AZ EN RU

Yaradıcılıq müsabiqəsinə yekun vurulub

    Aprel ayının əvvəllərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinə start verilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müsabiqənin mükafatlandırma mərhələsi keçirilib.
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə, kurslara cəlbi diqqətdə saxlanılır, nazirlik tərəfindən keçirilən inşa, şeir, dram və digər müsabiqələrdə onların da iştirakı təmin olunur. Nazir keçirilən yaradıcılıq müsabiqəsinin bu kateqoriyadan olan şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müsabiqə qaliblərini təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. 
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxışında qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkilinə, onların cəmiyyətə fəal inteqrasiyasına xidmət edən sosial layihələrin və reabilitasiya xidmətlərinin həyata keçirilməsi cari ilin ötən dövründə də davam etdirilib. Bu kateqoriyadan olan uşaqların iştirakı ilə 10-a yaxın yaradıcılıq tədbiri təşkil olunub, bu tədbirlərə, ümumilikdə, 100-dən artıq uşaq cəlb edilib. Eyni zamanda nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 200-dən çox uşağa müvafiq xidmətlər göstərilib. Nazir diqqətə çatdırıb ki, həmçinin ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud istedadlı şəxslərin əmək qabiliyyətinin stimullaşdırılması məqsədilə bu qəbildən olan 27 müəllifin 500-ə yaxın əl işinin sərgi-satışı da təşkil edilib. 
    Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxışında vurğulayıb ki, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili onların reabilitasiyasını təmin etməyin ən faydalı üsullarındandır. Bu məqsədlə uşaqların idman oyunlarında, müxtəlif yarış və müsabiqələrdə, eləcə də mədəni tədbirlərdə iştirakı, uşaq musiqi məktəblərinə cəlbi üçün şəraitin yaradılması onların həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına xidmət edir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində hazırda 72 fiziki imkanı məhdud şagird təhsil alır. 
    Çıxış edənlər sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
    Təltifetmə mərasimində ilk yerləri tutanlara qiymətli hədiyyələr və diplomlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr və fəxri fərmanlar təqdim olunub. Tədbir müsabiqənin final mərhələsində fərqlənən iştirakçıların yaradıcılıq nümunələrinin nümayişi ilə davam etdirilib. Sonda sağlamlıq imkanları məhdud şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.05.2022 00:33