AZ EN RU

Yaycı kəndi içməli su ilə təchiz olunub

    Muxtar respublikamızda əhalinin etibarlı və keyfiyyətli içməli su ilə təminatı həmişə diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində silsilə tədbirlər noyabr ayında da davam etdirilib. 
    Bu günlərdə içməli su təminatı baxımından başa çatdırılan yaşayış məntəqələrindən biri də Culfa rayonunun Yaycı kəndidir. Rayonun ən böyük yaşayış məntəqəsi olan bu kəndin içməli su ilə təmin etmək üçün işlər ötən ilin avqust ayından başlayıb, artıq uğurla başa çatıb.
    Belə ki, Gilançay yatağından müxtəlif diametrli borularla 16 baxış quyusu olan 520 metrlik kaptaj və ətrafında selyönəldici bənd tikilib. Kaptajdan su anbarlarına qədər plastik borularla 2,8 kilometr xətt, kənddə isə 58 kilometr daxili su şəbəkəsi çəkilib. Gilançay yatağından gətirilən içməli su hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığılaraq əhalinin istifadəsinə verilir. Layihəyə əsasən kənddə 138,5 kilometr daxili su şəbəkəsi çəkilib, 1469 evə su verilməsi üçün sayğaclar quraşdırılıb. Hazırda Yaycı kəndində hər bir mənzilə 2-5 bar arasında təzyiqlə içməli su verilir. Fasiləsiz şəkildə beynəlxalq standartlara cavab verən içməli su ilə təmin olunan kənd sakinləri minnətdarlıq edirlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.12.2022 19:05