AZ EN RU

Xalq Teatrının yeni tamaşası olub

    Oktyabrın 13-də Babək Rayon Mədəniyyət Sarayında rayon xalq teatrı Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndələrindən biri, şair, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin “Ana” faciəsi əsasında hazırlanan eyniadlı tamaşanı ictimaiyyətə təqdim etmişdir. 
    “Ana” faciəsi böyük ədibin dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Əsərdə İsmət, onun qardaşı Səlim, Orxan, Qanpolad və digər obrazlar olsa da, hadisələrin mərkəzində baş qəhrəman Səlma ana durur. Dağıstan xalqlarına, onların temperamentinə xas əhvali-ruhiyyənin hökm sürdüyü əsərin əsas xəttini Qanpoladla onun rəqibi Orxan arasında olan eşq uğrunda mübarizə təşkil etsə də, əsas ideya Qafqazın müsəlman xalqlarına məxsus qonaqpərvərlik, aman istəyənə sığınacaq vermək, düşmənin belə olsa, sənə sığınana mərhəmət göstərmək kimi mənəvi xüsusiyyətlərin təbliğidir. 
    Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Fətəli Axundzadə, rejissor assistenti Gülüzar Heydərli, səs operatoru Emil Quliyevdir. Tamaşada obrazları Gülüzar Heydərli, Abbas Babazadə, Nuray Mehdiyeva, Ələkbər İsmayılov, İlman İbrahimov və Rasim Qasımov canlandırmışdır. 
    Böyük şair-dramaturq Hüseyn Cavidin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dövlət səviyyəsində qeyd olunacaq 140 illik yubileyinə həsr olunan tamaşa alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 20:05