AZ EN RU

   Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi gənclər arasında “Könlüm Naxçıvan” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

 

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir: 

    - qəzet məqaləsi;
    - teleradio materialları;
    - rəsm əsəri.

Müsabiqənin keçirilməsində məqsəd:

    Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın son 10 ildəki inkişaf tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, Naxçıvanın inkişafını müxtəlif materiallarla göstərməkdir. Həmçinin ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun muxtar respublikamızda həyata keçirilməsini müxtəlif yaradıcılıq materialları ilə təqdim etməkdən ibarətdir. 

Müsabiqədə iştirak:

    Yaradıcılıq qabiliyyəti olan 16-35 yaş arası hər kəs müsabiqədə iştirak edə bilər. Lakin bu zaman iştirakçı yalnız bir istiqamət seçməlidir. Müsabiqəyə təqdim olunan materialların qiymətləndirmə meyarları:
    - işlərin bədii səviyyəsi və peşəkarlıq keyfiyyəti;
    - müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini əhatə etməsi;
    - ideyanın orijinallığı;
    - işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması;
    - yaradıcı yanaşma və mövzunun açılması.
    Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:

Teleradio və qəzet məqaləsi:

    Müsabiqəyə təqdim olunan məqalələr müəllifin istəyinə uyğun olaraq “Şərq qapısı” və ya şəhər və rayon qəzetlərində dərc edilməli, teleradio materialları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda efirə yayımlanmalı, bu zaman “Könlüm Naxçıvan” yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.

Rəsm əsəri:

    Müsabiqəyə təqdim olunan rəsm əsərləri rəngkarlığın və qrafikanın müxtəlif texnikalarından istifadə olunmaqla (sulu boya, yağlı boya, quaş, qara qələm, qarışıq texnika və sair) istənilən material üzərində işlənə bilər. Siyasi rəhbərlərin portretləri əsərlərdə əks oluna bilməz. Müsabiqəyə təqdim olunan rəsm əsərləri minimum 50x60 santimetr ölçüdə olmalıdır.

Müsabiqənin keçirilmə vaxtı:

    Müsabiqə 2022-ci il iyul ayının 23-dən sentyabr ayının 30-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2022-ci il sentyabr ayının 30-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinə (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1A. Telefon: 036-550-50-75) təqdim etməlidirlər. Qaliblər 2022-ci ilin oktyabr ayında elan olunacaq və mükafatlandırılacaqlar.

    Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
    Birinci yer (1 nəfər) – 500 manat
    İkinci yer (2 nəfər) – 300 manat
    Üçüncü yer (3 nəfər) – 200 manat
    Həvəsləndirici yer (4 nəfər) – qiymətli hədiyyələr.

Nəşr edilib : 22.07.2022 19:38