AZ EN RU

Xalqımızın qəhrəmanlıq salnaməsi, milli şərəf və ləyaqət rəmzi

    Tariximizin qəhrəmanlıq salnaməsi, xalqımızın vətənpərvərlik nümunəsi, azadlıq mübarizəsinin rəmzi, iftixar günümüz olan 20 Yanvardan illər ötsə də, bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdilər. Azərbaycan övladları ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya göstərərək 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqqı olaraq qazandığını sübut edir.

    Yanvarın 19-dan 20-nə keçən gecə... Xalqımızın tarixinə qanla yazılmış bir səhifə. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 
    Silahsız, dinc əhaliyə qarşı keçirilən həmin qanlı əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostov vilayətlərindən səfərbərliyə alınmış erməni əsgər və zabitlər, orduda xidmət edən ermənilər daxil idi. Xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 3 istiqamətdə yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər etdilər. Bu hadisə zamanı 147 Azərbaycan vətəndaşı şəhidlik zirvəsinə yüksəldi, 744 nəfər yaralandı və xəsarət aldı, 841 nəfər qanunsuz həbs edildi.
    Mərkəzi hakimiyyətin orqanı olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində Bakıda törədilmiş qırğının əsl mahiyyətini gizlədərək yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”
    Onu da xatırladaq ki, 20 Yanvara qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qanlı cinayətlərlə Naxçıvana erməni hücumunun zaman etibarilə üst-üstə düşməsi hadisələrin eyni mərkəzdən idarə olunduğunu sübut edirdi. Sərhəd bölgəmiz Sədərəyi qoruyan könüllülər oldu. Həmin gün 8 şəhid verildi. Erməni quldurları Naxçıvan torpaqlarını ələ keçirmək məqsədilə 1990-1993-cü illərdə dəfələrlə bu qədim yurd yerinə hücum ediblər. Daha dəqiq desək, bu qısa müddətdə Sədərəkdə 14 dəfə qanlı döyüş olub. Həmin döyüşlərdə 108 nəfər şəhidlik zirvəsinə ucalıb. 
    Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələrinin və erməni silahlı dəstələrinin muxtar respublikaya hücumu qan tökülməsi və erməni quldur dəstələrinin Kərki kəndini işğal etməsi ilə nəticələnmiş, Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə naxçıvanlılar böyük mərdlik və yenilməzlik nümayiş etdirmişlər. O vaxt naxçıvanlıların atdıqları belə cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Burada müdriklərdən birinin aşağıdakı fikrini xatırlamaq yerinə düşər: “Özünü vətəndaş zənn edən hər kəs Vətənin dərdinə yad qala bilməz”.
    O da xüsusi vurğulanmalıdır ki, bu qanlı terror aktına ilk dəfə öz etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndə­liyinə gələrək mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ancaq ulu öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etirazını, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü bildirmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlunun bu bəyanatı bütün dünyada geniş əks-səda doğurmuşdur. 
    Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının ən çətin anında Mos­kvadan doğma Vətəninə qayıdanda Azərbaycan çox ağır günlərini yaşayırdı. Respublikamız parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Xalqımızın böyük oğlu Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Buna baxmayaraq, Ulu Öndər Vətənə döndü. Böyük siyasətçinin öz xalqına olan sevgisi, xalqın da Ümummilli Liderimizə inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
    Görkəmli dövlət xadimi tərəfindən hazırlanan və onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Qərarda deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır. Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətlərin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır”. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
    Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, Ümummilli Liderin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. Fərmanda deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
    1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz Ümummilli Liderimizin təşəbbüsü ilə baş vermişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir. 
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sen­tyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı, Azərbaycan misilsiz tarixi qələbə qazandı. Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamında deyildiyi kimi: “Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir”. 
    Bu birlik və həmrəyliyi nümayiş etdirənlər məhz 1990-cı ilin 20 Yanvarında şəhidlik adlı zirvəni fəth edənlərin ardıcılları idi. Xalqımız 20 Yanvar günü, istiqlaliyyət, torpağı, azadlığı, xalqı, onun gələcəyi naminə haqq səsini ucaldaraq şəhidlik zirvəsinə yüksələn həmin oğul və qızlarına söz vermişdi ki, uğrunda can qoyduqları bu Vətənin müstəqilliyini təmin edəcək, doğma ərazilərinə göz dikən mənfur düşmənə layiqli cavab verərək ərazi bütövlüyünü sonsuzadək qoruyacaq. Və müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Zəfər yürüşü müqəddəs anlarla tarixə həkk olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qarabağın tacı Şuşanın işğalçılardan azad edilməsi xəbərini də məhz Şəhidlər xiyabanından Azərbaycan xalqına müjdələməsi təsadüfi deyildi. Bəli, Azərbaycan xalqı zülmə qarşı barışmaz olduğunu 20 Yanvar gecəsində sübut etdiyi kimi, illər sonra Vətən müharibəsində düşmənə “Dəmir yumruq” ilə layiqli cavab verərək bir daha bütün dünyaya bəyan etdi. 44 günlük müharibədəki tarixi Qələbə ilə xalqımız Vətəni canından, qanından artıq sevdiyini bir daha dosta da, düşmənə də nümayiş etdirdi. 
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar tarixini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsinə dərin ehtiramlarını bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi qürur mənbəyidir. Xalqımız əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi, şərəf tariximiz olan bu günü heç vaxt unutmayacaqdır. 2020-ci ildə qazandığımız Tarixi Qələbə şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsi oldu. Nə qədər ki, qüdrətli Azərbaycan, müzəffər Ordumuz, vətənpərvər xalqımız var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaq. 
    “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 yanvar tarixli Fərmanı, həmçinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 yanvar tarixli Fərmanı şəhidlik zirvəsinə ucalmış igid eloğullarımızın ruhuna böyük ehtiramı bir daha təsdiq edir. Nə qədər ki, müstəqil, qüdrətli, qalib Azərbaycan var, milli istiqlal hərəkatımızın təməl daşı, qəhrəmanlıq və milli ləyaqət salnaməmiz olan 20 Yanvar tarixi, şəhidlərimizin əziz xatirəsi daim yaşadılacaq.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 20.01.2023 11:23