AZ EN RU

Yeni Azərbaycan Partiyası dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır

    Ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoyub. Hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına xidmət edən Yeni Azərbaycan Partiyası bölgədə ən güclü siyasi qüvvəyə, ümumxalq partiyasına çevrilib.

    Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ovaxtkı hakimiyyət partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı Naxçıvan Dövlət Milli Dram Tea­trında keçirildi. Ulu öndər həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
    Zəmanəmizin ən mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi meydana gəldi. Ulu öndər     Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci­ ilin noyabrında Naxçıvanda yaranan və demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 30 ildir, dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan bu partiya ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.
    Yeni Azərbaycan Partiyası güclü liderin ətrafında yaranmış partiyadır. Partiyanın yarandığı dövrə nəzər salanda görürük ki, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına         rəhbərlik etməsi partiyaya olan inam, etimad və dəstəyi artırırdı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə xilaskarı Heydər Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini uğurla davam etdirərək ölkəmizin möhtəşəm nailiyyətlər əldə etməsinə fundamental töhfələr verdi.
    Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi – xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq xilaskara – dahi lider Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
    1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz ulu öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladı.
    Təbii ki, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlər – ən müasir təcrübənin Azərbaycanda bütün sahələrdə tətbiq edilməsi, Azərbaycanın bütün sahələrdə qazandığı təcrübə ilə nümunə olması idi. Məhz bu çağırışların reallıqda öz əksini tapması son 19 ilin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir edilən və öyrənilməsinin vacibliyi vurğulanan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inam və məhəbbəti gücləndirdi. Partiyanın Sədri, Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırdı. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən etdi. 
    Son 19 ildə Azərbaycanın, bütövlükdə, inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, ölkə başçısının cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə olunmuşdur. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında qalmış torpaqlarımızın igid oğullarımızın qəhrəmanlığı ilə geri qaytarılmasını, xüsusilə vurğulamaq lazımdır.
    Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu gün məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində “Dəmir yumruq” əməliyyatı altında güclü ordumuzun rəşadəti ilə 30 illik torpaq həsrətinə son qoyduğu qələbədən iki il ötür. O qələbə ki Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, güclü ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir.
    Bu gün Ali Baş Komandan, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham     Əliyevin diplomatik siyasəti ilə həm siyasi meydanda, həm də döyüş meydanında qalibdir. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıq və qətiyyətlə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək 9 noyabr 2020-ci il tarixdə Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır.
    Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının 5 mart  2021-ci il tarixdə keçirilən VII Qurultayı, təbii olaraq, ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması,  ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı. Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Əminliklə deyə bilərik ki, qurultaydan qısa zaman keçməsinə baxmayaraq, demokratik ənənələrin inkişafına ciddi töhfə verilməkdədir.
    Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda geniş, dərinməzmunlu və proqram xarakterli çıxış edərək qazanılan uğurları, aparılan hərtərəfli islahatları dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi. Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən dövlət başçısı son 3 il ərzində həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII Qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi. 
    Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir  ölkənin – Azərbaycanın hakim partiyasıdır. Onun başında xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dayanır. 
    Bu gün ölkə başçısının həyata keçirdiyi mütərəqqi islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və Prezident cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət nail olduğumuz inkişafı daha da sürətləndirən yeganə düzgün yoldur. Və bu gün özündə 760 mindən çox insanı birləşdirən partiyanın cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir. 
    Naxçıvan Muxtar Respublikasında da sosial həyatın bütün sahələrində analoqu olmayan uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da ulu öndərimizin yoluna sədaqət və bu yolun böyük ehtiramla davam etdirilməsidir. Naxçıvan Muxtar Respublikasına uğurla rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbovun günü-gündən müasirləşən bu qədim diyarda həyata keçirdiyi böyük quruculuq siyasəti, yaratdığı ictimai-siyasi sabitlik, vətənpərvərliyi dövlətə və ulu öndər Heydər Əliyev ideyalarına olan sədaqətin bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir.
    Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, milli dövlətçiliyin qorunması Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təməl prinsiplərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbov 26 noyabr 2021-ci il tarixdə təşkilatın VI konfransında demişdir: “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində yeni dövr başlayır. Təşkilat öz işini bundan sonra da ümummilli liderimiz Heydər Əliyev tərəfindən partiyanın proqramında irəli sürülmüş və ölkə Prezidentinin Yeni Azərbaycan Partiyasının yeddinci qurultayında müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır”. Bu fikirlər hər birimizin gündəlik fəaliyyət istiqamətinə çevrilib.
    Muxtar respublika rəhbərinin bütün sahələrə olduğu kimi, Naxçıvan Dövlət Universitetinə də göstərdiyi diqqət və qayğı nəticəsində tələbə-gənclərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması daim diqqətdə saxlanılır. Bunun ifadəsidir ki, Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi Yeni Azərbaycan Partiyasının universitet şəhərciyi ərazi partiya təşkilatında birləşiblər. Hazırda təşkilatın 2345 üzvü vardır ki, onlardan da 1983-ü tələbə-gənclər, 362 nəfəri professor-müəllim heyətidir. Partiya üzvlərindən 134 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktoru, 16 nəfəri isə elmlər doktoru və professordur. Muxtar respublikamızda gəncliyə göstərilən yüksək dövlət qayğısının ifadəsidir ki, ərazi partiya təşkilatının 85 faizini gənclər təşkil edir. Ərazi partiya təşkilatı tələbə-gənclər arasında ideoloji-siyasi işi diqqət mərkəzində saxlayaraq onların dövlətçilik ruhunda tərbiyəsinə çalışır. 
    Bir sözlə, partiyanın 30 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Bu illərdə Yeni Azərbaycan Partiyası monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Əminliklə söyləmək olar ki, bundan sonra da Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfələr verəcək. 

Arzu Abdullayev
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti

ərazi partiya təşkilatının sədri,  tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 15.11.2022 19:15