AZ EN RU

Vətəndaşların daşınmaz əmlak və torpaq məsələləri üzrə müraciətləri diqqət mərkəzində saxlanılır

    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən dekabr ayı ərzində mülkiyyət hüquqlarının operativ qeydiyyatı təmin edilib, vətəndaşların daşınmaz əmlak və torpaq məsələləri üzrə müraciətləri diqqət mərkəzində saxlanılıb.
    “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Kəngərli rayonunun Yurdçu və Babək rayonunun Aşağı Buzqov kəndlərində bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib, torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənən kartoqramlar Kəngərli rayonunun Yurdçu, Çalxanqala, Qabıllı, Yeni Kərki, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov bələdiyyələrinə təqdim olunub.
    Xidmət tərəfindən dekabr ayında 814 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, 671 texniki sənəd hazırlanıb, 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 66 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 567 arayış verilib. 
    Ötən ay ərzində xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 119 müraciət qəbul edilərək icra edilib. Müvafiq dövrdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1124 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq 
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 23.01.2023 19:58