AZ EN RU

Yeni avtomat telefon stansiyaları quraşdırılır - FOTO

    Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda əhalinin, habelə yeni inşa edilən fərdi yaşayış evlərinin artımı yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni nəsil avadanlıqlar quraşdırılır. Cari ilin ötən dövrü ərzində muxtar respublikada, ümumilikdə, 1888 nömrə yerlik 5 ədəd yeni HUAWEI NGN tipli avtomat telefon stansiyaları sakinlərin istifadəsinə verilmişdir. 
    Məqsədyönlü tədbirlərin davamı olaraq sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, döngə 23 ünvanında 576 nömrə tutumlu yeni NGN tipli Avtomat Telefon stansiyasının qurulması məqsədilə müvafiq işlər həyata keçirilir. Belə ki, avtomat telefon stansiyasının yerləşdiyi ərazidə ilkin olaraq dəmir-betonlama işləri görülərək tamamlanmış, 2 ədəd telefon paylayıcı şkaf quraşdırılır, 1300 metrdən artıq fiber-optik kabel və 2000 metrdən artıq  müxtəlif tutumlu  kabellər çəkilir. 
    Məlumat üçün bildirək ki, Əliabad qəsəbəsində  bir ədəd 1376 nömrə tutumlu NGN tipli avtomat telefon stansiyası fəaliyyət göstərir. Lakin qəsəbədə sakinlərin, o cümlədən yeni inşa edilən fərdi yaşayış evlərinin artımı nəticəsində yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Bu məqsədlə də qəsəbə sakinlərinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə əlavə olaraq ikinci yeni nəsil avtomat telefon stansiyasının quraşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir.
    Həmçinin sakinlərin müraciətləri nəzərə alınaraq Naxçıvan şəhərinin Babək məhəlləsi 22 ünvanında da 576 nömrə yerlik yeni avtomat telefon stansiyasının quraşdırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə həmin ərazidə betonlama işləri yekunlaşmış, 2 ədəd paylayıcı şkaf, 80 metr fiber-optik kabel və 2500 metrə yaxın müxtəlif tutumlu  kabellər çəkilir. Qeyd edək ki, həmin zonada yeni inşa olunan çoxmənzilli yaşayış binaları, fərdi evlər, eləcə də idarə, müəssisə və təşkilatların rabitə xətləri Babək məhəlləsində yeni quraşdırılan avtomat telefon stansiyası üzərindən qoşulması təmin ediləcəkdir.
    Hər iki ərazidə yeni quraşdırılacaq avtomat telefon stansiyalarının ətrafının mühafizə məqsədilə çəpərlənməsi və fiber-optik nişan dirəklərinin basdırılması da nəzərdə tutulub.

 Naxçıvan Muxtar Respublikası  
Rabitə və Yeni Texnologiyalar
 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.09.2022 19:41