AZ EN RU

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbirlər keçirilib

    Şərur, Babək və Ordubad rayonlarında Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və demokratik inkişafında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbirlər keçirilib. İştirakçılar əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin rayon mərkəzlərindəki əzəmətli abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. 
    Tədbirlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Şərur rayonunda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan ətraflı danışıb.
    Qeyd olunub ki, cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyası zamanın tələbindən yaranmışdır. Respublikamızda bu əsl xalq partiyasının ilk rayon təşkilatı 29 il öncə, 1993-cü il yanvarın 23-də partiyanın əbədiyaşar lideri Heydər Əliyevin iştirakı ilə Şərurda yaradılmışdır. Yarandığı ilk günlərdən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı 34 ərazi ilk təşkilatında 3000-ə yaxın partiya üzvünü öz ətrafında birləşdirirdi. Həmin vaxt partiya üzvlərimizin 370-ə yaxınını qadınlar, 510-a yaxınını isə gənclər təşkil edirdi. Hazırda rayon təşkilatının tərkibində 89 ilk təşkilat fəaliyyət göstərir. Bunlar 1 şəhər, 54 kənd, 7 məktəb və 27 idarə və müəssisə ilk təşkilatlarıdır. Rayon təşkilatının uçotunda indi 10 min 159 partiya üzvü durur. Bunların 3 min 51-ni (30 faizini) qadınlar, 2 min 267-ni (22,3 faizini) gənclər təşkil edir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinin müddəalarını, partiyanın mərkəzi aparatının qarşıya qoyduğu vəzifələri əldə əsas tutaraq qurmuşdur. 
    Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən geniş şöhrət qazanmış, cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirmişdir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın davamlı inkişafı, güclü orduya malik olması və dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutması Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir. 
   Bildirilib ki, doğma Naxçıvanımız da ulu öndər Heydər Əliyev ideyalarının işığında həyatının yeni və parlaq dövrünü yaşayır. Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun hərtərəfli inkişafı da bilavasitə bu partiyanın quruculuq prinsipləri əsasında formalaşıb. Blokada şəraitində yaşamağımıza baxmayaraq, muxtar respublikamızda Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbovun düşünülmüş siyasəti və ardıcıl fəaliyyəti nəticəsində sənaye müəssisələrinin işi nizama salınır, yeni istehsal obyektləri inşa edilir, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin, inzibati və yaşayış binalarının, yolların, körpülərin, suvarma sistemlərinin geniş şəbəkəsi yaradılır.
    Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının gəncləri Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək Azərbaycanın Tarixi Zəfərinin qazanılmasında mühüm rol oynadılar. 44 günlük Vətən müharibəsində qazanılan bu Möhtəşəm Qələbə sayəsində tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpasına nail olundu. Bu Tarixi Zəfər bir daha onu sübut etdi ki, xalqımız Heydər Əliyev ideyaları uğrunda mübarizə aparmağa hər zaman hazır və qadirdir. Buna görə də bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü Qalib Xalq kimi qeyd edirik. 
    Tədbirdə Qışlaqabbas Yeni Azərbaycan Partiyası kənd ərazi ilk təşkilatının sədri Ülkər Məmmədova və partiyanın Şərur Rayon Təşkilatının aparıcı təlimatçısı Adil Əhmədovun çıxışları dinlənilib, işlərində fərqlənən partiya üzvləri mükafatlandırılıb, partiya sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
    Sonda Şərur Rayon Mədəniyyət İdarəsi tərəfindən konsert proqramı təqdim edilib.

Heydər MƏMMƏDOV

***

    Babək rayonunda təşkil olunan tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət barədə məlumat verib və həmin vaxt tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının inkişaf yoluna nəzər salıb. 

    Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri cənab İlham Əliyevin liderlik amili mühüm rol oynayır. Azərbaycan xalqının ölkə başçısının ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inamı gücləndirib. 
    Bildirilib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. 26 noyabr 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbovun proqram xarakterli məruzəsində gələcək siyasi fəaliyyət istiqamətləri öz əksini tapıb.
    İsa Məmmədov deyib ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı, eləcə də partiyanın şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən ərazi ilk təşkilatları üçün müasir iş şəraiti yaradılıb. Təşkilat öz sıralarında 7142 nəfər partiya üzvünü birləşdirir ki, bunun da 2438-ni gənclər, 3118-ni isə qadınlar təşkil edir.
    Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindən olan xalq-lider-ordu birliyi həm də 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərində qazanılan parlaq Zəfəri də şərtləndirdi. Müstəqillik illərində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi yola olan sadiqlik, ordu quruculuğu, müstəqil siyasət aparmaq bacarığı, uğurlu diplomatiya və ən əsası xalqın liderinə olan dərin inamı sayəsində 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, əzəli yurd yerlərimiz mənfur düşməndən təmizləndi.
    Diqqətə çatdırılıb ki, muxtar respublikada bütün sahələrdə misligörünməmiş inkişaf və tərəqqiyə nail olunub. Sistemli və düşünülmüş şəkildə həyata keçirilən bu işlər ulu öndərin milli quruculuq strategiyasının tərkib hissəsi kimi 1978-ci ildə yaradılan Babək rayonunu da əhatə etmişdir. Rayonun görkəmi dəyişilmiş, davamlı sosial-iqtisadi inkişafa nail olunmuş, kənd yaşayış məntəqələri böyümüş, əhalinin sayı və məskunlaşma artmış, rayon mərkəzinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilmişdir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə rayonun bütün yaşayış məntəqələri başdan-başa yenidən qurulmuşdur. Bu il Sirab kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, Vayxır kəndində kompleks quruculuq işlərinin aparılması, Babək şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün yeni binanın, Nehrəm qəsəbəsində 3 nömrəli tam orta məktəbin yenidən tikilməsi, Cəhri qəsəbəsində yolların abadlaşdırılması, yeni içməli su xəttinin çəkilməsi Yeni Azərbaycan Partiyasının təməl prinsiplərinin uğurlu nəticələridir.
    Tədbirdə veteran partiya üzvü, Cəhri qəsəbəsi ərazi ilk partiya təşkilatının sədri Elman Əkbərov, partiya fəalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, gənc partiya üzvü Elvin Əliyev çıxış ediblər. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə bir qrup partiya üzvü mükafatlandırılıb, sonra partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
    Tədbir rəngarəng musiqi nömrələri ilə davam edib.

Muxtar RZAZADƏ

***

    Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtibar İsmayılov çıxış edərək 1992-ci il noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyasının ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ümumxalq məhəbbəti qazanaraq sağlam əqidəli qüvvələri öz ətrafında birləşdirməsi haqqında ətraflı məlumat verib.

    Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixini dəyişən, ulu öndər Heydər Əliyevin ətrafında birləşən siyasi partiya olaraq müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu. 
    Vurğulanıb ki, son 18 ildə Azərbaycanın, bütövlükdə, inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Böyük fəxr hissi ilə deyə bilərik ki, iki il bundan qabaq işğal olunmuş torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən erməni vandallarının tapdağından azad olunması, milli qürurumuzun dirçəlməsi, xalqımızın zəfər sevinci ilə nəticələndi.
    Yeni Azərbaycan Partiyasının rəhbəri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin, uğurlu siyasətin nəticəsi kimi Azərbaycan dünyada kifayət qədər nüfuzlu, qurub-yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur. Ulu öndərin uzaqgörən siyasətinə sadiq qalan siyasi tərəfdaşları, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında yeni uğurlar qazanırlar. 
    Diqqətə çatdırılıb ki, muxtar respublikada aparılan məqsədyönlü siyasət, həyata keçirilən tədbirlər nəticəsində ötən müddətdə bütün sahələrdə inkişafa nail olunub. Muxtar respublikamızın, o cümlədən Ordubad rayonunun siması tanınmaz dərəcədə dəyişilib, yaşayış məntəqələri müasir görkəmə qovuşub. Cari ildə Ordubad rayonunda 22 obyektdə tikinti işləri aparılıb. Kənd­lərimiz müasir yaşayış məntəqələri sırasına daxil olub. Yeni kənd mərkəzlərində fəaliyyət göstərən bütün qurumlar üçün yüksək səviyyədə iş şəraiti yaradılıb. 21 kənd ərazi partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunub. Cari ildə bu siyahıya 2 kənd də daxil edilib. 
    Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında 56 ərazi partiya təşkilatı fəaliyyət göstərir və öz sıralarında 6677 üzvü birləşdirir. Onlardan 3240-ı qadın, 1615-i isə gəncdir. 2022-ci ilin ötən dövründə Ordubad rayonunda 98-i gənc, 68-i qadın olmaqla, 147 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunub. Partiya üzvləri rayonun, eləcə də muxtar respublikanın ictimai işlərində fəal iştirak edirlər. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatlarının xətti ilə 19 müxtəlif tədbir keçirilib. 30 il ərzində zəngin və şərəfli yol keçən, ölkəmizin tərəqqisinə layiqli töhfələr verən, yeni, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdıran Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir.
    Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Dəstə kənd ərazi partiya təşkilatının sədri Tofiq Babayev, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin gənc müəllimi Günay Qənbərova və partiyanın fəal gənclərindən Nurlan Səfərli çıxış ediblər. 
    Tədbirin davamında Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə bir qrup partiya veteranı və fəallarına hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
    Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

Abbas SEYİD

Nəşr edilib : 14.11.2022 20:33