AZ EN RU

Yubiley tədbiri keçirilib

    Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.
    Kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Həqiqət və gözəllik şairi – Hüseyn Cavid” adlı mövzu ilə çıxış edərək bildirib ki, Azərbaycan romantizminin banilərindən olan Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. Yüksək bədii sənətkarlığı, dərin emosionallığı ilə seçilən Hüseyn Cavid poeziyası milli ədəbiyyat tarixində yeni bir dövrün başlanğıcını qoymuşdur.
    AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ələkbər Qasımov “Hüseyn Cavid və Naxçıvan teatrı” və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun doktorantı Aysel Behbudlu “Hüseyn Cavidin siyasi və hüquqi görüşləri” adlı mövzularla çıxış edərək bildirilər ki, Hüseyn Cavidin fəlsəfi və tarixi faciələri, dramları üslub, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmişdir. Azərbaycan ədəbiyyatında mənzum faciə və tarixi dramların ilk nümunələrini yaradan sənətkar ədəbiyyatımızı həm mövzu baxımından, həm də parlaq xarakterlərlə zənginləşdirərək milli bədii fikir tariximizdə mühüm yer tutmuşdur. Bu zəngin bədii irs  milli teatr tarixində “Cavid teatrı” kimi səciyyələndirilmişdir.
    Sonra tədbir iştirakçıları Hüseyn Cavidə həsr olunmuş “Əbədiyyətə gedən yol” adlı sənədli filmə baxıblar.
    Tədbirin sonunda “Hüseyn Cavid-140” adlı sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.10.2022 19:18