AZ EN RU

Yeniyetmə atletimiz Azərbaycan birincisi olub

    Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə ölkə birinciliyi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazir­liyi və Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkə­nin bütün bölgələrindən 150-yə yaxın atlet öz qüvvəsini sınayıb.
    Məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə Naxçıvan Atletika Federasiyasının idmançısı Həsən Babayev yarışa qatılmaqla medallar uğrunda mübarizə aparıb. Təmsilçimiz etimadı doğruldaraq mükafatçılar sırasına düşməyi bacarıb. O, yaşı 15-ə qədər olan atletlərin yarışında 89 kiloqram çəki dərəcəsi üzrə qızıl medal qazanıb. İdmançımız birdən 94 kiloqram, təkanla qaldırmada isə 122 kiloqramlıq çəkini ram edərək toplamda 216 kiloqram nəticə ilə öz çəkisində ölkə birincisi olub. Yeniyetmə atletimiz bu göstərici ilə ötən ay kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatındakı nəticəsini də geri qoyub. Həmin yarışda toplamda 195 kiloqram nəticəyə nail olan Həsən (85+110=) 4-cü yerə layiq görülmüşdü.
    Qeyd edək ki, ötən ay yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasına dəvət alan Həsən Babayev qarşıdakı təlim-məşq toplanışlarında iştirak edəcək. Bu proses 2022-ci ilin avqust ayında Polşada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 16.05.2022 19:15