AZ EN RU

“Vətən müharibəsi iştirakçısı” medalının təqdimatı olub

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli Sərəncamına əsasən Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, xəsarət almış şəxslər “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Həmin medalın və onun vəsiqəsinin təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ordu quruculuğu sahəsində mühüm işlər görülür. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Qeyd olunub ki, Vətən müharibəsində iştirak edən, şəhid olan qəhrəmanların şücaəti gələcək nəsillərə örnəkdir və onların sırasında Naxçıvanın mərd oğulları da vardır. Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Naxçıvan şəhər sakinləri  – qazilər kapitan Ağamir Seyidov, baş leytenant Arif Niftəliyev, baş leytenant Ziya Quliyev, leytenant Şamil Zeynalov, çavuş Nurlan Quliyev, əsgər Əyyub Sadıxov, əsgər Mövləddin Süleymanov, Vətən müharibəsi iştirakçıları mayor Ruslan Novruzov, mayor Rasim Zamanov, baş leytenant Rövşən Xəlilov, leytenant Mirrza Seyidov, kiçik gizir Azər Sadıxov, kiçik gizir Emil Zeynalov, əsgər Şükür Novruzov, əsgər Elçin Rzayev, əsgər Mir İsmayıl Süleymanov, əsgər Aydın Şirinov “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunublar. 
    Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, gözlərini qırpmadan canlarını qurban verib, Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdiriblər. Şəhidlərimizin və qazilərimizin hər birinin şücaəti, qəhrəmanlığı bu gün də, gələcəkdə də yetişən yeni nəsillər üçün vətəndaşlıq, vətənpərvərlik nümunəsidir. 
    Vurğulanıb ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Naxçıvanda da şəhid ailələri, qazi və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, onlar mənzil və avtomobillərlə təmin edilirlər. 
    Sonra “Vətən müharibəsi iştirakçısı” medalının təqdimatı olub. Qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Nail ƏSGƏROV

Nəşr edilib : 30.11.2022 19:34