AZ EN RU

Yeni məşqçilərlə müqavilə imzalanıb

“Naxçıvan Palace” otelində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yeni baş məşqçisi Azər Bağırov və klubun futbol akademiyasının direktoru Adil Şükürovun təqdimat mərasimi keçirilib.

İlk olaraq, “Araz-Naxçıvan”ın 55 illik yubileyində göstərdiyi köməkli görə bəzi dövlət qurumları xüsusi plaketlərlə təltif olunub. Mükafatları klubun idarə heyətinin üzvləri Hümbət Qəhrəmanov və Tural Hüseynəliyev təqdim ediblər.

Sonra çıxış edən Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev məşqçiləri qonaqlara təqdim edib, onlar barədə ətraflı məlumat verib.

Qarşıdakı mövsümdə Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq “Araz-Naxçıvan” klubu yeni baş məşqçi Azər Bağırovla  3  illik müqavilə imzalayıb. Təqdimat zamanı hər kəsə təşəkkürünü bildirən Azər Bağırov növbəti mövsümdə Naxçıvan təmsilçisinin əsas məqsədinin çempionluq olduğunu vurğulayıb. “Araz-Naxçıvan”-nın yeni baş məşqçisi qeyd edib ki, klubun qarşısında duran əsas vəzifələrdən biri də Naxçıvanda istedadlı gənc futbolçuları yetişdirmək, onları Azərbaycan futboluna bəxş etməkdir: “Region Liqasında bunun bir daha şahidi olduq. Komandanın heyətində gənc və istedadlı futbolçular var. Onları lazımı qaydada hazırlamaq və oyun təcrübələrini artırmaq üçün klub tərəfindən uzunmüddətli plan hazırlanıb. Bu plan-proqramla tanış olduqdan sonra Naxçıvan təmsilçisi ilə razılaşdıq. Naxçıvan Futbol Federasiyasının və “Araz-Naxçıvan”-nın qarşısına qoyduğu məqsəd böyükdür və bu pilləli şəkildə həyata keçiriləcək

Araz-Naxçıvan futbol akademiyasının yeni direktoru Adil Şükürovla klub arasında da 3 illik müqavilə imzalanıb. Təqdimat mərasimində çıxış edən yeni direktor bildirib ki, bu çətin olduğu qədər, həm də məsuliyyətli işdir. Naxçıvan futbol ictimaiyyətinin, federasiyanın, eləcə də klubun dəstəyi ilə muxtar respublikada yeni uğurlara imza atacağıq. Məqsəd burada istedadlı uşaqları üzə çıxarmaq, onları futbolumuza qazandırmaqdır.

Qeyd edək ki, hər iki məşqçi PRO kateqoriyalı məşqçidir.

Tədbirin sonunda federasiyanın və klubun idarə heyətinin üzvləri fikirlərini bildirib, yeni məşqçilərə uğurlar arzulayıblar.

Sonra Azər Bağırov və Adil Şükürovun məşqçilərlə görüşü keçirilib, fikir mübadiləsi aparılıb.

Ceyhun Məmmədov

Nəşr edilib : 17.06.2022 18:12