AZ EN RU

“Xalq qəzeti”nin əməkdaşları: “Əsas məqsədimiz Naxçıvandakı ən kiçik yeniliyi belə dərhal, operativ şəkildə qəzetdə əks etdirmək, öz yazılarımızla Naxçıvanda başlanan proseslərə dəstək verməkdir”

    Xəbər verdiyimiz kimi, ölkəmizin gündəlik ictimai-siyasi həyatını geniş oxucu kütləsinə təqdim edən “Xalq qəzeti”nin əməkdaşlarından baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu və İqtisadiyyat şöbəsinin müdiri Vaqif Bayramov Naxçıvan Muxtar Respublikasına gəliblər. Qonaqlar səfər çərçivəsində bir sıra təşkilatlarda olub, muxtar respublikanın elm, təhsil, iqtisadi potensialı, jurnalist kadrların hazırlanması, qəzetdə yaradıcı işin təşkili barədə bütün sahələrdə gedən dəyişikliklərin, inkişaf proseslərinin “Xalq qəzeti”ndə işıqlandırılması üçün ətraflı məlumatlar əldə ediblər. “Heydər Əliyev İli”ndə Ulu Öndərin doğma vətəninə planlaşdırılan səfərin ikinci günü jurnalistlər Heydər Əliyev Muzeyində olub, burada dahi şəxsiyyətin mənalı həyatı, siyasi fəaliyyəti barədə məlumatlar əldə edib, zəngin təəssüratlar qazanıblar. Məlumat verilib ki, bu muzey Ümummilli Liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan muzeylərdən fərqli cəhəti ondadır ki, Ulu Öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaqda olmaqla həm də dahi şəxsiyyət haqqında çox nadir materiallar – eksponatlarla kifayət qədər zəngindir. 420 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda bu gün 5 minə yaxın eksponat qorunub saxlanılır.
    Naxçıvan Sənaye Kompleksinə gələn qonaqlar muxtar respublikamızda tikinti sənayesinin inkişafı, müəssisədə quraşdırılan müasir avadanlıqlar, istehsal imkanları, məhsul çeşidləri, keyfiyyət göstəriciləri haqqında dolğun informasiyalar toplayıblar.  
    Tanınmış jurnalistlər səfərin məqsədi, keçirilən görüşlər, gələcək perspektivlərlə bağlı düşüncələrini “Şərq qapısı” qəzetinin oxucuları üçün bölüşüblər:  

    Tahir Aydınoğlu – “Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist: – Təkcə böyük Cəlil Məmmədquluzadənin adını çəkmək kifayət edir ki, Naxçıvan mətbuatının necə böyük ənənələrə malik olduğu barədə dolğun fikir, böyük təəssürat yaransın. Mirzə Cəlilin yaratdığı “Molla Nəsrəddin” jurnalistikası milli mətbuatımızın demokratik özülünü, demokratik düşüncənin, jurnalistlik fəaliyyətin məfkurəvi əsasını təşkil edir. Bütövlükdə, bu gün dövlətçilik ideologiyamız olan Azərbaycançılığın bir çox mühüm elementləri “Molla Nəsrəddin” jurnalistikasından qaynaqlanır. 104 illik tarixə malik “Xalq qəzeti” ilə Naxçıvanın əsas, aparıcı mətbuat orqanı olan 102 yaşlı “Şərq qapısı” arasında bir əsrə yaxın əlaqələr vardır. Hələ ötən əsrin 20-ci, 30-cu illərində, ümumiyyətlə, bütün dövrlərdə bizim redaksiya Naxçıvan mövzusunu, coğrafiya və mühitini əhatə etmək üçün “Şərq qapısı”na, onun jurnalistlərinə istinad edib. “Xalq qəzeti”nin ayrı-ayrı dövrlərdə Naxçıvanda müxbir məntəqəsi, indiki adla desək, bölgə müxbiri olub. Onların da istinadgah nöqtəsi yerli idarəçilik orqanları ilə yanaşı, professionallıq baxımdan “Şərq qapısı” qəzeti olub. Bu gün də belədir. 
    Onu da deyim ki, bu gün “Xalq qəzeti” ilə Naxçıvan Muxtar Respublikasının taleyində oxşar proseslər gedir, yeni bir dövrə qədəm qoyulur. Ölkə Prezidentinin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası son 30 ildə əldə etdiyi çox ciddi sosial-iqtisadi uğurların təməli üzərində yeni bir inkişaf dövrünə daxil olub. “Xalq qəzeti” də özünün bir əsrdən artıq fəaliyyətində yeni keyfiyyət dövrü elan edib: “Xalq qəzeti”sənsə, xalqın qəzeti ol! Ölkə rəhbərliyi də bizim redaksiyaya tövsiyə edib ki, mətbuat orqanı daha çox xalqın qəzeti olsun, daha çox xalqın maraqlarını əks etdirsin. Belə olduqda Azərbaycanın dövlət siyasəti ilə xalqın maraqları daha çox yaxınlaşmış olacaq. Bu baxımdan yeni inkişaf dövrünə qədəm qoymuş Naxçıvan Muxtar Respublikasının timsalında “Xalq qəzeti” üçün tarixi ənənələr üzərində yeni bir dövr başlanır. Elə biz də muxtar respublikaya bu məqsədlə ezam olunduq. Tapşırıq oldu ki, elə əlaqələr yaradaq ki, Naxçıvandakı ən kiçik yeniliyi belə dərhal, operativ şəkildə qəzetdə əks etdirək, öz yazılarımızla Naxçıvanda başlanan proseslərə dəstək verək. Və nəticədə, dövlət başçısı cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin Naxçıvan barədə vəsiyyətlərinin yeni dövrdə, “Heydər Əliyev İli”ndə daha yüksək səviyyədə gerçəkləşməsinə “Xalq qəzeti” də öz töhfəsini versin. 
    Səfər çərçivəsində ilk olaraq “Şərq qapısı” qəzetinin əməkdaşları, həmkarlarımızla görüşdük, redaksiyanın fəaliyyəti üçün yaradılan əlverişli şərait, maddi baza ilə tanış olduq. Görüşümüz böyük məmnunluq doğurdu. Bu gün fəxrlə demək olar ki, ölkənin heç bir yerində jurnalistikanın, bölgə mətbuatının inkişafı üçün belə bir şərait yoxdur. Əslində, Naxçıvan mətbuatına, “Şərq qapısı”na biz şərti olaraq bölgə mətbuatı deyirik. Naxçıvan ölkə­nin qədim, böyük bir parçasıdır, muxtar respublika statusunda bir coğrafiyadır. Elə “Şərq qapısı” da ümumrespublika qəzeti olmağa layiqdir, ölkənin hər yerində qəzetin oxucuları vardır. Buradakı həmkarlarımızla artıq əlaqələr qurulub, əməkdaşların yazıları “Xalq qəzeti”ndə dərc olunur, gələcəkdə bu sahədə fəaliyyəti daha da genişləndirmək, büro yaratmaq istəyirik. Bütün muxtar respublika jurnalistlərini, burada nəşr olunan rayon qəzetlərində fəaliyyət göstərən həmkarlarımızı da “Xalq qəzeti” ilə əməkdaşlığa dəvət edirik. Səfər çərçivəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevlə də görüşdük, görüşlərdə əvvəlki illərdə olduğu kimi, bundan sonra da Naxçıvan elmi mühitinin, ziyalıların “Xalq qəzeti”nin ziyalı dayaq məntəqəsi olacağına əminlik ifadə edildi. Bu mənada, xüsusi qeyd edim ki, görkəmli akademiklərimizdən İsa Həbibbəyli həm Naxçıvan Dövlət Universitetinin rektoru olduğu zaman, həm də indiki dövrdə, eləcə də İsmayıl Hacıyev aktual mövzularla qəzetdə çıxış edən fəal müəlliflərdir. Naxçıvan Dövlət Universiteti barədə də onu deyə bilərəm ki, bu ali təhsil ocağı Azərbaycanı beynəlxalq arenada öz reytinqi ilə ləyaqətlə təmsil edən bir təhsil müəssisəsidir. Elbrus müəllim də məlumat verdi ki, ali təhsil ocağı ən çox tələbə kontingenti, eləcə də daha çox xarici ölkədən tələbəsi olan bir universitet imici qazanıb. Burada çox güclü tarixçilər, dilçilər, politoloqlar fəaliyyət göstərir ki, onlardan bir neçəsi “Xalq qəzeti” ilə əvvəllər əməkdaşlıq ediblər, silsilə yazıları qəzetdə işıq üzü görüb. İstərdik ki, gələcəkdə bu əlaqələr daha da güclənsin, universitetin müəllimləri daimi müəllifə çevrilsinlər. 
    Tahir Aydınoğlu qeyd edib ki, əsas məqsəd Azərbaycanın uğurlarının, eləcə də mövcud problemlərin, çatışmazlıqların “Xalq qəzeti”nin timsalında ölkə mətbuatına çıxmasına nail olmaqdır. Ölkə rəhbərliyi medianın çıxışlarına çox böyük önəm verir. Elə məsələlər vardır ki, onlar medianın çıxışından sonra dərhal həllini tapır. Bu Ulu Öndərin ənənəsidir. Ümummilli Lider jurnalistlərlə görüşündə deyirdi ki, mətbuat mənim idarəçilikdə ən yaxın silahdaşım olub, nöqsanların aradan qaldırılmasında mən rəsmi orqanlardan, icra qurumlarından çox mediadan dəstək, informasiya almışam. Bu baxımdan Ulu Öndər ənənələrinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin mediaya verdiyi önəmi doğrultmağa çalışırıq və inanıram ki, birgə əlaqələrimiz buna imkan verəcək. İnanırıq ki, “Xalq qəzeti” ilə “Şərq qapısı” arasındakı əlaqə yeni dövrdə daha da məhsuldar olacaq, ənənəni daha yüksək səviyyədə davam etdirə biləcəyik.

    Vaqif Bayramov –  “Xalq qəzeti”nin İqtisadiyyat şöbəsinin müdiri: –  Mənim şəxsi fikrimdir ki, Azərbaycanın böyük şəhərlərindən sayılan nə Sumqayıtda, nə Gəncədə, eləcə də digər rayonlarda Naxçıvan Muxtar Respublikasında olan inkişafı görmüşəm. Bu da, təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevin blokadada olan diyara xüsusi diqqət və qayğısının nəticəsidir. Həqiqi mənada, Naxçıvan heç bir tarixi dövrdə belə inkişaf yolu keçməyib. Biznes Mərkəzində buradakı müəssisələrdə istehsal olunan məhsullara baxdıq, muxtar respublikanın iqtisadi potensialının nə dərəcədə güclü olduğunu əyani şəkildə gördük. Bütün bu uğurlar, nailiyyətlər həm də naxçıvanlıların zəhmətkeşliyinin, fədakarlığının nəticəsidir. Heç şübhəsiz ki, ölkə başçımızın rəhbərliyi ilə burada yaradılan yeni idarəetmə sistemi, aparılan köklü islahatlar, struktur dəyişikliklər bu inkişafa daha ciddi təkan verəcək. “Xalq qəzeti” olaraq biz də bu sosial-iqtisadi inkişaf, yeniliklər barədə məlumatlar toplayıb silsilə yazılar hazırlamaq üçün buradayıq, inanırıq ki, zəngin məlumatların timsalında gözəl, təhlili məqalələr ərsəyə gətirə biləcəyik. 

Nail ƏSGƏROV

Nəşr edilib : 31.01.2023 13:24