AZ EN RU

Xeyirxahlıq, mərhəmət, sevgi dolu bayram

    Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda yaşadılır və uğurla davam etdirilir. Dini bayramlarımız dövlət səviyyəsində qeyd olunur, məscidlər, ziyarətgahlar tikilərək və ya bərpa olunaraq insanların istifadəsinə verilir. Dini-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən müqəddəs bayramlarımızdan biri də Qurban bayramıdır. 

    Bu bayramda icra edilən mərasimlər birlik və həmrəyliyin simvolu olmaqla həm də xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərə bağlılığını, humanizm və xeyirxahlıq hisslərini tərənnüm etdirir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 7-də Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir:  “Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir. Azərbaycan xalqı əsrlərboyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir. 
    Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm”.
    Muxtar respublikamızda digər dini bayramlarımız, eləcə də Qurban bayramı hər il yüksək səviyyədə qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına göstərdiyi xüsusi diqqət və qayğı onun rəhbərliyi və tövsiyəsi ilə dini-mənəvi dəyərlər sahəsində görülən işlər İslam dininin həyat və mənəviyyatımızdakı rolunun, dövlət-din münasibətlərinin tənzimlənməsi ilə cəmiyyətdə formalaşan tolerantlıq, multikultural dəyərlərin qorunmasının vacibliyini bir daha ön plana çəkir. Həmçinin cari il mart ayının 29-da dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirədə Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək demişdir: “...Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura muxtar respublikada dini bayramların, ayinlərin və yas mərasimlərinin bundan sonra da dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsinə diqqət etməli, məscidlərdə oxunan xütbələr mənəvi dəyərlərimizə zidd olmayan mövzulara həsr olunmalı, vətənpərvərlik və torpağa bağlılıq kimi ali dəyərlər İslam əxlaqı prizmasından izah edilməlidir... Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dini maarifləndirmə tədbirlərinin effektivliyini artırmalı, din və cəmiyyət, din və dövlət münasibətlərinin mahiyyətini ifadə edən maarifləndirici tədbirlər keçirilməli, müzakirələr aparılmalı, kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə olunmalıdır...”
    “Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır”, – deyən Ali  Məclis Sədrinin diqqət və qayğısı ilə Naxçıvan bu gün də İslam sivilizasiyasının əsas mərkəzi, elm, mədəniyyət beşiyi kimi öz ünvanını qoruyub saxlamışdır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində səbəbi məhz İslamın ən güclü dayaqlarından biri kimi dəyərləndirilən bu torpaqda İslam dəyərlərinin yaşadılması, tarixi-mədəni irsin inkişaf etdirilməsi olmuşdur. Həmçinin dini-mədəni abidələrin tədqiqi, tikintisi və bərpası dini bayramlarımızın ənənələrimizə uyğun şəkildə icrasında, insanların ibadətlərini rahat yerinə yetirməsində mühüm rol oynayır. İslamın əsas bayramlarından sayılan, yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Qurban bayramı da muxtar respublika sakinləri tərəfindən böyük sevinclə qeyd edilir. 
    Tarixi mənbələrə əsasən deyə bilərik ki, Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində və adətən, 3 gün davam edir. Müqəddəs kitаbımız “Qurаni-Kərim”də yаzılır ki, İbrаhim Peyğəmbər Şаmа yetişdikdən sоnrа duа edib deyir: “Ey rəbbim! Mənə sаlehlərdən оlаn bir övlаd bəхş et! Ulu Tаnrı оnа həlim хаsiyyətli bir оğlаn uşаğı İsmаyılı müjdə verdi”. Yuxuda Allah (s.s.) İbrahim Peyğəmbərə oğlunu qurban verməyi (onların Allaha inamını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olur, İsmayılın özü də qurban olmağa razılaşır. Lakin Uca Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Elə bu аndа səs gəlir: “Yа İbrаhim! Аrtıq sən röyаnın düzgünlüyünü təsdiq etdin! (Sənə yuхudа nə əmr оlunmuşdursа, оnu yerinə yetirdin. Аllаh sənə lütf edərək bir qоç kəsməyi buyurur)”. Buna görə də, bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyilir.
    İbrahimin qoca yaşında Allahın ona nəsib etdiyi, çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.
    Qədim türklər yaşadıqları yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlığa yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Ən böyük qurban isə at olmuşdur. Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında geniş yayılmışdır. Digər heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə qurban kəsilməmişdir. “Kitabi-Dədə Qorqud” dastanında qurbanlıq kimi atdan ayğır, qoyundan qoç, dəvədən buğra qurbanlığı göstərilir. Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və sair ilə əlaqələndirilir”.
    El deyimində də təsvir edildiyi kimi, insanlar canlarından çox sevdikləri – ana, Vətən, torpaq, el yolunda, candan da şirin bala uğrunda özlərini qurban verməyə hazır olmuşlar:

    Əzizinəm, şəhiddir,
          O, müqəddəs şəhiddir.
Canını vətəninə
          Qurban verən şəhiddir.

    Qurban vermək, qurban kəsmək adəti İslamdan çox-çox əvvəl dünyanın bir çox xalqları tərəfindən icra edilsə də, müqəddəs dinimiz Allah yolunda qurban verməkdə dönüş yaratmaqla bəşəriyyəti insanı qurban verməkdən çəkindirmiş, hətta bu cür qurbanı qadağan etmişdir. 
    Bütün müsəlmanlar kimi bizim xalqımıza da əziz olan bu bayramda yalnız ev heyvanları: xırdabuynuzlu heyvanlar (qoç, qoyun, toğlu, keçi və sair), dana, dəvə, öküz və ya bu cinsdən olan heyvanlar kəsilir. Digər heyvanların və quşların qurban kəsilməsi İslam dinində məqsədəuyğun hesab edilmir. Qurban adətlərinə görə, qurban kəsiləcək heyvan sağlam olmalı, heç bir şikəstliyi olmamalı idi. Adətən, qurban kəsiləcək heyvan əvvəlcə seçilib bəslənilər. İslami qaydaya görə, əgər qurban xırdabuynuzlu və erkəkdirsə, yaş həddi 7 aylıqdan böyük olmalı, əgər qaramaldırsa, bir ili tamam olub ikinci ilə keçməlidir, dəvədirsə, mütləq 7 yaşa keçməsi vacib hesab olunur. Xalq şairi Səməd Vurğun öz şeirində Qurban bayramından belə bəhs etmişdir:

    Qurban bayramıydı,  gülürdü dağlar,
    Qonşumuz xınalı bir erkək kəsdi.

    Müqəddəs kitabımız “Qurani-Kərim”də də yazılır: “Rəbbin üçün namaz qıl və qurban kəs! De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”. “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Mərasimlərdə kəsilən qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay götürülür, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. 
    Qurban bayramı günü gəlinə və ya nişanlı qıza “qurban payı” aparmaq adəti geniş yayılmışdır. Bu adət günümüzdə də mövcuddur. “Qurban payı” ailənin maddi vəziyyətindən  asılı olur. Bəzən bir şaqqa (heyvanın bir tərəfi), bəzən də bir neçə kiloqram ət aparırlar. İmkanlı ailələr isə buynuzlu qoçu bəzəyib qız evinə, gəlin evinə götürürlər. Qurbana 2-3 ay qalmış Məkkəyə gedər, Həcc əməllərini, ziyarətin 10-cu günü onlardan başlıcası sayılan qurbankəsmə əməlini də yerinə yetirərlər. Qaydaya görə Həccə ziyarətə gedənin evdə birillik ruzisi olmalı, eləcə də qohumunun, qonşusunun dolanışığı yaxşı olmalı, yəni ehtiyacı olmamalıdır.
    Qurbankəsmə mərasimi İslamdan əvvəl günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq üçün nəzərdə tutulurdusa, sonradan dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərlə xarakterizə edilir, özü ilə hamıya saflıq, təmizlik gətirir. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri onun din, məzhəb ayrı-seçkiliyinə yol verilmədən paylanılmasıdırsa, qurbanlığın şərtlərindən digəri isə  qurban kəsməyin yalnız buna imkanı olan adamların boynunda haqq olmasıdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib hesab olunmur. Bu bayramda hamı sevinir, ona görə ki, Allaha xoş gedən əməli icra edir və başqalarından mərhəmət və qayğı görür.
    Muxtar respublikamızda hər il böyük təntənə ilə, dini ayinlərə uyğun şəkildə qeyd olunan Qurban bayramında məscidlərdə bayram namazı qılınır, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsi dərin ehtiramla yad edilir, Naxçıvan şəhərindəki məscidlərdə qurban əti paylanılır. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Qurban bayramı münasibətilə muxtar respublikanın bütün bölgələrində şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına və qazilərə, sağlamlıq imkanları məhdud şəxslərə, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə bayram sovqatları verilir. Muxtar respublikamızda yaşayan əcnəbilərə, xüsusilə də ali təhsil alan xarici ölkə vətəndaşlarına müxtəlif milli, dini bayramlarda sovqatların verilməsi dövlət qayğısının təzahürü kimi ənənə halını almışdır. Qurban bayramında da əcnəbi tələbələrə qurban paylarının verilməsi rəğbət və minnətdarlıqla qarşılanır. Bu, ulu diyarımızda humanizm prinsiplərinin, milli və dini dəyərlərimizin dövlət səviyyəsində qorunub yaşadılmasına, həmrəyliyə ideal nümunədir.

    Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”. Mübarək bayram günlərində etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə hər birinizin Qurban bayramını təbrik edirik!.

Güntac ŞAHMƏMMƏDLİ,
Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin dosenti

Nəşr edilib : 08.07.2022 19:49