AZ EN RU

Yeni ili böyük ruh yüksəkliyi, gələcəyə inam, əminlik hissləri ilə qarşılayırıq

Sərxan Rüstəmov öz ailəsi ilə birlikdə yeni ili Naxçıvan şəhərinin mərkəzində qurulan, bayramın rəmzi sayılan yolkanın ətrafında, şən musiqi sədaları altında qeyd edir. Arxada buraxdığımız 2022-ci illə bağlı fikirlərini bölüşərək deyir: - Artıq bir ilimiz də ölkəmizin, xalqımızın inkişaf, yüksəliş dövrü kimi tarixə düşdü. Ölkə başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqa müraciətində də bu barədə dolğun məlumat verdi. Bəli, “Şuşa ili” olan 2022-ci ildə həm dövlətimiz, həm də xalqımız birlik göstərərək böyük uğurlara nail oldu. Qədim mədəniyyət mərkəzimiz Şuşada bir sıra beynəlxalq tədbirlər keçirildi, azadlığına qovuşan torpaqlarımızda geniş həcmli tikinti-quruculuq işləri reallaşdırıldı, Böyük qayıdış proseslərinə start verildi, Zəngilanın Ağalı kəndinin bir qrup sakininin torpaq həsrətinə son qoyuldu. Bundan başqa ordumuz daha da qüdrətləndi, yeni birliklər yaradıldı, qəhrəman əsgər və zabitlərimiz düşmənin növbəti təxribatlarına qarşı “Qisas”, “Qətiyyətli cavab” hərbi əməliyyatları keçirərək bədxahlara layiqli cavab verdi, insanlarımız həmrəylik, birlik göstərərək Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyasına başladılar. 
Müsahibizim qeyd edir ki, yola saldığımız il doğma, qədim Naxçıvanımız üçün də bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Xüsusilə də ilin sonlarına yaxın ölkə Prezidentinin atdığı mütərəqqi addım hər birimiz tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılandı. Bildiyimiz kimi, ötən il dekabrın 22-də ölkə başçısı İlham Əliyevin Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu və Fuad Nəcəfli həmin məsul vəzifəyə təyin edildi. Həm bir vətəndaş, həm də dövlət qulluqçusu kimi idarəçilik sistemində həyata keçirilən islahatları diqqətlə izlədim. Fuad Nəcəflini təyinatla bağlı qəbul edən ölkə Prezidenti Naxçıvanda görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət açdı. Tapşırıq verdi ki, səlahiyyətli nümayəndə insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin. Təqdirəlayiq haldır ki, artıq qısa zaman ötməsinə baxmayaraq Fuad Nəcəflinin insanlara qarşı sadə, səmimi rəftarı, həm Naxçıvan şəhərində, həm də bir neçə rayona səfər edərək vətəndaşların problemləri ilə yaxından maraqlanması diqqəti çəkir, sakinlər tərəfindən yüksək qiymətləndirilir. Elə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhərimizdə təşkil olunan tədbirdə insanların arasında olması, onlarla birlikdə bayramı qeyd etməsi də bizi çox sevindirdi. Onun insanlara xitabən “Arxayın olun, hər şey yaxşı olacaq” deməsi hər kəsdə böyük ruh yüksəkliyi, gələcəyə inam, əminlik hissləri yaratdı. 
Sərxan Rüstəmov bildirir ki, sakinlərin yeni il bayramını gözəl, maraqlı qeyd etməsi üçün şəhərimizdə lazımi şərait yaradılıb, teatrlarımızın kollektivləri uşaqların əylənməsi üçün bir-birindən rəngarəng səhnəciklər hazırlayıblar, müxtəlif iaşə xidmətləri insanların ixtiyarındadır. O da ailəsi ilə birlikdə bu yaradılan imkanlardan lazımınca istifadə etməyə çalışır. Hər bir həmvətəninə “Heydər Əliyev” ili kimi tarixə düşəcək 2023-cü ildə uğurlar arzulayır, ölkəmizin daha da qüdrətlənməsini, xalqımızın rifahının yaxşılaşmasını diləyir. 

Nail ƏSGƏROV

Nəşr edilib : 02.01.2023 16:39