AZ EN RU

Yurd sevgisi...

Bizi Gərməçatağa səsləyən yaradılan şərait, yurd sevgisi idi

    “Ermənilərin kəndimizə etdiyi ilk həmlə indiki kimi yadımdadır. Gərməçatağı dövrəyə alan dağlar, dərələr heç vaxt eşitmədiyi top-tüfəng səsləri ilə lərzəyə gəldi, təbiətin ahəngi dəyişdi. Açığı, ilk vaxtlar onların bu işə qol qoyacağına inanmaq istəmirdik. Axı dünənə qədər qonşu bilib onlara evimizin qapılarını taybatay açmışdıq, süfrəmizin başında oturtmuşduq. Necə oldu ki, bizim bu qonaqpərvərliyimizin, insaniyyətimizin qarşısında onlar xain, dönük çıxdılar, – deyə düşünürdük. O vaxt çoxumuz cavan idik, gördüklərimizə inana bilmirdik. Ağsaqqallar, ağbirçəklər deyirdilər ki, bala, bu bədnamlıq onların xislətindədir. Azərbaycanlılara qarşı bəslədikləri kin-küdurət bir-iki günün söhbəti deyil. Çörəyi dizinin üstündə olanlardan heç nə gözləməyin. Düşmənçilik onların qanındadır... Uzun sözün qısası, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın bütün sərhəd kəndləri kimi Gərməçataq da erməni işğalı təhlükəsi ilə üz-üzə qalmışdı”.

    Soyuq bir yanvar günündə, isti ocağında halal süfrəsinin ətrafına toplaşdığımız gərməçataqlı Piri İsmayılov xatirələri ilə olub-keçənləri yada salır: “Yaşlı və orta nəslin nümayəndələri yaxşı  bilirlər ki,  həmin vaxt  Naxçıvan çətin günlər yaşayırdı. Zülmət qaranlığa qərq olan yaşayış məntəqələri, ərzaq qıtlığı, sonu görünməyən çörək növbələri və üstəgəl, erməni quldurlarının sərhədyanı kəndlərə hücumu naxçıvanlılara məşəqqətli və məhrumiyyətli günlər gətirmişdi. Səhəri səngərdə qarşılayıb, axşamı da orada yola salırdıq. Naxçıvandan, eləcə də ölkəmizin digər yerlərindən olan ərlər-ərənlər döyüşlər zamanı dadımıza yetdi. “El bir olsa, dağ oynadar yerindən”, – deyib atalarımız. Əlimizdə ov tüfəngi olsa da, hamımızın qəlbində tükənməz Vətən sevgisi, torpaq təəssübkeşliyi, hünər, qorxmazlıq var idi. Ulularımızdan bizə miras qalan yurda bağlılıq, onu dərin məhəbbətlə sevmək  bizim üçün ən güclü ordu, silah-sursat demək idi. Xalqımızın dahi oğlu Heydər Əliyev məhz belə çətin günlərdə köməyimizə gəldi. Naxçıvanı erməni işğalından qorudu, onu hifz etdi, yaşatdı. Yağı düşmənin arzusu, niyyəti puç oldu. Necə deyərlər, yolun altı ilə gələnlər üstü ilə qayıtmalı oldular…”

    Piri İsmayılov o dövrün şəraitsizliyi ucbatından məcbur olaraq bəzi ailələrin Gərməçataqdan getmək səbəblərini də açıqlayır: “Sovet hökuməti 70 il ömür sürdü, bu kənddə daşı daş üstünə qoymadı. İmperiyanın mərkəzindən bir xeyli uzaqda yerləşən dağ kəndinin problemləri aşıb daşsa da, bununla maraqlanan olmadı. İnsan yaşadığı yerdə, təbii ki, yaxşı şərait, gün-güzəran, övladı üçün yaxşı gələcək qurulmasını istəyər. Amma o vaxt bütün bunların hamısı, sadəcə, xəyal idi. Kəndin yayı başqa, qışı başqa cür çətin olurdu. Sizi inandırım, elə ki yer bir balaca ağardı, yollar tamamilə bağlanırdı. Rayonla, muxtar respublikanın digər yaşayış məntəqələri ilə əlaqə tamam kəsilirdi. Beləcə, bir neçə ailə ilə birgə kəndi tərk edib paytaxt Bakıda və ölkəmizin digər şəhərlərində yaşamağa məcbur olduq. Bizim üçün, həqiqətən, çətin idi, doğma od-ocaqdan uzaq düşmək, Gərməçataq həsrəti ilə yaşamaq... Amma kənddən çıxanda da qohum-qardaşa demişdim ki, bu gediş həmişəlik deyil. Bir gün qayıdacağıq. Vaxt deyə bilmərəm, amma bir gün mütləq... Pis- yaxşı kəndimizdən ayrı 10-12 il ömür yaşadıq. Artıq aradan illər keçmişdi. Və biz qohum-əqrəba ilə telefon danışıqlarımızdan, Bakıya gələn tanış naxçıvanlılardan eşidirik ki, blokada Naxçıvanı başdan-başa yenidən qurulur. Kəndlər, şəhərlər abadlaşır, insanların sosial qayğıları həll olunur, uşaqlarımızın gələcəyinə qayğı ilə yanaşılır. Özü də bu işlərə əvvəlcə ucqar dağ və sərhəd kəndlərindən başlanılmışdı. Bunun özü də dövlətimiz tərəfindən düşünülümüş, uzaq gələcəyə hesablanmış bir addım idi. Yəni kəndli görsün ki, iş, gün-güzəran, yaxşı şərait olan yerdə hər fəsil gözəldir. İnanın, Bakıda olarkən bu xəbərləri hər eşidəndə qəlbim dağa dönürdü. Doğma yurdumun belə günlərə qədəm qoyması ilə qürurlanırdım. Bir gün atam-anamla məsləhətləşdik və qərara gəldik ki, kəndə dönək. Bizi Gərməçatağa səsləyən yaradılan şərait, yurd sevgisi idi. İnsan belədir də, onun üçün doğulduğu, dünyaya göz açdığı torpağın əvəzi yoxdur. Qərara aldım ki, mənim övladlarım da  burada böyüyüb təhsil almalı, Kərətəpənin, Qaraquzeyin arxasında, qalib Azərbaycan əsgərinin qarşısında məğlub simada dayanan düşmənini tanımalı, keçmişdən xəbərdar olmalıdır. Budur, həmin gün gəlib çatıb və biz artıq Gərməçatağa qayıtmışıq. Özü də bizdən başqa, daha 3 ailə kəndə köç edib.
    Qalib Azərbaycan Ordusundan söz düşmüşkən, başında topa-topa ağ buludların dolaşdığı bu dağlarda cəsur Azərbaycan əsgəri igidliklə Vətənin keşiyini çəkir. Özü də əlində ən müasir atıcı silahla, qəlbində sonsuz yurd sevgisi ilə... Biz də tez-tez onlara baş çəkir, bayram və əlamətdar günlərdə əsgər və zabitlərin  yanında oluruq, sovqatlar aparırıq. Xalq daim ordunun yanındadır. Bu oğullar bugünkü müstəqilliyin, inkişafın, sabitliyin keşiyində dayanıblar. Bu gün Vətən müharibəsində gücümüzü görən məğlub düşmən öz qınında gizlənibsə, mərmi səsi bu kəndə yaddırsa və biz 90-cı illərdəki kimi  ah-vayla yaşamırıqsa, deməli, bunun bir səbəbi var: Qalib Azərbaycan Ordusu”.
    Haşiyə: Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə döyüş və mənəvi-psixoloji hazırlığını hər gün artıran Əlahiddə Ümumqoşun Ordunun Gərməçataq kəndində yerləşən hissə və bölmələri də ən yüksək məişət şəraitinə malikdir. Maddi-texniki təminatın artırılması, “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!” şüarının əldə rəhbər tutulması buradakı şəxsi heyətin də nümunəvi xidmətinin əsasını təşkil edir. 
    Piri İsmayılov deyir ki, artıq torpaq sahibi, məhsul yiyəsiyik. Kəndimizdə elə bir ailə yoxdur ki, onun öz təsərrüfatı olmasın, ailə təsərrüfatlarının da sayı getdikcə artır.  Dövlət də bizim yanımızdadır. İstehsal etdiyimiz məhsulları Naxçıvan şəhərində və rayon mərkəzi Babək şəhərində təşkil olunan festival və yarmarkalarda  sata bilirik. Gərməçataq balının, cəvizinin əvəzi yoxdur. Ötən illərlə bu günü müqayisə edəndə deyirəm ki, indi təsərrüfat qurmağa, sahibkar olmağa nə var ki...
    İllər öncə hansı ümidlə, hansı arzuyla buradan köç etmişdiksə, indi həmin şəraitin ən yaxşısı  qapımızadək gəlib çıxıb. Bu gün Gərməçataqda sürətli internet şəbəkəsindən, teleötürücü qüllədən, “Naxtel” mobil operatorundan hər kəs istifadə edə bilir. Yeni iş yerləri açılıb. Hər kəs yaşadığı mənzili müasir layihə əsasında qurur-yaradır. Evlərdə daimi işıq, təbii qaz, isti su… İnsana bundan artıq nə lazımdır?        
    Hərdən ömür-gün yoldaşım Xeyrənsə xanıma deyirəm ki, indiki dövrdə siz qadınların da qayğısı azalıb. Yeri gəlmişkən, həyat yoldaşım kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Özüm isə 2017-ci ildə muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilən kənd mərkəzində kitabxanaçı işləyirəm. Kəndə bir gözəllik gətirən bu  tikililər  başqa bir mövzudur. Onları görəndə gənclik illərimə qayıdıram, kədərlənirəm. Kaş bizim də uşaqlığımız müstəqillik illərinə təsadüf edəydi. Sevinirəm ki, artıq bizim uşaqlarımız müharibə, qorxu əhvali-ruhiyyəsində deyil. Onlar  hər cür şəraitlə təmin edilmiş məktəb binasında yaxşı təhsil alaraq həkim, mühəndis, zabit, jurnalist, müəllim olmaq arzusundadırlar. Bunun qədir-qiymətini bilmək lazımdır. Heç uzağa getmirəm. Düşmənin Naxçıvanla sərhəddə yerləşən kəndlərində acınacaqlı vəziyyət hökm sürür. Tez-tez Naxçıvan televiziyasından izləyirik ki, müəllimlər əməkhaqlarını vaxtında ala bilmir, tədris ocaqlarında istilik yoxdur, valideynlər şəraitsizlik ucbatından uşaqlarını məktəbə göndərmir və sair və ilaxır. Güclü iqtisadiyyatı, qüdrətli ordusu olan Azərbaycan adlı məmləkətin vətəndaşı olduğumuz üçün qürur duyuruq. Bir valideyn kimi, bir gərməçataqlı kimi bu şəraiti yaradanlara minnətdaram.

 *   *   *

    Bir zamanlar şəraitsizlik ucbatından məcburiyyət qarşısında qalıb Gərməçatağı tərk edənlər bu gün doğma ata ocağını yenidən alovlandırıblar. Məncə, bu, İsmayılovların timsalında kəndə qayıdan hər 3 ailənin yazdığı kiçik bir hekayədir. Adı isə “Yurd sevgisi”dir...

 Muxtar RZAZADƏ

Nəşr edilib : 26.01.2022 20:17