AZ EN RU

Yeni avtomat telefon stansiyaları quraşdırılır

    Muxtar respublikada iqtisadiyyatın aparıcı sahələrindən olan rabitə və yeni texnologiyaların inkişafına xüsusi diqqət göstərilir. Bu məqsədlə rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
    Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda əhalinin, habelə yeni inşa edilən fərdi yaşayış evlərinin artımı yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni nəsil avadanlıqlar quraşdırılır, mövcud avtomat telefon stansiyalarının internet tutumları artırlır, habelə bir sıra yerlərdə aztutumlu avtomat telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə dəyişdirilir. Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq 256 nömrə tutumuna malik yeni HUAWEİ NGN tipli Avtomat Telefon Stansiyası Naxçıvan şəhərinin Qaraçuq kəndində, 256 nömrəlik yeni HUAWEİ NGN tipli Avtomat Telefon Stansiyası Babək rayonunun Nehrəm qəsəbəsində və 448 montaj tutumlu yeni HUAWEİ NGN tipli  Avtomat Telefon Stansiyasının isə Şahbuz şəhərinin “Bakı” küçəsində quraşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
    Belə ki, avtomat telefon stansiyalarının yerləşdiyi ərazidə dəmir-betonlama işləri görülmüş, yeraltı fiber-optik xətlər inşa olunmuş, kabel-kanalizasiya qurğularından borular vasitəsilə çəkilərək həmin ərazidə yeni rabitə infrastrukturunun qurulmasına şərait yaranmışdır. Həmçinin yeni paylayıcı şkaflar quraşdırılmış, istismara yararsız rabitə xətləri yeniləri ilə əvəz edilmiş,  yeni abonent qutuları əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar bərpa edilmişdir. Avtomat telefon stansiyaları quraşdırıldıqdan sonra ətrafı mühafizə üçün çəpərlənəcəkdir.
    Qeyd edək ki, NGN texnologiyası əsasında quraşdırılan avtomat telefon stansiyaları  strukturuna görə daha sadə və səmərəli şəbəkə konfiqurasiyasına malik ən müasir telekommunikasiya sistemi olub, istifadəçilərə telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksəksürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri təqdim edir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni 
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.05.2022 19:44