AZ EN RU

Yaranmasının 98 illiyini qeyd edən Naxçıvan Muxtar Respublikasında inkişaf strategiyası uğurla reallaşdırılır

Muxtar respublikanın sürətli inkişafı

Heydər Əliyev əmanəti olan muxtariyyətin bəhrəsidir

Böyük tarixi inkişaf yolu keçən Naxçıvan Muxtar Respublikası fevralın 9-da yaranmasının 98-ci ildönümünü qürurla qeyd etdi. Hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxan Naxçıvanın muxtariyyəti beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirilir. Çünki muxtariyyət daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilmiş oldu. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun həyati əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarix boyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Hələ qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni müasir dövrün reallıqları prizmasında qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır və onun muxtariyyət qazanması regional önəmə malik siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyət kəsb edən bölgənin Azərbaycanın tərkibində qalmasına şərait yaradıb. Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi diqqəti cəlb edir.

Azərbaycandan ayrı salınmış geostrateji baxımdan əhəmiyyətli bir bölgədə vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması yalnız muxtariyyət statusunun əldə edilməsi ilə mümkün ola bilərdi. Bu baxımdan, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi. Qabaqcıl ictimai-siyasi yanaşmanın məhsulu olan bu qərar ötən əsrin 20-ci illərində Azərbaycana düşmən kəsilən qüvvələr tərəfindən ciddi müqavimətlə qarşılanmışdı. Bunun birinci səbəbi o idi ki, həmin qüvvələr Naxçıvanı, bütövlükdə ana vətənimiz Azərbaycandan qoparmaq niyyətində idilər. Digər bir səbəbi isə Ulu Öndərimizin də vurğuladığı kimi, Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün əhəmiyyətli bir amil rolunu oynayır. Yəni muxtariyyət statusunun olmaması bu amilin də yox edilməsi mənasına gəlir. Məhz buna görə də, “tarixin gözünə kül üfürmək” istəyənlər muxtariyyət statusunun əleyhinə çıxıblar. İstənilən halda, elə tarixin özü düşmənlərimizi bu mənfur istək və arzularından məhrum edib. Bu gün təhlükəsizliyi tam təmin edilən Naxçıvan Muxtar Respublikası 98-ci ildönümündə müstəqil, qüdrətli Azərbaycan Respublikasının tərkib hissəsi kimi çox surətlə inkişaf edir, çiçəklənir, hər il, hər ay, hər gün yeni-yeni uğurlara imza atır.

Naxçıvan müstəqillik illərində muxtariyyət tarixinin ən yüksək inkişaf səviyyəsinə çatıb

Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz ki, ötən 98 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da reallıqdır ki, Naxçıvanda son 27 ildə gedən sosial-iqtisadi inkişaf prosesləri, quruculuq-abadlıq işləri nəinki muxtariyyətin qalan 71 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 min ilində də nəzərə çarpmayıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən məqsədyönlü, konseptual şəkildə davam etdirilməsi bu qədim diyarın simasını dəyişməklə əsaslı dərəcədə gözəlləşdirib. Naxçıvan qurucu rəhbəri sayəsində sosial problemlər qısa zamanda həll edilib, bütün bölgələri, sərhəd kəndləri belə, inanılmaz dərəcədə müasirləşib. Muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində həyata keçirilən quruculuq-abadlıq işləri, inşa olunan obyektlər, təhsil, səhiyyə ocaqları əhalinin rahat yaşayışına xidmət edir.

Bu gün muxtar respublika blokada vəziyyətində olsa da, dövlətimizin başçısının yüksək diqqət və qayğısı, naxçıvanlıların Ulu Öndərin ideallarına, doğma diyara, Vətənə, torpağa bağlılıqları, fədakarlıqları nəticəsində gözəl diyarımız inkişaf etmiş ölkələrlə, Naxçıvan şəhəri isə Avropa şəhərləri ilə müqayisə oluna biləcək səviyyədə modernləşib. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi Naxçıvanı regionun cazibə mərkəzinə çevirib. Bütün bunlar həm də muxtariyyətin bəhrələridir.

Blokada və pandemiya muxtar respublikanın inkişafı qarşısında

maneəyə çevrilə bilməyib

Çoxşaxəli iqtisadiyyatın formalaşdırılmasının nəticəsində ötən il də muxtar respublikada iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Belə ki, 2021-ci ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat olub. Bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manata çatıb.

Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 59 faiz təşkil edib. 2020-ci illə müqayisədə 2021-ci ildə sənaye məhsulu 1,7 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2 faiz, kənd təsərrüfatı məhsulu 5,3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,9 faiz, informasiya və rabitə xidmətləri 6,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz artıb.

2022-ci il də sabitlik, inkişaf, tərəqqi və sosial rifah ili olacaq

Muxtar respublikadakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Müstəqillik illərində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi qədim diyarı inkişafının yeni mərhələsinə yüksəldib. Ümummilli Liderimizin də dediyi kimi: “Naxçıvanlıların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.

Çəkilən zəhmətin, görülən işlərin nəticəsində Naxçıvan Muxtar Respublikası 2022-ci ili yeni-yeni uğurlarla qarşılayıb. Qurub-yaratmaq əzmi ilə yaşayan muxtar respublika əhalisi Yeni ili bayram sevinci ilə qeyd ediblər.

Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilib, Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, muxtar respublikada fəaliyyət göstərən 30 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib. Ali Məclisin Sədri 2021-ci ilin sabitlik, inkişaf, tərəqqi və sosial rifahla başa vurulduğunu bildirib, 2022-ci ildə də bu işlərin davam etdiriləcəyini diqqətə çatdırıb, həyata keçirilən tədbirlərdə əməyi olanlara təşəkkür edib.

Gələcəyimizə yatırılan sərmayə - təhsil quruculuğu ön plandadır

Muxtar respublikada aparılan quruculuq işləri sırasında təhsil quruculuğu özünəməxsus yer tutur. Qədim diyarda yeni-yeni məktəb binaları inşa olunur və ya yenidən qurularaq istifadəyə verilir. Həmin məktəblərin maddi-texniki təminatı da ən yüksək səviyyədə həyata keçirilir. Təkcə ötən il Şərur rayon Şəhriyar, Qarabürc, Babək rayon Araz, Göynük, Ordubad rayon 1 nömrəli, Nüsnüs, Əndəmic, Dırnıs və Vələver kənd tam orta məktəbləri istifadəyə verilib. Muxtar respublikanın təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə vardır. Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi, həmçinin 53 təhsil müəssisəsində STEAM kabinəsi, təhsil müəssisələrində 202 idman klubu yaradılıb. Aparılan təhsil quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Çərçiboğan kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılıb.

Yanvarın 14-də Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 654 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 2 şahmat sinfi, 2 kompüter otağı, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, 3 qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 13 min 396 kitab vardır. STEAM kabinəsi zəruri öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Xətt izləyən robot” və “Ağıllı parkinq” layihələrini təqdim ediblər. Məktəbdə internetə çıxışı olan 51 kompüter və 5 elektron lövhə quraşdırılıb ki, bu da tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə imkan verir. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan müstəqillik illərində” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Təhsil ocağındakı müasir standartlara cavab verən zəngin təchizatlı kimya, biologiya və fizika laboratoriyaları şagirdlərə nəzəri biliklərini təcrübi əsaslarla öyrənmək və praktikada tətbiq etmək imkanı yaradır. Bu laboratoriyalar tədris prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm rol oynayır.

Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün hərbi kabinədə lazımi şərait yaradılıb, kabinə əyani vəsaitlərlə təmin olunub. Hərbi kabinəyə baxış zamanı bildirilib ki, məktəbin məzunlarından 1-i Azərbaycan Polis Akademiyasında, 1-i Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Akademiyasında, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyin II kursunda təhsilini davam etdirir.

Ali Məclisin Sədri hərbi peşənin əhəmiyyətini vurğulayıb, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirilməsi barədə tapşırıq verib.

Məktəbin pedaqoji kollektivi ilə görüşdə Ali Məclisin Sədri Çərçiboğan kənd tam orta məktəbinin tədrisin müasir tələbləri səviyyəsində qurularaq istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladıb. Ali Məclisin Sədri deyib: “Bu gün yetişən gənclik XXI əsrdə yaşayır. XXI əsr isə yeni texnologiyalar əsridir. Məktəbdə kompüter sinfi, STEAM otağı, laboratoriyalar, kitabxana və başqa müasir tədris avadanlıqları istifadəyə verilir ki, gənclərimiz özlərini XXI əsrin gəncləri kimi hazırlaya bilsinlər. Müəllimlərin vəzifəsi isə Vətəninə, xalqına sədaqətli vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. Bütün bunlar həyata keçirildiyi zaman ölkəmizin müstəqilliyi də uzunömürlü olacaq, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini qoruyub saxlayacaq”.

Ali Məclisin Sədri nailiyyətlərə görə kollektivə təşəkkür edib, tədrisdə uğurlar arzulayıb.

Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqları,

o cümlədən musiqi məktəbləri tikilib istifadəyə verilir

Muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da daim diqqət və qayğı göstərilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Yeniyetmə və gənclərin istedadlarının və yaradıcılıq potensiallarının üzə çıxarılmasında uşaq musiqi məktəblərinin rolu böyükdür. Ümumiyyətlə, muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərində yaradılan şərait milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Musiqi məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni binaların tikilməsi istedadlı musiqiçi kadrların yetişdirilməsinə böyük töhfə verir. Bu gün muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi vardır ki, bunlardan 22-si müasir şəraiti olan yeni binalarla təmin olunub. Görülən işlərin davamı olaraq yanvarın 14-də Çərçiboğan Kənd Uşaq-Musiqi Məktəbi üçün inşa olunan müasir bina istifadəyə verilib.

Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, üçmərtəbəli məktəb binasında 3 musiqi ədəbiyyatı, 3 solfecio, 3 kamança, 3 nağara, 7 fortepiano, 2 tar, 4 qarmon, 2 nəfəsli alətlər, 1 xanəndə, 1 vokal, 1 qanun, 1 saz, 2 balaban, 2 truba sinifləri, 30 yerlik konsert zalı, direktor, müəllimlər, alət təmiri otaqları, kitabxana, arxiv, bufet, qarderob və təsərrüfat otağı vardır.

Musiqi məktəbinin kollektivi ilə görüşən Ali Məclisin Sədri yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. “Musiqi duyumu istedad tələb edir. Hər yaxşı oxuyan musiqiçi ola bilməz”, - deyən Ali Məclisin Sədri bildirib ki, musiqi duyumu olan gənclər seçilməli, onlarla xüsusi məşğul olunmalı, müəllimlər vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Muxtar respublika rəhbəri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Kənd yaşayış məntəqələrində sakinlərin rahatlığı üçün hərtərəfli şərait yaradılır

Muxtar respublikanın yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirləri uğurla davam etdirilir. Yanvarın 14-də Çərçiboğan kənd mərkəzi istifadəyə verilib.

Ali Məclisin Sədri binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 6141 kitab vardır. Rabitə evində 672 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Hazırda kənddə 255 internet istifadəçisi vardır.

Sonra iclas zalında sakinlərlə görüş olub. Ali Məclisin Sədri Çərçiboğan kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: “Bu gün Çərçiboğan kəndində yaradılan şərait bir kəndin timsalında ölkəmizdəki dövlət-xalq birliyinin göstəricisidir. Dövlətin insanlara göstərdiyi qayğının nümunəsidir. Eyni zamanda görülən işlər sakinlərin rahat yaşamasına hesablanmışdır. Əgər kənddə şərait varsa, insanların rahatlığı təmin olunubsa, onların işləməsi, fəaliyyət göstərməsi üçün lazımi şərait varsa, o kənddə inkişaf olacaq, məskunlaşma artacaqdır. Həyata keçirilən tədbirlər imkan verəcək ki, kənd bundan sonra da inkişaf etsin, daha da abadlaşsın, torpaqlar əkilsin, insanların yaşayış şəraiti daha da yaxşılaşsın. Əgər bir ölkədə sabitlik varsa, o ölkə inkişaf edəcəkdir, orada insanlar rahat yaşayacaq, insanların rifah halı yaxşılaşacaqdır. Azərbaycan 30 ildir müstəqil yaşayaraq inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bütün bunlara dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Ümummilli liderimiz Heydər Əliyev yolunun bəhrəsi də yaradılan bu şəraitdir”.

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Çərçiboğan kəndinin avtomobil yolu da yenidən qurulub. Yanvarın 14-də Ali Məclisin Sədri yolda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi uzunluğu 15,8 kilometr olan yola asfalt örtük salınıb, 5,8 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilib, yolun üzərində 3,4 kilometr beton su kanalı çəkilib, 53 metal boru, 13 beton su keçidi qoyulub.

İnsan amilinə verilən yüksək dəyərin növbəti nümunəsi

Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin davamlı olaraq gücləndirilməsi dövlət siyasətinin prioritetlərindədir. Muxtar respublikada da səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqətdə saxlanılır. Görülən işlərin davamı olaraq yanvarın 14-də Çərçiboğan kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Ali Məclisin Sədri səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb. Məlumat verilib ki, ikimərtəbəli həkim ambulatoriyası 14 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloq, palata, mama-ginekoloq və doğuş, manipulyasiya, fizioterapiya, peyvənd, laboratoriya, qeydiyyat, aptek, feldşer, tibb bacısı, texniki işçilər və qazanxana üçün otaqlar vardır. Tibb ocağı stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, fizioterapevtik kabinə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası ilə təmin edilib.

Muxtar respublika rəhbəri sakinlərin, xüsusilə uşaqların sağlamlığına və peşə hazırlığına diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Çərçiboğan kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib. Ali Məclisin Sədri mərkəzin açılışını edib. Muxtar respublika rəhbəri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına, yerli məhsullara üstünlük verilməsi barədə tapşırıqlar verib.

“Fərqli olaraq” fərdi yaradıcılıq sərgisi muxtar respublikanın

mədəni həyatında əlamətdar hadisə kimi yadda qalıb

Bu gün qədim diyarda yaradıcı insanlar dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Muxtar respublikanın tanınmış rəssamlarını ətrafında birləşdirən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti üçün də hər cür şərait vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə Rəssamlar Birliyinin 40 və 50 illik yubileyləri qeyd olunub, yeni bina istifadəyə verilib. Bütün bunlar göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də muxtar respublika rəssamlarının məsuliyyətini daha da artırır. Bugünədək keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarında, ümumilikdə, 36 ölkədən 250-yə yaxın rəssam iştirak edib. Təbii ki, bu da Naxçıvanda sənətə verilən dəyərin daha bir ifadəsidir. Sevindirici haldır ki, bu gün Naxçıvan rəssamlıq məktəbində varislik təmin olunub, gənc və istedadlı rəssamlar yetişib, onların yaradıcılığı hərtərəfli stimullaşdırılıb. Hər il Rəssamlar Birliyində onlarla sərgi açılır, yüzlərlə yeni əsər nümayiş etdirilir.

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın “Fərqli Olaraq” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Rəssamın əsərləri özünəməxsus üslubda yaradılıb. O, bizim gözümüzlə gördüyümüz, məişətdə istifadə etdiyimiz əşyaları natürmortlarında öz baxış prizmasından, dərin məzmun çalarları ilə nümayiş etdirir.

Ali Məclisin Sədri sərginin açılışında iştirak edib. Muxtar respublika rəhbəri ümummilli liderimiz Heydər Əliyevin “Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmaları üçün şəraiti təmin etməliyik” fikrini diqqətə çatdıraraq deyib: “Bu gün ölkəmizdə Ümummilli Liderimizin yolunun uğurla davam etdirilməsi və bu yola sədaqət rəssamlıq sənəti sahəsində də uğurların qazanılmasına şərait yaradır. Bu sahədə təhsilin bütün pillələri - orta ixtisas, ali və akademik pillələri təmin olunmuş, sərgi salonları, emalatxanalar və qalereyalar istifadəyə verilmişdir. Eyni zamanda rəssamların əməkləri qiymətləndirilir, fəxri adlar verilir, Prezident mükafatına və təqaüdünə layiq görülürlər. Bunlar ölkəmizdə rəssamlıq sənətinə göstərilən dövlət qayğısının ifadəsidir”.

“Bugünkü sərgi muxtar respublikanın mədəni həyatında bir hadisədir. Çünki Leyla Əzimbəyovanın yaradıcılığı muxtar respublikanın, ümumilikdə isə ölkəmizin rəssamlıq sənəti sahəsində yeni bir formadır, janrdır”, - deyən Ali Məclisin Sədri bu münasibətlə rəssamları və Leyla Əzimbəyovanı təbrik edib. Qeyd olunub ki, sərginin bir əhəmiyyəti də ondan ibarətdir ki, həm Bakıda, həm də Naxçıvanda satılacaq əsərlərdən əldə olunacaq vəsaitlər ölkə Prezidenti tərəfindən yaradılmış “YAŞAT” Fonduna köçürüləcəkdir ki, bu da ərazi bütövlüyümüzün bərpa olunmasında sağlamlığını itirmiş qazilərin müalicəsinə və digər işlərə sərf olunacaqdır.

Ali Məclisin Sədri bu təşəbbüsə görə rəssama təşəkkür edib, sərginin uğurlu olmasını arzulayıb. Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları sərgiyə baxıblar. Məlumat verilib ki, sərgidə Leyla Əzimbəyovanın əsərləri əsasında hazırlanan “Fərqli Olaraq” adlı albom-kataloqu və rəssamın “Möminə xatın”, “O vaxtkı toylar”, “İndiki toylar”, “Yaşanmışlıq”, “Söhbət”, “Bağda”, “Arpaçay”, “Biçənək”, “Payız nemətləri”, “Xatirələr”, “Payız” olmaqla, ümumilikdə, 38 əsəri nümayiş etdirilir. Sərgidə rəssamın portret, peyzaj, kompozisiya və natürmort janrlarında çəkdiyi əsərlər dərin məzmunu və yaradıcılıq xüsusiyyətləri ilə seçilir. Bu əsərlərdə həyat eşqi, insan və təbiətə doğma münasibət diqqəti daha çox cəlb edir.

Rəssam Leyla Əzimbəyova “Arpaçay” əsərini Ali Məclisin Sədrinə hədiyyə edib. Ali Məclisin Sədri deyib ki, Naxçıvanın təbiəti rəssamlar üçün geniş yaradıcılıq imkanları açır. Yəni Naxçıvan sənət baxımından çox zəngin və özünəməxsusdur. Bu illər ərzində muxtar respublikanın rəssamlıq sənətində xeyli uğurlar, irəliləyişlər əldə olunub. 1990-cı illərin acı nəticələri rəssamlıq sənətinə də zərbə vurmuş, bir sıra rəssamlar başqa ölkələrə getmiş, bəziləri peşəsini dəyişmişdir. Sonrakı illərdə görülmüş tədbirlər bu sahəni də bərpa etdi. Hazırda muxtar respublika rəssamlarının əsərləri nəinki ölkəmizdə, həm də beynəlxalq sərgilərdə nümayiş olunur.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiklərinə görə muxtar respublika rəssamlarına təşəkkür edib.

Müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz həbs edilib.

20 Yanvar hadisələri təkcə sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmayıb. Həmin gün eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi Qərar qəbul edib. Bu qərara əsasən Naxçıvan MSSR sovet imperiyasının tərkibindən çıxıb. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanıb, qəhrəmancasına mübarizə aparıb, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlayıblar.

Azərbaycan xalqının 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı Zəfər şəhidlərimizin ruhuna ehtiram olmaqla yanaşı, həm də xalqımızın bir daha faicələrlə, soyqırımlarla sınağa çəkilməcəyinə təminat verir.

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib. Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub.

Blokada şəraitində əldə olunan böyük uğurlar Vətənə bağlılığın,

torpağa sevginin real ifadəsidir

 

Çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik olan Naxçıvan bu gün də şərəfli inkişaf yolu keçir, dünyaya yeni intibahın nümunəsini göstərir. Qurub-yaratmaq əzmi ilə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar, sözün həqiqi mənasında, xarüqələr yaradırlar. Son illər Naxçıvan Muxtar Respublikasının Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırılması da bu baxımdan təsadüfi deyil. Ötən il və bu ilin ilk ayında görülən işlər, əldə olunan nəticələr, müəyyənləşdirilən yeni hədəflər də bu inkişafın davamlı xarakter aldığını bir daha sübut edir.

Dövlətimizin başçısı dediyi kimi: “Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Rauf Kəngərli

AZƏRTACn Naxçıvan bürosunun rəhbəri

Nəşr edilib : 15.02.2022 15:36