AZ EN RU

Yaz-tarla işləri sürətlə aparılır

    Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Yaz-tarla işlərinin düzgün təşkil olunması bol məhsul istehsalına təminat verir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin tələbatını müəyyənləşdirməli, mütərəqqi əkin metodlarına üstünlük verilməli, torpaq mülkiyyətçiləri mövsümi aqrotexniki qaydalar barədə məlumatlandırılmalıdır. Torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxumlarla təminatı da diqqətdə saxlanılmalı, toxum ehtiyatının həcmi təhlil olunmalı, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülməli, xarici ölkələrdən gətirilən toxumların keyfiyyətinə diqqət yetirilməlidir”.

    Ali Məclis Sədrinin bu tövsiyələri muxtar respublikada məhsul bolluğu yaradılmasına, daxili bazarın qorunmasına, torpaqlardan səmərəli istifadəyə istiqamətlənən ciddi tapşırıqlardır. Bu tapşırıqların yerinə yetirilməsində zəhmət adamlarının üzərinə mühüm vəzifələr düşür. Onlar da bunu dərindən dərk edir, yaradılan şəraitdən səmərəli istifadəyə səy göstərirlər. Artıq yazın gəlişi ailə təsərrüfatlarını, sahibkarları yenidən torpaqla təmasa çağırmaqdadır. Əslində, bu qiymətli sərvətlə bağlı insanlar elə qışboyu da torpaqdan bir o qədər aralı düşməyiblər. Mövsümi tədbirləri – əkin sahələrinin kol-kosdan təmizlənməsini, şum qaldırılmasını, üzvi gübrə səpilməsini diqqətdə saxlayıblar. Həmin işləri vaxtlı-vaxtında görməyə çalışıblar ki, yaz əkinlərini gecikdirməsinlər. 
    Muxtar respublikada əkinçilik məhsulları istehsalında ilk yerdə qərarlaşan Şərur rayonu ötən təsərrüfat ilini uğurla başa vurub. Təbii-coğrafi şəraitdən, münbit torpaqlardan və hərtərəfli dövlət dəstəyindən səmərəli istifadə olunması hesabına rayonda 2021-ci ildə 177 milyon 740 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 2020-ci illə müqayisədə 6 faiz çoxdur. 
    Bəhs olunan dövrdə rayonun zəhmət adamları əkinçiliyin müxtəlif sahələrində, meyvəçilik və üzümçülükdə, heyvandarlıqda yüksək göstəricilərə nail olublar. 
    Ötən il 16 min 234 hektar sahədə əkin aparılıb, yenə də taxılçılığa böyük önəm verilib, 3 min 866 hektar sahədə taxıl əkilib. Mövsüm ərzində bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında yerinə yetirilib, çəkilən zəhmət hədər getməyib; orta hesabla hər hektardan məhsuldarlıq 40,5 sentner olub. Rayonda meyvəçiliyin və tərəvəzçiliyin inkişafına da xüsusi diqqət yetirilir; müvafiq Dövlət proqramının qəbulu isə bu sahələrdə yeni uğurlar qazanmasını təmin edib. Belə ki, 5 hektar sahədə yeni meyvə bağları salınıb, 5,5 hektar meyvə bağında isə bərpa işləri aparılıb. Yaşıllaşdırma tədbirlərində 55 mindən çox müxtəlif ağac tingləri və gül kolları əkilib. Sahibkarlar tərəfindən isə xüsusi mülkiyyətdə olan və həyətyanı torpaq sahələrində 40 hektardan yuxarı sahədə müxtəlif növlər üzrə meyvə bağları salınıb. Barverən meyvə bağlarından 20 min 854 ton məhsul əldə edilib. Üzüm bağları da torpaq mülkiyyətçilərinin zəhmətini “itirməyib”; bağlardan 1618 ton məhsul götürülüb. Tütünçülük üçün münbit torpaqları, əlverişli təbii-iqlim şəraiti olan rayonda bu sahənin inkişafı istiqamətində də lazımi tədbirlər görülüb, 4,4 hektar sahədə tütün əkini həyata keçirilib, 9,8 ton quru tütün istehsal olunub. 
    Əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını ilboyu ödəmək üçün ötən illər ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına ümumi tutumu 7 min 856 ton olan 26 soyuducu anbar tikilib və 37 kənddə ümumi sahəsi 32 hektara yaxın olan istixana kompleksləri fəaliyyət göstərir. 2021-ci ildə rayonun təsərrüfatçıları tərəfindən 555 tona yaxın qarğıdalı Türkiyə Respublikasına, 610 tondan çox kartof, 140 tondan artıq isə qarğıdalı Bakı şəhərinə ixrac edilib.    
    Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu getdikcə artır. Bunu nəzərə alaraq muxtar respublikamızda onların fəaliyyətlərinin stimullaşdırılması və genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi diqqətdə saxlanılır. Sahibkarlığa Yardım Fondu tərəfindən rayonda fəaliyyət göstərən 24 ailə təsərrüfatçısına 402 min 500 manat dəyərində kredit verilməsi cari ildə belə təsərrüfatların sayının artmasına təsirini göstərəcək. Naxçıvan şəhərində keçirilən müxtəlif satış-yarmarkalarında rayonun təsərrüfatçılarının öz məhsulları ilə təmsil olunması da belə təsərrüfatlara qayğının ifadəsidir. 
    Arıçılıqla məşğul olanların da sayı ilbəil artmaqdadır. Bölgədə ekoloji durumun səviyyəsi yüksəkkeyfiyyətli məhsul istehsalına imkan verir; belə imkanlar bu sahəyə marağı ilbəil artırır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” isə bu istiqamətdə daha mühüm əhəmiyyət kəsb edir. Proqramın uğurlu icrası arı ailələrinin sayının artması və bu sahədə məhsuldarlığın daha da yüksəldilməsi ilə nəticələnib, 2 arıçılıq təsərrüfatı yaradılıb. Hazırda rayonda 597 arı təsərrüfatında 12 min 978 arı ailəsi vardır.
    Rayondan aldığımız məlumatlarda bildirilir ki, ötən il qazanılan uğurlar torpaq adamlarının bu il daha yüksək nəticələr əldə etməyə ruhlandırıb. Əkinçilikdə zəngin təcrübə qazanan şərurlular münasib hava şəraitindən bacarıqla istifadə etməyə səy göstərərək aprel ayının 1-dək 689 hektar sahədə əkin keçiriblər. Belə ki, 242 hektar sahədə kartof, 113 hektar sahədə soğan, 9 hektar sahədə digər tərəvəz, 2 hektar sahədə paxlalı bitkilər, 9 hektar sahədə qarğıdalı, 1 hektar sahədə bostan məhsullarının əkinləri aparılıb; heyvandarlığın inkişafı üçün 239 hektar sahədə yonca əkilib.
    Rayonda yazlıq arpa əkinlərinə də başlanıb, 72 hektar sahədə əkin keçirilib, 2 hektar sahədə isə buğda əkilib. Onu da qeyd edək ki, torpaq mülkiyyətçiləri keyfiyyətli və məhsuldar toxum sortlarından istifadəyə üstünlük verirlər. 
    Təsərrüfatın digər sahələrində də mövsümi tədbirlər davam etdirilməkdədir. Mal-qaraya zoobaytar qaydalarda qulluq göstərilməsi, döl kampaniyasının uğurla başa çatdırılması üçün baytarlıq xidmətinin əməkdaşları öz vəzifə borclarını lazımınca yerinə yetirməyə çalışırlar. Mövsümə uğurla başlayan torpaq adamlarının yaz-tarla işlərini vaxtında yekunlaşdırmaq üçün bütün qüvvələrini səfərbər etmələri belə deməyə əsas verir ki, 2022-ci təsərrüfat ili də uğurla başa çatdırılacaq.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 01.04.2022 20:15