AZ EN RU

Yeni terapiya növlərinin tətbiqinə başlanılıb

    Müasir səhiyyədə fizioterapiya ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Müəyyən xəstəliklər var ki, bu üsulla müalicə edildikdə cərrahi əməliyyatlara da ehtiyac duyulmur. Bu səbəbdən dövlətimiz də bu müalicə metodunun tətbiqinə xüsusi diqqət yetirir.    
    Son illər muxtar respublikada reabilitasiyalar aparılan müəssisələrdə lazımi şərait yaradılıb, bu sahə üzrə maddi-texniki baza gücləndirilib. 2015-ci ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reabilitasiya şöbəsində də müasir tibbin ən son yeniliklərini əhatə edən fizioterapiya, hidroterapiya bölmələri yaradılıb, Naftalan nefti ilə müalicə bölməsinin fəaliyyəti təmin edilib. Hazırda burada müxtəlif vasitələrlə fizioterapevtik müalicələr aparılır. İnsanların sağlamlığının qısa zamanda bərpa olunması məqsədilə şöbədə 3 yeni terapiya növünün tətbiqinə də başlanılıb.        
    Hilterapiya – yüksək intensivlikli lazer, barokamera – hiperbarik oksigen və quru iynəbatırma terapiyalarının tətbiqi sayəsində artıq müvafiq xəstəliklərdən əziyyət çəkən sakinlər başqa yerlərə üz tutmadan müalicə imkanı əldə edirlər.
    Yüksək intensivlikli lazer terapiyası, yəni hilterapiya bel və boyun nahiyələrində olan yırtığın müalicəsində kliniki effekt əldə etməyə kömək edir. Bu məqsədlə İtaliya istehsalı olan aparatın lazer şüasından istifadə edilir. Hansı ki bu şüa toxumaların daha dərin qatlarına təsir edir. Nəticədə, ağrı tez bir zamanda aradan qalxır, oynaqlarda hərəkətlilik bərpa olunur. 
    Digər yenilik barokamera isə şəkərli diabetdən tutmuş damarların tutulmasına qədər bir çox sağlamlıq problemlərində tətbiq oluna bilir. Hiperbarik oksigen terapiyası 2-3 dəfə təzyiqi artırılmış oksigenin tüp formasında orqanizmə verilməsi hesabına həyata keçirilir. Müalicə müddəti və seansların sayı xəstənin vəziyyətinə görə dəyişir.     
    Quru iynəbatırma isə müxtəlif nahiyələrdə baş verən ağrıların aradan qaldırılmasında yüksək effektiv təsirə malikdir. Tamamilə zərərsiz və ağrısız olan bu müalicə metodunun müalicəvi təsiri bədəndə yerləşən müxtəlif nöqtələrə iynəbatırma vasitəsilə həyata keçirilir. İynəbatırmanın ağrıkəsici, stimulyasiyaedici, sakitləşdirici və iltihaba qarşı effektiv təsirləri vardır. Xəstəliyin ilkin dövründə müalicə aparılarsa, maksimal effekt göstərir.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında tətbiq olunan bu cür yeniliklər üçün mütəxəssis hazırlığı işi də yüksək səviyyədə təşkil edilib. Bəhs etdiyimiz hər üç yeni tibbi metodun tətbiqini yüksək səviyyədə təmin etmək məqsədilə xəstəxanada konfrans keçirilib, iştirakçılara slaydlar vasitəsilə ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.11.2022 19:50