AZ EN RU

1-7 Avqust – Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsidir

Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi və Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə işləri aparılır. 
Şərur rayonunun Aşağı Yaycı kəndində keçirilən tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Cəfərov açaraq mövzunun əhəmiyyətindən danışıb. 
Tədbirdə çıxış edən “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin həkim-pediatrı Gülarə Səfixanlı bildirib ki, yeni doğulmuş körpələrin ilk altı ay ərzində yalnız ana südü ilə qidalanması daha məqsədə uyğundur. Ana südü körpə üçün ən sağlam qidadır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək
bildirib ki, Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalanmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır. Körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin artırılması, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, eyni zamanda süni qidaların riskləri barədə valideynlərin məlumatlandırılması maarifləndirmə işlərinin əsas hissəsini təşkil edir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzuda hazırlanmış 30 broşür paylanılıb.

Nəşr edilib : 06.08.2024 09:51