AZ EN RU

Yaşa, ana dilim, dillər içində!

    Daim şöhrət olub ulu tarixə,
    Günümüz, ayımız, ilimiz bizim.
    Anamız Həvvanın bətnindən qopan,
    İlk insan səsidir dilimiz bizim.
    Qiyməti bilinməz bir incidir o,
    Yarışa girməsin dünya dilləri,
    Onsuz da bilirəm, birincidir o.
    Ana dili min illərin o üzündən şölələnən bir ocaqdır. Əsrlərdən işara-işara gələn közündə, qığılcımında elə bugünkü kimi almaz kəsərli, əvvəlki kimi duru və safdır. Tarixlər boyunca türk dili, oğuz dili və bizim günlərdə isə Azərbaycan dili adlandırdığımız bu möcüzənin gözəlliyindən danışmaqla qurtarmaz. Hər bir insanın öz xalqına olan sevgisi doğma tarixinə, dilinə, dininə və mədəniyyətinə münasibəti ilə ölçülür. Bu gün böyük sevgi ilə qeyd etdiyimiz “Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü” daşıdığı sosial-siyasi və məfkurəvi mənası ilə bizim hər birimizi milli varlığımızın aynası olan ana dilimizin saflığını qorumağa, onu zənginləşdirməyə çağırır. Dilimizə ehtiramla yanaşmaq, onun saflığını qorumaq, bu dilin qaydalarına əməl etmək, ana dilinin mötəbər daşıyıcısı və təəssübkeşi olmaq hər kəsin borcudur. Qürurla demək olar ki, dil xalqın varlığının ən əsas milli göstəricisidir. Hələ XX əsrin əvvəllərində Firudin bəy Köçərli yazırdı: “Əgər xalqın cəmi maddi və mənəvi dövlətini əlindən alasan, vəli ana dilinə toxunmayasan, o millət fövt olmaz və az müddət zərfində yenə özünə mal və dövlət cəm edər. Heç bir mal və dövlət ilə bir milləti əhya etmək (diriltmək) olmaz. Zəmani ki onun ana dilisi və milli lisanı olmaya”. Dil cəmiyyətdə mövcuddur, bu səbəbdən cəmiyyətdə gedən ictimai-siyasi, elmi, mədəni, iqtisadi, sosial dəyişmələr dildən yan keçmir, onu dəyişir. Çağdaş dünyanın siyasi mənzərəsini əks etdirən, dünya birliyində rəngarənglik yaradan suveren coğrafiyaların və dövlətlərin əsasında xalqlar dayanır. Hər bir xalqın başlıca özünəməxsusluğunu isə onun ana dili təşkil edir. Doğrudan da, dil olmasa, xalq, xalq olmasa, dövlətlər bir-birindən seçilib-ayrılmaz. Dil haqqında belə bir ifadə tez-tez xatırlanır: xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Elə buna görə də hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər içərisində onun xalqının dilinin qorunması və zənginləşdirilməsi də daim diqqətdə saxlanılır. Bütün bu həqiqətlər baxımından Azərbaycan xalqının formalaşması, onun dövlətçiliyinin qorunub yaşadılması zəmanəmizdə rəsmi dövlət dili kimi təsbit olunmuş ana dilimizin tarixi ilə sıx bağlı olduğu kimi, siyasi-mənəvi müstəqilliyimizin möhkəmləndirilməsi də xeyli dərəcədə bu misilsiz mənəvi sərvətin çağdaş durumundan güc alır. Dövlətçiliyimizin itirildiyi vaxtlarda da milli varlığımızın, tarixi coğrafiyamızın qorunması ana dilimizin və milli mədəniyyətimizin yaşadılması müstəvisində gerçəkləşmişdir. Müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının, bir sözlə, onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı kimi öz vəzifəsini əsaslı və davamlı olaraq yerinə yetirir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir.
    Azərbaycan dilinin özünəməxsus inkişaf qanunauyğunluqları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə qürur duyan hər bir azərbaycanlı dilimizin rəngarəng ifadə vasitələrindən məharətlə istifadə etməyi, xalq dilindən gəlmə deyimlərdən gündəlik danışığında düzgün faydalanmağı, yerli-yerində müraciət olunan jest və mimikaların köməyi ilə müxtəlif auditoriyalarda uğurlu çıxışa nail olmağı, bütövlükdə, onu dinləyənə müsbət mənada təsir göstərməyi bacarmalıdır. Bizi birləşdirən ən böyük dəyər olan ana dilimizi günbəgün inkişaf etdirilməli, onu hər cür yad təsirdən qorumalı, hər hansı süni müdaxilə və pozuntuya yol verilmədən dilimizə olan təhlükəni vaxtında aradan qaldırmalıyıq. Dilimizin yersiz olaraq başqa dillərin təsirinə düşməsinə imkan verməmək isə hər bir azərbaycanlının ümdə vəzifəsi olmalıdır. XX əsrin əvvəllərindən başlayaraq çox sürətlə inkişaf edən dilimizi nəzərdən keçirərkən belə bir həqiqəti etiraf etməli oluruq: bədii dil öz mənşəyi etibarilə zəhmətkeş xalqın dilindən alınsa da, ondan xeyli fərqlənir, çünki yazıçılar danışıq dilindən istifadə edərkən, o zəngin, lakin qeyri-mütəşəkkil xəzinədən bütün təsadüfi, müvəqqəti, keçici və tələffüz etibarilə kobud sözləri atmış, ümumxalq dilinə, ruhuna uyğun olan sözləri saxlamışlar, onu daim daramış, işləmiş və gözəlləşdirmişlər. Dildə söz əsas meyardır. Sözün yüksək mənada ahəngdarlığını, bədii ifadəsini əldə etmək üçün onu axtarmaq, seçmək, ölçüb-biçmək lazımdır. Azərbaycan ədəbi dili zəngin dillərdən biridir. Xalq dilində hər cür fikri və hissi ifadə etmək dərəcəsinə qədər zərif, incə bir şəklə salmaq mümkündür. Xalq, ümumilikdə, milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısıdır.
    Hər bir tarixi və ictimai-siyasi şərait Azərbaycan dilinin leksik-terminoloji sisteminə, onun orfoqrafiyasına bu və ya digər dərəcədə öz təsirini göstərmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrün islahat və inqilab səciyyəli dəyişiklikləri ana dili problemlərindən də yan keçmədi. Bu gün dilimizin inkişafı, tətbiqi və tədrisi məsələləri dövlətin diqqət mərkəzindədir. Azərbaycan dilinin dövlət dili kimi işlənmə tarixinə nəzər saldıqda bu taleyin “qısaömürlü” olduğunu görmək mümkündür. Bu mülahizənin yürüdülməsi ilə, şübhəsiz, 1995-ci ilə qədərki dövr nəzərdə tutulur. Müasir təhsil sistemi müəllimdən güclü leksik-semantik söz qruplarından, şagirdlərin dilinin lüğət ehtiyatının artmasına təkan verən materialların tətbiq olunmasını tələb edir. Kreativliyə doğru addımlardan ibarət olan bu yanaşma, heç şübhəsiz, intellektual dərsliklərə aparan bir yoldur. Azərbaycan dili dərsliklərinin ümumi sistemində ən zəruri elmi-nəzəri anlayışlar hesabına onun linqvistik əsaslarını normallaşdırmaq, həyata dair bacarıqlara söykənən səriştələrə geniş yer ayırmaqla praktik əhəmiyyətliliyini artıqmaq onun gələcək perspektivlərinin mühüm parametrlərini təşkil edir.Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanmışdır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.Azərbaycan ədəbi dili, onun ayrı-ayrı üslublarının meydana gəlməsi xüsusən XX əsrdə Azərbaycan ədəbi dilinin zənginləşməsi bir daha təsdiqləyir ki, Azərbaycan ədəbi dili müasir elmi və siyasi düşüncənin ifadəsi üçün bütün imkanlara malik olan bir dildir.
    Ümummilli lider Heydər Əliyev dünyaya gəldiyi torpağa, ana dilinə böyük məhəbbət bəsləmiş, xalq danışıq dilinin incəliklərinə bələd olmuş bir azərbaycanlı kimi həmin dilin daşıdığı psixoloji gücü, mənəvi enerjini dərindən mənimsəyərək bu dilin yüksək səviyyədə istifadə olunması üçün əlindən gələn qayğını əsirgəməmiş, Azərbaycan dilini hər cür xarici təsirlərdən qoruyaraq, onun bugünkü inkişafının təminatçısına çevrilmişdir. Rus dilini nə qədər gözəl öyrənib, həmin dildə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin belə qibtə etdikləri bir səviyyədə danışsa da, dərinməzmunlu nitqlər söyləsə də, doğma dilin təkrarsız gözəlliyindən heç zaman kənar düşməmiş, onu sevmiş və həmişə yüksək dəyərləndirmişdir. O, xalqın bütün təbəqələri ilə eyni bir dildə danışmağı bacaran, nitq mədəniyyətinin bütün tələblərinə – orfoepik, leksik, qrammatik normalarına cavab verən mükəmməl, gözəl ədəbi dildə danışırdı. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan inkişaf etdirən onun dilidir – deyərək mənəvi dəyəri çox böyük olan tarixi nitqləri ilə yaddaşlarda yaşamağı bacaran ümummilli liderin ana dilinə heyranlığını əks etdirən daha bir cümləsini xatırlamaq bu məqamda yerinə düşür: “Azərbaycan dili bizim ana dilimiz, doğma dilimizdir, müstəqil Azərbaycanın dövlət dilidir”. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi bu dahi şəxsiyyətin formalaşdırdığı dil siyasəti ilə bağlıdır.
    Bütün sahələrdə ulu öndərin siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın – Azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib. Xalqın, millətin varlığı üçün dilin əsas amil olduğuna diqqəti cəlb etməkdə başlıca məqsədimiz ana dilimizi qorumaq, sevmək və sevdirmək, bu dildə gözəl nitqə sahib olmaqdır. Nitq mədəniyyətinin tətbiq edilməsinə bağça və məktəbdən başlanması Azərbaycan dilindən istifadənin vahid qaydalar sisteminə əməl etməklə yanaşı, ədəbi tələffüz normasına, tələffüzə, intonasiyaya yiyələnməyi də asanlaşdırır. Bu gün milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan ana dilimizi qorumaq, bütün gözəllikləri və incəlikləri ilə bu günün şagirdlərinə tədris edib, gələcək nəsillərin təməlini möhkəm qoymaq biz müəllimlərdən asılıdır. Şagirdlərin ünsiyyət imkanlarını genişləndirmək, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaşdırmaq bizim öhdəmizə düşən ən vacib məsələdir. Bu gün dilin incəlikləri, zənginliyi, məna gözəlliyi müasir tədris proqramları vasitəsilə şagirdlərə ötürülür. Məhz buradan yola çıxaraq informasiyaların maneəsiz varisliyinə nail olmaq mümkündür. Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış qrammatik quruluşu, zəngin leksik fondu və geniş ifadə imkanları vardır. Fikrimizi ulu öndər Heydər Əliyevin gənclərə ünvanladığı müdrik məzmunlu ibrətamiz nəsihəti ilə qüvvətləndirmək yerinə düşər: “Harada yaşamağınızdan asılı olmayaraq, vətəndaşı olduğunuz ölkənin qanunlarına hörmətlə yanaşın. Eyni zamanda azərbaycanlı adını uca tutun. Dilimizin saflığını qoruyun. Mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ edin. Azərbaycana layiq övladlar yetişdirin”.

    Qürur hissi ilə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan dahilər: ədiblər, alimlər, siyasətçilər yetişdirib. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimiz olan ana dilimiz Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Cəlillər, Ordubadilər dilidir. Xalqın tarixi kökləri, mədəni irsi, elmi təfəkkürü, ictimai inkişaf yolu məhz bu xəzinədə öz əksini tapır. Unutmayaq ki, torpaq fiziki varlığımızın vətəni olduğu kimi, ana dilimiz də mənəvi dünyamızın beşiyidir. Dilsiz xalq heç zaman öz keçmişini tanımaz, ulu əcdadları ilə fəxr edə bilməz. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir. Ana dilimiz dövlət dilidir, dünyanın hər yerində bu dilə hörmət-ehtiram var. Himnimiz ana dilimizdə səslənir. Dünyada əlli milyondan artıq insan Azərbaycan dilində danışır. Bundan gözəl heç nə ola bilməz. Yaşa, ana dilim, dillər içində!

Mehriban ƏSƏDULLASOY 
Naxçıvan Dövlət Universitetinin dosenti 

Nəşr edilib : 29.07.2022 19:28