AZ EN RU

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib

"Şərq qapısı"ndan verilən məlumata görə avqustun 1-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.  Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli bildirib ki, dünyanın qədim və zəngin tarixə malik dillərindən olan Azərbaycan dili min illərin sərt sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” ,– deyən Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir.

Vurğulanıb ki, dahi şəxsiyyətin siyasi hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir.
Qeyd olunub ki, doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşan ölkə başçısı cənab İlham Əliyev tərəfindən dövlət dil siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları, həmçinin ölkə başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli terminologiyamızın inkişafına, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələlərinə öz töhfəsini vermişdir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ən böyük milli dəyərimiz – ana dilimiz” mövzusunda çıxışında vurğulayıb ki, xalqımızın böyük ədəbi şəxsiyyətləri, şair və yazıçıları ana dilimizin saflığı uğrunda mübarizə aparıb, bu dildə gözəl sənət nümunələri yaratmaqla yaşamasına, unudulmamasına şərait yaradıblar. 

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərindən Tofiq Qəbul, Məftunə Nur, Təranə Arifqızı tərəfindən ana dili ilə bağlı şeirlər bədii qiraət olunub.
Tədbirin sonunda kitab sərgisinə baxış keçirilib.

Nəşr edilib : 01.08.2024 17:14