AZ EN RU

Vətən fədaisi

    28 il ömür yaşayan Toğrul ömrünün gənc çağında həyatın sınaqları, çətinlikləri, ayrılıqları ilə mücadilə edə-edə ürəyi yorğun düşüb, ruhən qocalmışdı. O, həyatın ən böyük itkilərini gənc yaşında ard-arda yaşamışdı. Ailənin ilk övladı olaraq ata-ana itkisinin ağırlığı ilə bərabər qardaş-bacısının qayğısının yükünü də öz çiyinlərinə yığmışdı. Ata-ana itkisi ürəyini yandırsa da, qardaş-bacısına təkcə qardaş yox, həm də ata-ana olmuşdu. Sonra isə Vətənə can oldu Vətən oğlu...

    İllərdir, gəlmək arzusunda olduğum Naxçıvana qədəm qoyarkən ilk üz tutduğum ünvan Toğrul Səyyad oğlu Məmmədovun bir zamanlar yaşadığı müqəddəs ocaq oldu. Uzun illərdir, qəhrəmanlığından sətir-sətir yazdığım Toğrul Məmmədovun evində onun adına guşəni görəndə o əşyaların xatirələri göz önümdə canlandı. Erkən yaşlarında ata-anasını itirən və Toğrulu özünə dayaq bilən qardaşı Üzeyir Məmmədovun gözlərinin dərinliyindəki hüznü, qardaş həsrətini duymamaq mümkün deyildi. Mən bu həsrəti çox duymuşdum, ancaq bu dəfə o həsrəti kədərli gözlərdən sətir-sətir oxudum. Dəfələrlə Toğrulun həyatından bəhs etmişəm. Hər dəfə bu həyata nəzər saldığımda Toğrulsuzluğun acısını daha dərindən hiss edirdim. Bu dəfə isə həsrətimin rəngi tam ayrıdır. Bu dəfə Toğrulun bir zamanlar yaşadığı evdə onun ömür kitabını səhifələyib, qəhrəmanlığından bəhs edən səhifələrə birini də əlavə edəcəyəm. 
    1988-ci il Günəşin gur şəfəqləri ilə isitdiyi iyul ayında nəfəsi ilə isitmişdi evini, ocağını Toğrul Məmmədov. Ata-anası ilk övlad kimi bağrına basdığı Toğrul dünyaya gəlişi ilə böyük ümidlərə, arzulara yelkən açmışdır. Görəsən, o arzuların içində iyulun 26-da Babək rayonunun Şıxmahmud kəndində dünyaya gələn bu oğlun bütün Azərbaycanın oğlu olması arzusu da yer almışdımı?
    1994-cü ildə məktəbli kimi Babək rayon Şıxmahmud kənd tam orta məktəbinə qədəm qoyan Toğrulun bir gün nə vaxtsa Azərbaycanın bütövlüyü uğrunda qanının son damlasına qədər mənfur düşmənlə vuruşub, şəhidlik zirvəsinə çatacağını və o məktəbin fərəhi, qüruru olaraq xatırlanacağını heç kim təsəvvür etməzdi. Toğrul ürəyində pərvaz edən Vətən sevgisi ilə təhsilini 2002-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə davam etdirib. 3 il orada təhsil aldıqdan sonra Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Həmin məktəbi 2009-cu ildə AAHM-i leytenant hərbi rütbəsi ilə bitirib. İşinin peşəkarı olmaq yolunda atdığı addımlarla kifayətlənməyən Toğrul Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 1 il ixtisasartırma kursu keçib. Qəhrəman şəhidimizin səngər həyatı 2010-cu ildə başlayıb. Hər zaman ön cəbhədə xidmət edən Toğrul dəfələrlə düşmən təxribatının qarşısını alıb. 2012-ci ildə baş leytenant hərbi rütbəsinə yüksələn Vətən oğlu qısa zamanda taqım komandiri vəzifəsindən xidmət komandiri vəzifəsinə yüksəlib. 
    Toğrulun alnına iki döyüş görüb, sonra şəhid olmaq yazılıbmış. 2014-cü ildə düşmən Ağdam istiqamətində təxribat törədən zaman Vətənin müdafiəsinə qalxanlardan biri də Toğrul olub. Həmin döyüşlərdə Azərbaycan Ordusunun müxtəlif rütbəli 13 hərbçisi şəhid olmuşdur. Toğrul həmin döyüşlərdə ayağından və çiynindən yaralanaraq şəhidliyin bircə addımlığından qayıdıb. Demək ki, onun qismətinə ilk zəfər tariximiz olan Aprel döyüşlərinin iştirakçısı olmaq da yazılıbmış. Neçə-neçə qəhrəmanlıq salnaməsi yazılan Aprel döyüşləri zamanı Toğrul da illərlə arzusunda olduğu Vətənin azadlığına töhfə verib. Həmin döyüşdə dost adlı uçmaz qalası yerləyeksan olub. Ağır yaralanan ən yaxın dostu Nəcməddin Savalanov ölümlə çarpışan zaman Toğrul Məmmədov onun həyata bağlanacağına ümid edib, ancaq o ümid puç olub. 
    Əzizini itirmək acısı Toğrula çox tanış idi. O, tabutun necə ağır bir yük olduğunu yaxşı bilirdi. Həyatının ən gözəl çağında, 18 yaşı olan zaman ana tabutu daşıyan bu gənc cəmi dörd il sonra ata tabutu daşımışdı. Əslində, o tabutda bütün gənclik arzuları cəm olan Toğrul həmin gündən sonra həyat yükünü çiyinlərinə yığmışdı. Bütün bu sınaqlar yetməzmiş kimi bir də dost tabutu daşıyan Toğrul o gün göz yaşları ilə torpağın köksünə dağ çəkmişdi. O an Toğrulun qəlbində ucalan fəryad düşmənə olan intiqamını daha da alovlandırmışdı. Həmin gündən sonra gözləri dost axtaran qəhrəmanın ürəyi qisas üçün döyünürdü. Sosial şəbəkədə Nəcməddin haqqında paylaşım edib “Qardaşım, sən mənim canımı apardın” yazan Toğrul, əslində, o cümlə ilə ruhunu dost məzarında əsir etdiyini dilə gətirmişdi. Ta ki düşməndən qisas alacağı günədək ruhu o məzarda əsir qalacaqdı.
    2016-cı il iyul ayının 14-də Toğrul Bakıya çağırılmış və kapitan hərbi rütbəsinə layiq görüldüyü xəbərini almışdı. Lakin o rütbəni daşımaq qəhrəmana qismət olmadı. Ağdama dönən Toğrul bilmədi ki, o gün şəhidlik məqamına çatacağı gündür. Elə həmin gün Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən yenidən atəşkəsi pozaraq təxribata əl atdı. Toğrul Məmmədov yerindəcə düşmənin layiqli cavabını verməyə nail olaraq həmin vaxt snayper atəşinə tuş gələn Toğrulun ömür və döyüş yolu tamamlandı. 
    “Toğrul şəhid olub”... Təsəvvür edirsiniz bir bacı, bir qardaş üçün tək dayaqlarını, ata-ana yerinə sığındıqları böyük qardaşlarını itirməkləri nə deməkdir? Şəbnəm və Üzeyir o xəbərlə yaralı ürəklərindən təkrar yaralanmışlar. Axı bu yük çox ağır idi. Onlar Toğrul kimi güclü deyil, ancaq möhkəm olmağa məcburdular. Necə ki Toğrul bacı və qardaşı üçün ayaqda qalmağı bacarmışdı, Şəbnəm və Üzeyir də Toğrulu şəhid adına layiq qarşılamaq üçün güclü olmalı idilər. Bütün Azərbaycana oğul, qardaş olan şəhid Toğrul Məmmədov 15 iyulda qürurla Naxçıvana gətirildi. Böyük izdihamla son mənzilə yola salınan Toğrul Məmmədov Babək rayon Şıxmahmud kənd məzarlığında ata və anasının məzarları yanında torpağa tapşırıldı. Xalqın qüruru olan şəhid ata-anasının əbədi dünyasına da qürurla getdi. İllər öncə dost itkisi yaşayan Toğrulun əbədi gedişi onu sevənlərin ən böyük acısı olmuşdu. Onun dostlarından biri kapitan Daşqın Qədimov üçün Toğrulun şəhid olmağı qəbul edə bilməyəcəyi qədər ağır bir itki olmuşdu. Dostunun intiqamını alacağına söz verən Daşqın Vətən müharibəsində nəinki Toğrulun, bütün şəhidlərimizin intiqamını almışdı. Qəfil ölüm Daşqını da bu dünyadan əbədi ayırmışdı. Beləcə, cənnət əbədi dostluqların əbədi ünvanına çevrilmişdi. Adının haqqını verən Toğrul elə hərbi xidmət zamanı da qoçaqlığı, zirəkliyi ilə seçilib. Şahin kimi düşmənin üzərinə şığıyan qəhrəman hərbi xidməti zamanı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif olunub. Kapitan Toğrul Səyyad oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Toğrulun şəhid olduğu tarixdən illər ötsə də, nə özü, nə də sözü unudulmur. Son nəfəsində “Əsgərləri çıxarın”, – deyən qəhrəman fədakar olmağın ucalığını hər kəsə bəyan edib. Getdiyi yolu örnək götürən hərbçilər də hər an fəda ola biləcəklərini əməlləri ilə sübut etdilər və edirlər də... Toğrul şəhid olduqdan sonra neçə-neçə Toğrullar doğulub. Onlardan sonuncusu Məmmədovlar ailəsinin son nümayəndəsidir. Üzeyir Məmmədov şəhid qardaşının adını öz övladına əmanət edib. Şəhid adını daşıyan körpə atasının ümididir. O evdə yenidən Toğrul böyüyür. 
    Elə Vətən üçün gəldin dünyaya, 
    Sevginin ünvanı oldu bu Vətən.
    Vətən səngərində ötən illərin,
    Hər anı min ilə sanki oldu tən.
    Həyatda çəkdiyin bütün həsrətin,
    Məlhəmi bilirdin sən azadlığı.
    Qəlbində intiqam əkib-biçirdin,
    Tapdaqda gördükcə sən Qarabağı.
    Gözündə yox idi qorxudan əsər,
    Kükrəsən düşmənin ruhu əsirdi.
    Vətənə azadlıq bəxş etməkçün,
    Vətən qəhrəmanı, sən tələsirdin.
    Avqust döyüşləri getdiyi zaman,
    Sən döndün şəhidlər şahidi kimi.
    On üç qəhrəmanın şəhid olmağı,
    Həmin vaxt yandırdı Toğrul, qəlbini.
    “Bir qarış torpaqdan keçmərəm!” – deyib, 
    Aprel döyüşündə önə atıldın. 
    Qalib bir ordunun qəhrəmanı tək,
    Həmin döyüşlərdə sən zəfər çaldın.
    Ancaq qismətində şəhidlik vardı,
    Torpağın köksünə damladı qanın.
    Sinəni atəşə sipər elədin,
    Toğrul, xilaskarı oldun Ağdamın.  

Manya SƏXAVƏTQIZI
 

Nəşr edilib : 25.07.2022 20:31