AZ EN RU

Yerli istehsal məhsulları istehlak bazarında yüksəkkeyfiyyətliliyi və rəqabətqabiliyyətliliyi ilə seçilir

    Muxtar respublikada yaradılmış münbit şərait yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli və müasir standartlara cavab verən yerli istehsal məhsullarının istehsalına, dünya bazarlarına çıxarılmasına, həmçinin ixrac potensialının daha da genişlənməsinə əlverişli imkanlar açmaqdadır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində keyfiyyət amili, xüsusilə diqqətdə saxlanılmışdır. Cari ilin avqust ayında qida məhsullarının 95 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. 
    “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində avqust ayı ərzində bal məhsulunun 29 halda laboratoriya analizi aparılmış, nəticələrin standartın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.  

    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 19, meyvə-tərəvəz məhsullarının isə 33 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur. Hesabat dövründə məhsulların düzgün markalanmasına dəstək göstərilməsi istiqamətində təsərrüfat subyektlərinin müraciəti əsasında emal olunmuş kənd təsərrüfatı məhsulları üçün 4 etiket layihəsi standartlara uyğun olaraq hazırlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası üzrə avqust ayı ərzində sənaye məhsullarının 26 halda laboratoriya analizləri aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında ailə təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və ixracına dəstək verilməsi istiqamətində tapşırıqların icrası çərçivəsində “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə avqustun 12-də Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, ümumilikdə, 25 ailə təsərrüfatının nümayəndələrinə maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Görüşlər zamanı ailə təsərrüfatı məhsullarının tədarükünü və satışını asanlaşdırmaq məqsədilə ölkəmizin digər bölgələrində ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektlərinə məxsus 25 ünvan kartı ailə təsərrüfatı nümayəndələrinə paylanılmışdır.
    Hesabat ayında 3 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 13 etiket layihəsi hazırlanmışdır. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ötən ay İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 34 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmiş və sınaq protokollarının surəti aidiyyəti üzrə ailə təsərrüfatlarına çatdırılmışdır. Avqust ayı ərzində İqtisadiyyat Nazirliyi ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən 93 iri ictimai iaşə obyektinə ailə təsərrüfatı məhsullarının növ və çeşidlərini özündə əks etdirən müvafiq kataloqlar təqdim olunmuşdur.
    Ali Məclis Sədrinin xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verdiyi tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir.
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə ötən ay 30 təsərrüfat subyektinin rəhbəri ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, texniki-normativ hüquqi aktlara və standartlara uyğun fəaliyyətin təmin olunması üçün müvafiq tövsiyələr verilmişdir. 
    Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində avqust ayı ərzində Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birgə heyvan mənşəli məhsul istehsal edən 3 müəssisədə maarifləndirmə xarakterli görüş keçirilmiş, məhsullardan 3 halda nümunələr seçilərək laboratoriyaya təqdim edilmiş, analizlər üzrə heyvan mənşəli xəstəlik və ya bakteriya aşkar olunmamışdır.
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş, müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalı və satışı məhdudlaşdırılmışdır. 
    Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət

Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 13.09.2022 19:37