AZ EN RU

Yeni fitnes zalı fəaliyyətə başlayıb

    Kəngərli rayonunun Qıvraq qəsəbəsində özəl investisiya hesabına yaradılan yeni fitnes zalı istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Tahir Məmmədli çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idman sahəsinə göstərilən dövlət qayğısından danışıb. 
    Qeyd olunub ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlərin nəticəsidir ki, sahibkarların bu sahəyə marağı artır və onlar da, öz növbəsində, dövlətin dəstəyi ilə gənclərin sağlam həyat tərzinə təşviqi, onların idmançı və ya məşqçi kimi karyera qurması istiqamətində görülən işlərdə yaxından iştirak edirlər. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərinin təşkili və fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında 2021-ci il 20 may tarixli Qərarına uyğun olaraq yeni fitnes zalında da monitorinq aparılıb, müvafiq qaydada sertifikatlaşdırma prosesi icra olunub. 
    Sonra fitnes zalının sahibi Səbuhi Əlişova fəaliyyət sertifikatı təqdim olunub. Sahibkar göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığını ifadə edib. Ardınca iştirakçılar zalda icra olunan ilk məşq prosesini izləyiblər.
    Qeyd edək ki, yeni fitnes zalının istifadəçiləri müasir trenajorlar, soyunub-geyinmə və hamam otaqları, həmçinin müxtəlif idman qidalarından yararlana bilərlər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.04.2022 18:16