xidmətlərin, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər məhdud fiziki imkanlı uşaqların özlərini cəmiyyətdən təcrid etməsinin qarşısını almış və onların hərtərəfli inkişafında mühüm rol oynamışdır.

Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması muxtar respublikada daim diqqət mərkəzində saxlanılan sahələrdəndir. Muxtar diyarımızın sosial-iqtisadi inkişafının təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaratmışdır. Hazırda ahıl vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi, sağlamlıqlarının qorunması və tibbi reabilitasiyası həyata keçirilir, muxtar respublikada ahıl vətəndaşların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində davamlı inkişafı təmin edilir.

Muxtar respublikada müharibə əlillərinin, veteranların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının daha da yaxşılaşdırılması sahəsində genişmiqyaslı və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və hərtərəfli dövlət qayğısı göstərilir, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları yüksək səviyyədə həyata keçirilir. Cəmiyyətimizin bu həssas kateqoriyadan olan insanları müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə onlar mənzil və avtomobillərlə təmin olunurlar. Həyata keçirilən bu tədbirlər Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunun bariz ifadəsidir.

Ümummilli Liderin irsinin, ənənələrinin qorunub yaşadıldığı muxtar respublikamızda həyata keçirilən dövlət qadın siyasəti qadınların hüquqlarının etibarlı müdafiəsini təmin etməklə cəmiyyətdə mövqelərini daha da möhkəmləndirir, qadınlar ictimai-siyasi və sosial-mədəni həyatda fəallıqları ilə seçilirlər. Muxtar respublikada qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi, qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin edilməsi, öz gəlirləri ilə ailə büdcəsinə dəstək olması və onların müvafiq peşə kurslarına cəlb olunması üçün geniş dövlət dəstəyi göstərilir, fərdi qabiliyyətləri və maraqlarına uyğun fəaliyyət mühiti yaradılır, istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışları, müxtəlif yaradıcılıq müsabiqələri təşkil edilir. Həyata keçirilən kompleks tədbirlər qadın sahibkarlığın inkişafını, qadınların öz potensiallarının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artırır, onların qabiliyyət və bacarıqlarının aşkar edilməsində, asudə vaxtlarının səmərəli təşkilində, rifah halının yüksəldilməsində, milli dəyərlərin təbliğində mühüm əhəmiyyət kəsb etməklə həm də gələcək fəaliyyət üçün böyük stimul verir.

Bu gün Naxçıvan Muxtar Respublikasında gənclərə yüksək diqqət və qayğı göstərilir, məqsədyönlü şəkildə davam etdirilən dövlət gənclər siyasəti diyarımızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakını günün reallığına çevirir. Mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayan gəncliyə və gənclərə etimad artıq öz təsdiqini tapmaqdadır. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, intellektual səviyyəsi və dünyagörüşünün artırılması məqsədilə müəyyənləşdirilmiş düzgün iş strategiyasının yerinə yetirilməsi nəticəsində hər bir muxtar respublika gənci elm, mədəniyyət, idman, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, irimiqyaslı layihələrin icrasında, idarəetmədə, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi, sosial-iqtisadi problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir.

Muxtar respublikada azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, əmək hüquqlarının təmin edilməsi, cəmiyyətə adaptasiyası və müxtəlif peşə vərdişlərinə yiyələnməsi daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzdindəki yaradıcılıq və istehsalat sahələrində məhkumlar müxtəlif peşələr üzrə kurslara cəlb edilir, onların əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilir, azadlığa buraxıldıqdan sonra sosial adaptasiyası və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaradılır. Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların barəsində humanist cəza siyasətinə əsaslanan tədbirlərin uğurla davam etdirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edir.

Ötən dövrdə muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi uğurla davam etdirilmişdir. Belə ki, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində innovativ metodların tətbiqi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması təmin olunmuş, miqrantların qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısı alınmışdır.

Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində innovativ yeniliklərin geniş tətbiqi, informasiya-kommunikasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadə, dövlət orqanlarının internet informasiya ehtiyatlarının formalaşdırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulması, jurnalist peşəkarlığının yüksəldilməsi, azad mətbuatın fəaliyyət göstərməsi, keyfiyyətli və sürətli internetə çıxış imkanlarının yaradılması, söz və fikir azadlığının təmin olunması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən kompleks tədbirlər informasiyaların daha operativ əldə edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına da şərait yaradır.

Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qətiyyət və uğurla reallaşdırıldığı muxtar respublikamızın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl və uğurla həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinə və davamlı inkişafına öz töhfəsini verməkdədir.

Bu il 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan muxtariyyəti artıq tərəqqi və inkişafın ən yüksək zirvəsini yaşayır. İnanırıq ki, həyata keçirilən islahatlar müstəvisində Naxçıvanda hüquqi dövlət quruculuğu bundan sonra daha da genişlənəcək, sosial-iqtisadi sahələrdə inkişaf dinamikası sürətlənəcək, əhalinin rifah halı daha da yaxşılaşacaqdır.

Rəşid TALIBOV

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkilinin (Ombudsmanın) köməkçisi

Nəşr edilib : 16.07.2024 16:06