AZ EN RU

Yeni nəşrlərin təqdimatı olub

    Naxçıvan Dövlət Universitetində Şirməmməd Qulubəylinin Azərbaycan və ingilis dillərinə dair kitablarının təqdimatı olub.
    Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev ali təhsil ocağında professor-müəllim heyətinin yeni dəyərli metodik vəsait və kitab nəşrlərinin sayının artmasını yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, universitetin Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəylinin “Müasir Azərbaycan dilində ismi funksional-semantik sahələr” monoqrafiyası və “İngiliscə-Azərbaycanca danışıq” kitabları daim yenilik tələb edən dil sahəsinə mühüm töhfə olaraq dəyərləndirilməlidir. Bildirilib ki, kitablar orta və ali məktəblərdə təhsilverən və təhsilalanların işini sadələşdirərək bu ixtisası daha asan mənimsəməyə yardımçı olacaq vasitədir. 
    Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova diqqətə çatdırıb ki, müəllif 256 səhifədən ibarət “Müasir Azərbaycan dilində ismi funksional-semantik sahələr” monoqrafiyasında Azərbaycan dilinin qrammatikasına aid önəmli məlumatlardan bəhs edib. 
    Roman-german dilləri kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əli Allahverdiyev bildirib ki, monoqrafiyada bütün dil vasitələri tədqiqata cəlb olunub. 
    İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə yeni nəşrdə dilçilikdə sahə nəzəriyyəsi, mənsubiyyət kateqoriyasının Azərbaycan dilçiliyində və türkologiyada tədqiqinə dair və bir sıra mühüm mövzuların öz əksini tapmasından danışıb. 
    Dilşünaslıq ixtisası üzrə II kurs magistrant Lalə Rzayeva müəllifin gərgin əməyi sayəsində ərsəyə gələn kitabların tələbələr üçün çox faydalı olduğunu bildirib.
    Sonda müəllif kitabların nəşrində göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 11.03.2022 19:03