AZ EN RU

Yeni təlimlərə 50 müəllim cəlb olunub

    STEAM tədris metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir. Belə ki, bu günədək 108 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, 2022-2023-cü tədris ilində isə daha 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. 

    STEAM tədris metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 300-dən çox müəllim təlimlərdə iştirak edib. Bu sahədə görülən işlərin davamı olaraq oktyabrın 3-dən noyabrın 5-dək keçiriləcək yeni təlimlərə isə 50 müəllim cəlb olunub. Təlim müddətində müəllimlərə STEAM təhsilinin mahiyyəti və sadə modellərin hazırlanması, arduino vasitəsilə müxtəlif layihələrin hazırlanması, 3D çap qurğusunda prototiplərin hazırlanması, mindstorms lego EV3 modelinin qurulması, kodlaşdırılması və layihələndirilməsi öyrədiləcək.
    Sonda müəllimlər sertifikatla təmin ediləcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.10.2022 21:34