AZ EN RU

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nə cəlb edilib

    Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların sağlamlıqları, təlim-tərbiyəsi, təhsilləri, intellektual səviyyəsinin yüksəldilməsi, milli mənəvi dəyərlər əsasında tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu sahədə ardıcıl işlər görülür. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün “Yay məktəbi” təşkil olunub. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin, şəhid və qazi ailələrinin övladları, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlar olmaqla, ümumilikdə, 47 uşağın iştirak etdiyi “Yay məktəbi”nə 20 iyun tarixində start verilib. Bu münasibətlə Ağbulaq İstirahət Mərkəzində tədbir keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova və Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli tədbirdə çıxış edərək artıq ənənə halını almış “Yay məktəb”lərinin uşaqlar üçün əhəmiyyətinə toxunublar. Bildiriblər ki, muxtar respublikada uşaqlar yüksək diqqət və qayğı ilə əhatə olunublar. Dövlətimiz tərəfindən onların layiqli vətəndaş kimi yetişmələri, milli ruhda tərbiyə olunmaları, bilikli, bacarıqlı, yüksək intellektli vətəndaş kimi formalaşmaları üçün bütün mümkün tədbirlər həyata keçirilir. “Yay məktəb”lərinin təşkil edilməsinin uşaqların mənəvi inkşafında çox böyük əhəmiyyətinin olduğu vurğulanıb. Çıxış edənlər diqqətə çatdırıblar ki, uşaqların mənəvi – psixoloji inkişaflarına xidmət edən bu cür tədbirlər onlara yeni dostluqlar qazanmağa, muxtar respublikanın təbiəti ilə yaxından tanış olmağa, dünya görüşlərini artırmağa, asudə vaxtlarını səmərəli keçirməyə əlavə imkanlar yaradır.
     Şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova tədbirdə çıxış edərək gözəl təbiəti və istirahət üçün ideal məkan olan Ağbulaq İstirahət Mərkəzində olduğu üçün sevinc hissi keçirdiyini, burada keçirilən günlərin xoş və maraqlı olacağına, yeni dostlar, tanışlıqlar qazanacağına inandığını deyib. Bildirib ki, bu fürsəti yaxşı dəyərləndirməyə, “Yay məktəbi”ndə fəal iştirak etməyə çalışacaq. Gülay İbrahimova onlara belə imkanın yaradılmasına görə uşaqlar adından dövlətimizə minnətdarlıq edib. 
     Sonra uşaqlar Ağbulaq İstirahət Mərkəzində onlar üçün ayrılmış otaqlarda yerləşdirilib.
    Məlumat üçün bildirək ki, “Yay məktəbi”nin proqramına uyğun olaraq uşaq hüquqları ilə bağlı maarifləndirici seminar, Ağbulaq kəndinin ekskursiyası, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar, diskussiyalar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi keçiriləcəkdir. “Yay məktəbi”ndə vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayiş olunması və Şahbuz Mədəniyyət Sarayının “Batabat” İnstrumental Ansamblının iştirakı ilə konsert proqramının təşkil edilməsi də nəzərdə tutulub.
    Həmçinin Ağbulaq İstirahət Mərkəzində komitə tərəfindən istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış da təşkil edilib. Sərgi-satış 3 gün ərzində davam edəcək. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqlar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla mükafatlandırılacaq.
     Qeyd edək ki, “Yay məktəbi”nə cəlb olunmuş uşaqlara nəzarət etmək üçün 4 nəfər komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə 1 nəfər həkim təhkim olunub. “Yay məktəbi” 22 iyun tarixində başa çatacaq.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və 
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2022 20:15